Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 09:45:00
Rezidentlərin nəzərinə: Attestasiyada iştirak edə bilməsəniz...

Rezidenturanı başa vuran həkim-mütəxəssislər yekun attestasiyadan keçməli olurlar. Yekun attestasiyanı Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilən Attestasiya Komissiyası həyata keçirir. Müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə isə müvafiq ixtisas üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi və diplom verilir.

AzEdu.az bildirir ki, rezidentlərin yekun attestasiyası test və praktiki olmaqla iki mərhələdə həyata keçirilir.

I mərhələdə rezident 3 saat ərzində 50 test sualını cavab verməlidir. İmtahan komputer vasitəsilə aparılır. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Bu imtahanda 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə isə rezident 5 müxtəlif klinik halı araşdırmalıdır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərinin planlaşdırılması, xəstələrin reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin gedişinin proqnozlaşdırılması və s. aiddir. 

Klinik halların hər biri ali tibb təhsili müəssisəsində təyin edilən meyarlara əsasən, 10 ballıq şkala qiymətləndirilir. 30 və daha çox bal toplayan rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Sual olunur:

Analıq məzuniyyətində olduğuna görə, attestasiyada iştirak edə bilməyən rezident nə etməlidir?

Cavab:

Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən,  yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyada iştirak etməlidirlər. Bu qayda analıq məzuniyyətində olduğuna görə attestasiyada iştirak edə bilməyən həkim-mütəxəssislərə də şamil edilir.

Qeyd edək ki, rezidentlər attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları