Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 10:17:00
DİQQƏT: Abituriyentlər imtahana iki gün qalmış istirahət etməlidirlər  

İmtahan həyəcanı abituriyentlərin və tələbələrin ortaq problemidir. Olduqca stressli vəziyyət insanların fərdi xüsusiyyətinə görə dəyişir. Həyəcan çoxaldıqca stressin səviyyəsi yüksəlir. Bu da orqanizmə və insan psixologiyasına təsirsiz ötüşmür.

AzEdu.az imtahan həyəcanından xilas olmağın yollar barədə psixoloq Aida Nəbiyevanın açıqlamasını təqdim edir. 

Həkim bildirib ki, abituriyentlərdə yaş etibarilə vəziyyət daha da həssasdır: "İmtahandan əvvəl həyəcan səviyyəsi çoxalır. Ona görə də imtahan stresi yüksək olur. İmtahan stresi faktorunun yüksəlməyinin səbəblərdən biri də uşaqların imtahan anlayışı ilə ilk dəfə tanış olmalarıdır. Təssüf ki, pedoqoji baxımdan yalnışlıq məhz bu olur”.

A.Nəbiyevanın sözlərinə görə, imtahan bəzi tələbələr üçün "uşaq oyuncağı” olsa da, bəziləri üçün böyük problemə çevrilir: "Uşaqlara imtahan həyəcanını çox güclü şəkildə çatdırırıq. Bu da onların çiyinlərinə yüklənir. Bu da təbii ki, onların zərif çiyinləri üçün çox  ağır bir yük olur. Valideynlər düşünür ki, nə qədər məsuliyyəti artırsam, bir o qədər yaxşı olar. Amma bir şeyi unutmamaq lazımdır ki, əgər valideyn övladında imtahana qarşı nə qədər adi, normal hisslər yaratsa, o, maksimum öz bacarığını göstərər. İmtahan zamanı təbii ki, stress səviyyəsi yüksəldikcə bilik səviyyəsi aşağı düşür, gərginlik artır. Bu da təbii ki, imtahan nəticələrinə təsir edir”.

Psixoloqun fikrincə, uğur qazanmaq insanların ən təbii istədiyidir, lakin bəzən insan "bacarmaram” qorxusuna məğlub olur: "Araşdırmalar onu göstərir ki, həddindən çox həyəcan hətta ürək ritminin pozulması və ölüm kimi daha ağır fəsadlarla nəticələnə bilər”.

Qeyd edək ki, qarşıdan abituriyentlərin həyatının ən önəmli günlərindən olan qəbul imtahanlarının ikinci mərhələsi gəlir. İmtahanqabağı stres, qayğılar, depressiya, yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdəndir. Bu hallar abituriyentlərin imtahanda göstərdikləri nəticələrə mənfi təsirsiz ötüşmür.

Aparılmış statistik hesablamalara görə, imtahan zamanı abituriyentlərin 96 faizi stres altında olur, bu da imtahanda istənilən uğurun əldə edilə bilməməsinə səbəb yaradır. Bütün bu problemlərdən maksimum yayınmaq üçün psixoloqlar məsləhət görürlər ki, abituriyentlər imtahana iki gün qalmış istirahət etməlidirlər. "Qəbula hazırlaşan şagird onsuz da ilboyu çalışır, müəllim yanına gedir. Beyin həddən artıq yüklənir. Belə halda beyni sakitləşdirmək, həyəcanı aradan qaldırmaq çox çətindir. İmtahanda həyəcanlı, yaxud sakit olmaq hər bir insanın daxili keyfiyyətlərindən də asılıdır. İmtahan həyəcanını minimuma endirmək üçün abituriyent imtahanqabağı maksimum istirahət etməlidir. İmtahan barədə ümumiyyətlə düşünməsin, gəzintiyə çıxsın. Valideynlər uşaqlarına qarşı daha həssas olmalıdırlar. Valideyn gərək uşağı qorxutmasın. Əksinə, uşağa aşılamaq lazımdır ki, o, müvəffəq olacaq. Müvəffəq olmasa da, burada faciəvi heç nə yoxdur.
Abituriyentin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır. Nəzarətçi-müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdırlar ki, abituriyent də biliyini mərkəzləşdirə bilsin".

Unutmayın ki, imtahanda uğursuz olmaq həyatda uğursuzluğa düçar olmaq demək deyil.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.