XƏBƏRLƏR

31.03.2019 12:45
Cümhuriyyətin Milli Matəm elan etdiyi Mart soyqırımının ildönümü ağrısı: “Həmin gün məscidlərdə…”-FOTOLAR

Bu gün Azərbaycanlıların Soyqırımı günüdür.

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür.

AzEdu.az bu mövzu ilə bağlı tarixi faktlara söykənən yazını təqdim edir. Yazıda  Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Cümhuriyyət hökumətinin 31 Mart soyqırımının ildönümü ilə bağlı matəm qeydlərini  təqdim edəcəyik.

 Məhəmmədəmin Rəsulzadənin redaktorluğu ilə Münhen şəhərində nəşr olunan "İstiqlal" qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı demək olar, bütünlüklə 1918-ci ilin martındakı Bakı qırğınlarının 15 illiyinə həsr edilib. Azərbaycan Cümhuriyyəti Hökuməti həm 1919-cu, həm də 1920-ci il martın 31-ni Milli Matəm günü kimi qeyd edib.

Xüsusən də, 1919-cu ildə - yəni hadisələrin birinci ildönümü tamam olanda istər parlament, istər hökumət, istərsə də ADR mətbuatı vasitəsi ilə faciənin ildönümü, milli matəm acı ilə xatırlanıb.

 Cümhuriyyət parlamentinin rəsmi qəzeti olan “Azərbaycan”ın 1919-cu il 31 mart sayında baş redaktor əvəzi Xəlil İbrahim matəmin ildönümü ilə bağlı yazırdı:  (müəllifin dəsti-xətti, yazı üslubu qorunub)

 “Bu gün 18-31 mart hadiseyi-ələmkiyyəsi sənəyi-dövriyyəsi münasibəti ilə Azərbaycan türk-islamları milli matəm elan ediyorlar. Bu gün bütün hökumət və cəmaət idarələri, məktəblər, qəzetlər, bazar, dükan, emalatxana və sayir müəssisələr tətil ediyorlar, şəhərdə həyat dayandırılıyor. Zira: Bu gün gözəl ideya, böyük şüar altında qara fikir yürütən bir taqım alçaq qara güruhun əlində məqtul düşənlərin illiyidir. Bu matəmdə azərbaycanlılar məscidlərə yığılaraq günahsız ölənləri, irz və namusuna toxunulan məzlumları, canilər əlində tələf olmuş məsum cocuqları yad edəcək, Quran oxuyacaq, məlumlara rəhmət, zalimlərə lənətxan olacaqlardır. Təzə Pir məscidində - həmən keçən il bu günlərdə düşmən mərmiləri dəydikcə, yaralanan pəhləvan kibi nərə çəkərək güya zəban halilə “Ey türk milləti! Namusun qəbul etməsin; Allah, götürmə bu zülmü!” deyə fəryad edən bu böyük məscidin həyətində cəm kəsirin iştirakilə ictima tərtib verəcəklərdir. Fəqət Azərbaycan türkləri bu matəmdə yadlarından çıxarmamalıdırlar ki, keçən il ibtida Bakıda və Şirvanda, daha sonra Qubada və sair yerlərdə bizim başımıza gələn müsibətlərin təsirlərinin çoxu özümüzdədir. Həm də o mənayəni cəmaətimizin bir qismi məsqə geymiş canilərə inanaraq onlarla sosyalist kibi rəftarda bulunmaqla özlərini aldatmış oldı: nə o mənayə ki, cəmaətimizin bir qismi məhzi firqəbazlıq xatirinə özünü üzə çıxarmaq və şərəfi-müqabili nəzərdən salmaq niyyətilə xalqı yoldan çıxardı. Heç bir fıtnə və fəsaddan çəkinmədi. Doğrudur, həyatımızda bu mövsuf amillər böyük rollar oynadılar, doğrudur on minlərcə günahsız olan vətən övladı bu hərəkətlərin qurbanı oldu! Lakin bir şeyi xatırda tutmalıdır. Bizim zəifliyimiz və düşmənin güclülüyü, bizim aramızda firqənin təfriqə kibi təəlliyisi, dillərdə əzbər olan ittihadsızlığımız və sayirə həp iki şeydən nəşət etmişdir: İdrak və etirafi-milliyyə yoxluğu və sadəlövh, saf durunluğumız.

Həyat bir məktəb və tarix bir ayineyi-ibrətdir yaşayışın. Acı həqiqətlərinə açıq gözlə baxalım da. İşləmiş olduğumuz xətaları islah edəlim, əks surətdə belə faciələr həyatimizdə təkrar-təkrar oyana bilər. Keçən il haman bu günkü gün müsəlman türk firqələri, cəmaəti sakit etmək məqsədilə buraxmış olduqları bir intibahnamədə. “erməni qonşularımız dəxi bu məsələdə bizimlə bərabərdirlər” yazmışdılar. Halbuki dörd saat sonra başlanmış dəvayi-milli qitalə döndərən yenə həman “bizimlə bərabər olan qonşularımız” oldular. Yalnız o gün deyil həmişə bu surətlə aldanmışız. Bu da hər şeydən ziyadə siyasi xanlığımızdandır. Siyasətdə millətə dövlət və firqə mənafei hər şeydən yuca tutulduğundan şübhəsizdir ki, hər dövlət, hər millət və hər firqə ancaq mənafei üzürə bir və bərabər olanlara inana bilərlər. Digər tərəfdən yenə haman keçən il mart hadiseyi-ələmiyyəsindən bir az qabaq, faciənin oynayacağını qabaqcadan görmüş olanların “Açıq söz” qəzetəsində yazmış olduqları “Birlik gərək”, “Birlik tələb olunur” və sayir bu kibi bir çox məqalələrinin qalması həp cəmaətimizin milli mənafei dərk etmiş olmasındadır. Ona görə ki, cənnət ana vətəninin xərabəzarə döndərilməsi səneyi dövriyyəsini matəm saxlayan Azərbaycan türkləri: əski Roma imperiyası Leqiyonlarının ayaqları altında əzilmiş millətini və dağılmış vətənini görən Hannibalın müqəddəs atəşgədə və qoca atası hüzurunda etdiyi kibi, bu gün, düşmən qomparasilə minarəsi dağılmış müqəddəs Təzəpir məscidi qabağında əllərini döşlərinə qoyaraq başlarını aşağı dikərək qism yad etməlidirlər ki, gözəl Azərbaycan və nəcib türk millətini hər cəhətdən sahili-nicat və səadətə çıxaranadək başlarını yuxarı qaldırmayacaq və Azərbaycan istiqlalına, türk azadlığı, millət səadəti yolunda son qətrə qanına və son nəfəsinədək heç bir fədakarlıqdan geri durmayacaqlardır”!

 

 

İlin gənc müəllimi-Müraciət formu