Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-28 11:15:00
Misirdə təhsil alan azərbaycanlı tələbələr təltif olundular

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin gənc fəalları 36 ölkədən nümayəndələrin iştirak etdiyi 12-ci beynəlxalq festivalda iştirak ediblər.

AzEdu.az  xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyinin və Diaspor Təşkilatları Birliyinin dəstəyi ilə bu ölkədə təhsil alan tələbələr Misirin “6 oktyabr” universitetində keçirilən beynəlxalq festivalda Azərbaycanı yüksək səviyyədə təmsil ediblər.

Festivalda gənclər tərəfindən vətənimizin qədmi tarıxı, zəngin mədəniyyəti və adət-ənənələri, milli geyimləri və şirniyyatları təbliğ olunub. Həmçinin Qarabağ həqiqətləri barədə məlumatlar verilib, Ermənistanın işğalçı ölkə olduğunu sübut edən çoxlu sayda kitablar və materiallar iştirakçılara paylanılıb.

Tədbirin təşəbbüskarı Eldar Şərifov festivalda Azərbaycan pavilyonunu on minlərlə insanın ziyarət etdiyini bildirib. Qeyd edib ki, ziyarətçilər tərəfindən milli geyimlərimiz və ləziz şirniyyatımız çox böyük marağa səbəb olub və milli geyimdə olan tələbələrimizlə beş mindən çox qonaq şəkil çəkdirib. Ən maraqlı məqamlardan biri də festivalın böyük səhnəsində tələbələrin Azərbaycan dilində mahnı ifa etməsi olub.

Tələbələrin fəallığı Misirin kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb. Onlar 2 yerli televiziya kanalına və 10 qəzet və xəbər saytlarına müsahibələr veriblər.

Tədbirin sonunda diaspor tərəfindən gənclərimizə fəxri diplomlar təqdim olunub.

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə Azərbaycanı təbliğ etmək məqsədilə mütəmadi olaraq tədbirlər keçirildiyini qeyd edərək, bunun nəticəsində Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayının gündən-günə artdığını diqqətə çatdırıb.