Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-28 09:00:00
Hansı rezidentlərə dövlət tərəfindən təyinat verilir? – Şərtlər və imkanlar

 

Ali baza tibb təhsilinə sahib şəxslər mütəxəssis kimi yetişmək və ixtisas sahibi olmaq üçün rezidentura təhsili alırlar.

Rezidenturaya qəbul olunmaq istəyənlərin qeydiyyat müddəti artıq başa çatıb. Qəbulun I mərhələsi aprelin 7-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək. Bakalavrlar I mərhələdə baza fənləri, II mərhələdə isə kliniki fənlərdən imtahan verirlər.

Rezidenturaya qəbul imtahanı verən əksər bakalavrları isə məzun olduqdan sonrakı təyinat məsələsi maraqlandırır.

Bildiyimiz kimi, 2018-2019-cu tədris ilindən etibarən rezidenturaya qəbul həm dövlət sifarişli, həm də ödənişli əsaslarla aparılır.

AzEdu.az xəbər verir ki, rezidenturanı dövlәt sifarişi әsasında oxumuş həkim-mütəxəssislərin işlə təminatı təyinat vasitəsilə həyata keçirilir.

Rezidenturaya 2014-cü ilә qədər qəbul olmuş hәkim-mütəxəssislәr üçün təyinatda iştirak mütləq deyil. Rezidentura təhsilini müvəffəqiyyətlə başa vuran həkim-mütəxəssislərin təyinat tarixləri barədə məlumatlandırılması üçün yekun attestasiyadan bir qədər sonra Səhiyyə Nazirliyinin rəsmi saytında elan yerləşdirilir.

Təyinat zamanı həmin həkim-mütəxəssislərə iş yerləri təklif olunur. Amma onlar təklif olunan müəssisədə işləmək istəmədikdə həmin vakant yerdən imtina edə bilərlər. Təyinatda iştirak etmək istəməyənlər ümumi qaydada təşkil edilən həkimlərin mərkəzlәşdirilmiş qaydada işə qəbulu imtahanında iştirak edə bilərlər. İşə qəbulla bağlı elanlar uyğun vaxtlarda nazirliyin rәsmi saytında yerləşdirilir.

2014-cü il və ondan sonra rezidenturaya qəbul olunmuşların işlə təminatı isə üçillik mütləq təyinat vasitəsilə baş tutur. Dövlәt sifarişi әsasında rezidentura tәhsili almış şəxslər rezidenturanı bitirdikdәn sonra әmәk fәaliyyәtlәrini 3 il dövlət sәhiyyә müəssisәlәrində davam etdirmәlidirlәr.

Qeyd edək ki, yerlərdə kadra ehtiyacı nəzərə alaraq 2018-2019-cu tədris ilindən etibarən bəzi ixtisaslar üzrə regionlara mütləq təyinat aparılır. İxtisasların qarşısında bu qeyd olunur. Rezident ixtisas seçimi edərkən buna diqqət etməlidir. Həmin ərazi üzrə ixtisası seçən rezident məzun olduqdan sonra həmin bölgənin dövlət tibb  müəssisəsində xidmət etməlidir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları