Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-27 15:30:00
Direktor: “Məktəbin hər işində valideynlərlə birgə qollarımızı çırmamışıq” - BŞTİ ilə ortaq layihə

“Ovaxtlar Türkiyədə gördüyüm məktəbləri elə qısqanırdım ki... Ayrı-ayrı fiziki şəxslər məktəblər tikir, təqaüd ayırır, təhsil müəssisəsinin ehtiyaclarını qarşılayırdılar. Təsəvvür edin, orada şagirdə məktəb dəhlizinin rəngini seçmək azadlığı verirdilər”.

AzEdu.az-laBakı Şəhəri üzrə Təhsil İdarəsinin ortaq layihəsi–məktəb direktorları ilə silsilə müsahibələr davam edir.

Bu dəfə isə Bakı şəhəri 238 nömrəli məktəbin direktoru İlqar Talıbov onillik idarəçilik təcrübəsini bizimlə bölüşəcək.

“Yaxşı yadımdadır, fevral soyuqları idi. Hamı yarı-qaranlıq akt zalında üst geyimdə əyləşmişdi. İstifadəsiz qalmış invertarlar zalda pərakəndə şəkildə üst-üstə qalaqlanmışdı. İnsanların baxışları diqqətimi çəkməyə bilməzdi. Onların gözləntiləri böyük idi. Hiss etdim ki, çox problemli yerə gəlmişəm. Düşündüm ki, məktəbi bir gəmiyə bənzətsək, mən onun kapitanı təyin olunuram. Bu gəmini sağ – salim mənzil başına çatdırmalıyam”.

İlqar müəllim qarşılaşacağı problemləri hələ bu zalda olarkən hiss edir. Deyir ki, problemlər onu heç vaxt qorxutmayıb. Bir zamanlar “Zəngi liseyi”ndə direktor müavini kimi çalışdığına görə, bu məktəbə rəhbər təyin edilərkən müəyyən  qədər idarəçilik təcrübəsinə malik olub:

-İlk işim insanları narahat edən məsələləri tapıb araşdırmaq, bu “gəmi” üçün bir yol xəritəsi cızmaq idi. Düşündüm ki, bunun üçün öncə vahid komanda formalaşdırmaq lazımdır. İlk işim də elə bu oldu. Qısa müddətdə hərəkət və davranışlarında üstünlük, fərq sezdiyim insanları cəmlədim. Bu komandada hər kəs məsuliyyətin vacibliyini dərk etməli idi. Komandada açıq fikirli insanların olmasına diqqət etdim.“Burada mənəm, Bağdadda kor xəlifə” iddiası ilə yanaşa bilməzdim. Komanda sağlam əqidəyə sahib, yeniliyə açıq insanlardan qurulmalı, hər kəs bir-biri ilə tərəf müqabili olmalı idi.

Qarşılaşdığı problemin həll yolunu tapa biləcək durumda olmayan komanda üzvlərimiz də oldu. Amma onlarla yolumuz çox da uzun çəkmədi. Bu komandanı qurarkən,2 vəzifəni daşımalı oldum: rəsmi direktor və lider. Özüm lider ola-ola komanda üzvlərimin də ayrı-ayrılıqda lider kimi yetişməsinə çalışdım.Komanda idarə etmək kimi çətin missiya yoxdur. Xoşbəxt insanlardanam ki, liderlik məndə  alındı.

-İlqar müəllim, müəllimlərlə bərabər, şagird və valideynlər də bu komandanın üzvüdürlər. Hansı üzvlərlə işləmək daha çətindir?

-İstənilən üzvlə işdə ən incə məqam tədris prosesinin təşkilidir. Buna həmişə diqqət etmişəm. O vaxt məktəbdə 151 müəllim çalışırdı. Onların 151-nin də dərsini şəxsən dinləmişəm. Yalnız dinləməklə kifayətlənməyib, dərsləri təhlil etmiş, müəllimlərə tövsiyə vermişəm. Bu, tədris prosesini qurmaqda, müəllimlərin özgüvənini formalaşdırmaqda əsas amil oldu.

Müəllimlərimizin pedaqoji mətbuata çıxışları, müsabiqələrdə iştirakı çoxaldı.3 il ərzində məktəbdə İKT imkanlarından istifadə etməyən müəllim qalmadı. Dərslərini müasir metodlarla qura, yaxşı açıq dərslər hazırlaya bildilər. Bunun sayəsində 2016-cı ilə qədər bu məktəb 6 dəfə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi oldu. Bir üzvümüz Əməkdar müəllim adı, biri Tərəqqi medalı aldı.

Bura yeni gələndə məktəbin texniki təchizatı bərbad vəziyyətdə idi. Bütün müəllimləri səfərbər etdim. Öz fiziki və maddi imkanlarımız hesabına bu məktəbi yeni cildə saldıq. Bəzi otaqlar elə təhlükəli idi ki, oradadərs keçmək məsuliyyət tələb edirdi. Biz məktəbə yeni ruh gətirdik. Valideyn qolunu çırmalayıb rəng də, suvaq da vurur, divar da sökürdü. Yəni bütün işləri özümüz etdik, kənardan fəhlə gətirmədik. Bununla ən böyük uğurumuzu- valideynlərin etimadını qazandıq.

“Kurikulumu müəllimə həzm etdirmək lazım idi”

-151 müəllimin dərsini dinlədiniz. Nələr müşahidə etdiniz? Onların dərsə yaradıcı yanaşmaları, öz üzərilərində işləmələri sizi nə dərəcədə qane etdi?

-Dinlədiyim əksər dərslərdə tədris prosesindəki ardıcıllıq məsələlərinə riayət edilməməsinin şahidi oldum. Bir sıra müəllimdə elmi səhvlər aşkarlandı. Bəzilərində dərsin metodiki cəhətdən qurulmasında problem vardı. Həmin illər fənn kurikulumlarının tətbiqi yeni başlanmışdı. Mən də kurikulum kurslarını bitirdiyimə görə, bunda maraqlıyam. Ovaxtlar bu, bir çox müəllimlər üçün yenilik idi. Çalışdım ki, kurikulumdakı metodiki tələblərini fənn kurikulumları tətbiq olunmayan siniflərdə də edək. Onlar da bunun fəal və ənənəvi dərsin fərqini görsünlər.

Ovaxtlar 3-5 nəfər istisna olmaqla, müəllimlərin İKT bacarıqları yox idi. Bu halda fəal dərsin təşkili də absurddur. Sonradan İKT məktəbin prioritet məsələləri oldu. Fənn kurikulumlarının özəlliyi hər sinfin onunda gələcəyimiz nəticə, məqsəddədir. Kurikulum məqsədə nail olmaq üçün hansı addımları atmağımızıgöstərir. Sadəcə,kurikulumumüəllimə həzm etdirmək lazım idi. Müəllim kurikulumdan qorxmalı, çəkinməli deyildi.

“Öyrətmədiyimiz şeyi müəllimdən necə tələb edə bilərik?”

-Kurikulumla bağlı çox yaxşı vurğuladınız. Çox müəllimlər kurikulumun yalnız partanı birləşdirməkdən ibarət olduğunu düşünürlər. Sizcə müəllimlər kurikulumdan nə dərəcədə yararlana bilir? Onun tətbiqində hansı yanlışlara yol verirlər?

-Bu, düzgün yanaşma deyil. Kurikulumu parta birləşdirməkdə görənlər yəqin ki, onun  iş formalarını nəzərdə tuturlar. Müəllim partanı birləşdirmədən də, açıq havada da, muzeylərdədə dərs keçə bilər. Kurikulum müəllimə istiqamət verir. Bugünəcən müəllim lövhənin qarşısında monoloq deyir, sonra şagirdin biliyini qiymətləndirirdi. Bu gün isə müəllim tək tərəf deyil. Şagird müəllimin tərəf müqabilidir. Müəllim ona yalnız istiqamət verə bilər. Biliyin hamısını şagirdin beyninə dolduran müəllim ona elm öyrətmiş sayılmır. Usta müəllim tədris metodlarını sinfin xüsusiyyətlərini nəzərə almaqla tətbiq etməlidir. Bunun üçün müəllim ilk növbədə o sənədi bilməlidir. Müəllimlər bəzən tənbəllik edirlər. Kurikulum sənədlərini oxumur, araşdırmırlar.

Məsələn, bu gün yeni qiymətləndirmə qaydaları aktualdır. Bu qaydaları müəllimə izah edəndə görürəm ki, onlar elementar qiymətləndirmə vasitəsinin hazırlanmasını belə başa düşmürlər. Çünki bunun taksonomiyasını  bilmirlər. Müəllim bilmir ki, qiymətləndirməhansı pillədən başlayıb hansında tamamlanmalıdır. Bilmək, anlamaq, tətbiq etmək,  sintez, sonra analiz gəlir. Müəllim hansı mərhələdə ondan nə tələb olunduğunu bilməlidir. Hazırda qiymətləndirmə 4 çətinlik səviyyəsinə görə həyata keçirilir. Müəllim hər səviyyədə nələrin tələb olunduğunu bilməlidir. Bəzi müəllimlər hələ də bunu bilmirlər. Bəlkə də onlara düzgün izah olunmayıb.

Hazırda dövlət ehtiyacı olan müəllimlər üçün təlimlər təşkil edir. Amma bu, yetərli deyil. Çünki bütün müəllimləri təmin etmək mümkünsüzdür. Amma məktəb rəhbəri təbliğat-təşviqat vasitəsilə bunu anlada bilər. Direktor özü bu barədə məlumatlı olmalıdır ki, müəllimlərə də düzgün izah etsin. Öyrətmədiyimiz şeyi müəllimdən necə tələb edə bilərik?

“Yeni qiymətləndirmədə işlərinin artdığını görən müəllimlər təlatümə düşüb narahat oldular”

-Yeni qiymətləndirməqaydalarından sonra sosial şəbəkələrdə müəllimlərin çaşqınlığı aşkar sezilirdi. Onlar dasizin kimi direktorların məlumatsızlığındangileyləndilər. Sizcə, bizim direktorlar bu məsələdə kifayət qədər məlumatlıdırlarmı?

-Mən belə qərarın olacağını eşitmişdim. Gözləmədim ki, o qərar gəlib mənə çatsın. Özüm çalışdım, araşdırdım və qərarı əldə etdim. Qərar mətbuata rəsmi yayılanda artıq mən onu araşdırıb təhlil etmişdim. Çünki bilirəm ki, qiymətləndirmə məktəbin ən yaralı yerlərindən biridir. O sənədin dalınca elə özüm getdim. Bu, çox gözəl addımdır. Sadəcə, onu müəllimlərə elə çatdırmalıyıq ki, çaşqınlıq yaranmasın. Müəllimlər sosial şəbəkələrdə xüsusi fəallıq göstərdilər. “Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın” prinsipi ilə işləyən müəllimlər var idi. Onlar heç indiyəcən keçirdikləri qiymətləndirmənin də məsuliyyətini dərk etmir, hər şeyi hazır şəkildə istəyirdilər. İndi onlara qoyulan tələb bir az da artdı. İşlərinin artdığını görəndə isə təlatümə düşüb narahat oldular. Amma bu, çox yaxşı sənəddir. Qiymətləndirmə üçün mükəmməldir. Fikrimcə, hazırda 100 ballıq sistemin klassik 5 ballıq sistemə uyğunluğu da müvəqqətidir. Yeni qaydaları valideynlər anlayana, cəmiyyət həzm edənə qədər bu qiymətlərdən istifadə edəcəyik. 100 ballıq sistemin mahiyyətini başa düşmək lazımdır. Balları bilməyən müəllim yanlış edəcək və valideynin haqlı narazılığına səbəb olacaq.  Bu isə qiymətləndirməyə inamı azaldacaq. O qərarı düzgün icra etməliyik ki, sabah cəmiyyətin heç bir təbəqəsindən ona qarşı etinasızlıq görməyək. Bu işin əsas məsuliyyəti isə direktor və müavinlərin üzərinə düşür. Onu müəllimlərə düzgün çatdırmaq lazımdır.

-İlqar müəllim, bir qədər də komanda üzvlərinizlə münasibətləriniz barədə danışardınız..

-Həmişə Pedaqoji Şurada bir ifadə işlədirəm: “biz bu şagirdlərə görə buradayıq”. Həqiqətən, onlar olmasa, müəllimə nə ehtiyac var? Müəllimi şagirdsiz, şagirdi valideynsiz təsəvvür etmək mümkün deyil. Bütün üzvlər bir-biri ilə əlaqədədir. Valideyn təhsilin sifarişçisidir. Bütün üzvlərlə münasibət bərabər olmasa, tarazlıq pozular. Ən vacibi isə məktəbə etimaddır. Komanda ilə işi elə qurmalıyıq ki, valideynin etibarını qoruyub saxlayaq və o, həmişə bizə inansın. Bəzən, uşağın ailəsində normal ab-hava olmur. Belələrinə daha çox diqqət göstərməyə çalışıram. İstəyirəm ki, evində tapmadığını məktəbdə tapsın. Buna görə də məktəbin məsuliyyəti daha da artır.

Direktor kimi yetərincə məsuliyyət hiss edirəm. Bu gün məni yuxudan oyatsalar, deyəcəm ki, bizim məktəbdə valideynini itirmiş 111 uşaq var. 31 məcburi köçkün ailəsi var.

“Kənar insanların sözü ilə müəllimin üstünə gələn xeyli valideyn var”

-Bəs, Azərbaycan valideyninin psixologiyasında övladına qarşı hansı yanlışları hiss etmisiniz?

1636 şagirdim var. Deməli, 1636 fərqli ailə, eyni qədər də fərqli yanaşma, tərbiyə var. Bu sayı ən azından bir ailənin 3 üzvünə vuraq. Görün təhsildə neçə min insan iştirak etdi. 10 000-ə yaxın adamın bir məktəbdə gözü var. Bu qədər insan bu məktəb üçün narahatdır.

Təəssüf ki, bəzən, valideynlərin haqsız iddiası ilə rastlaşırıq. Valideyn deyir ki, bu müəllim mənim uşağıma “2” verməməlidir. Soruşuram: “sizin pedaqoji təhsiliniz, qiymətləndirmə ilə bağlı məlumatınız var?” Deyir ki, yox. “Bəs, onda haradanbilirsiz ki, bu uşaq düz, yoxsa səhv qiymətləndirilib?” Cavab verir ki, filankəs belə söyləyir. Deyirəm, o filankəsdən soruşun ki, hansı əsasla bu uşağın qiymətini təyin edir? Kənar insanların sözü ilə müəllimin üstünə belə gələn xeyli valideyn var. Nə oldu?! Təhsilin içində olan bu qədər insan səhv oldu, amma sənin qonşun-hansısa göysatan  düz dedi? Bu, doğru deyil.

Hələ bəzilərinin içində xof olur ki, niyə filankəsin uşağı belədir, amma mənim yox. Düşünmürlər ki, uşaqlar fərqlidir. Allah hər birini fərqli yaradıb. Yer üzündə milyardlarla insan var. Amma eyni düşüncə, zehin, yanaşma yoxdur. Uşağı olduğu kimi qəbul etmək, fərdi yanaşmaq lazımdır. Təəssüf ki, əksər ailələrdə bu, düzgün formalaşmayıb.

Bəzən, baxırsan ki, uşağın təbiət elmlərinə marağı var. Ailəsi isə ondan hüquq işçisi olmağı tələb edir. Bu, övladını tanımamaqdan irəli gəlir.

“Məktəbimizin uğurlarına qısqanclıqla yanaşırlar... Bu qədər də ədalətsizlik olmaz axı...”

-Sizcə, müəllimlərin direktora qıcığı, bəzən, onun gördüyü müsbət işi də qəbul etməmələrinin səbəbi nədir? Bu sosial şəbəkələrdə daha çox hiss olunur...

-İş komanda olaraq həyata keçirilir. Adətən, uğur qazandıqda bu, komandanınuğuru sayılır. Amma hər hansı uğursuzluğa düçar olanda deyirlər ki, bu, komanda liderinin-direktorun səhvidir.

Bəzən məktəbimin uğurlarına qısqanclıqla yanaşırlar. Məsələn, məktəbin feysbuk səhifəsini mən idarə edirəm. Hər hansı uğur haqda məlumat paylaşanda qonşu məktəbin valideyni yazır: “bəs bizim məktəb niyə orada yoxdur?” Deyə bilmirəm ki, bunu məndən deyil, öz məktəbinin direktorundan soruş.

Məktəbin bütün istedadlı uşaqları haqda məlumat paylaşıram. Bir şagirdin idman uğurunu paylaşıram. Birirəy yazır: “Bəyəm, bu, məktəbin uğurudur?”Beləsinəbaş qoşsan, gərək elə onun tayı olasan. Amma bu qədər də ədalətsizlik olmaz axı... Həmin uşağın uğuruna sevinmək elə onun üçün bir stimuldur. Bunu sadəcə bir qısqanclıq kimi dəyərləndirirəm. Bizdə qüsur axtaranlar onu öz övladlarının oxuduğu məktəbdə axtarsalar, daha yaxşı olar.

-İlqar müəllim, təbii ki, ortada iş varsa, bu kimi hallar qəbulolunandır. Amma biz direktorlar üçün çalışmanın yaş həddindən də danışmaq istərdik. Bilirsiniz ki, minimum 5 il pedaqoji fəaliyyətə sahib şəxslər direktor ola bilərlər. Bu, xeyli gənc kadrı məktəb rəhbəri etdi. Buna münasibətiniz necədir? Ümumiyyətlə, çalışmanın yaş həddi ilə bağlı nə fikirdəsiniz?

-Gənclərin direktor təyin edilməsinin tərəfdarıyam. Sözsüz ki, gəncin enerjisi, yeniliklərə açıqlığı digərləri ilə müqayisədə daha çoxdur. Gənc son dövrlərin tədris prosesinin məhsuludur. O, bu yenilikləri görüb. Sözsüz ki, olduqları məktəbdə də öz məktəblərdə gördüklərini yaşatmağa çalışacaq.

Kənardan baxan üçün direktorluq elə dəftər-kitabla məşğul olmaq kimi birşeydir. Amma məktəb yeganə təşkilatdır ki, burada hər kəslə fərdi qaydada işləməli, hər şagirdin qayğısına qalmalısan. Bu isə təcrübə istəyir. Yalnız dəftər kitabla direktorluq olmaz. Mənim xoşbəxtliyim onda idi ki, direktor təyin olunanda artıq 17 illik tədris işləri üzrə direktor müavini  təcrübəm vardı. Amma yenə də öz üzərimdə işlədim.

2004-cü ildən bəri Türkiyə təhsil sistemini öyrənirəm.  4 il Ankarada Bilkənd Universitetində məktəb rəhbərliyi və təftişlə bağlı təlimlərdə iştirak etmişəm. Hər yay 1 aylıq məzuniyyəti kənara qoyur, həmin təlimlərdə iştirak edirəm. Müxtəlif beynəlxalq təlimlərə qatılmışam. Amma Türkiyə təlimləri mənim həyata baxışımı dəyişdi.

“Türkiyədə gördüyüm məktəbləri elə qısqanırdım ki...”

-Maraqlıdır, Türkiyə və Azərbaycan məktəbinin idarəetməsində nə kimi fərqlər gördünüz?

-Bilkənd Universitetinin yaradıcısı İhsan Doğramacı idi. İxtisasca pediatrdır və İraqdandır. Vətənindən hər il Bilkənd Universitetinə100 tələbə və müəllim dəvət edirdi.Hər hansı əcnəbini 1 ay universitetdə saxlamağın xərclərini özünüz düşünün. Bunu  öz hesabına edirdi. Bunu edən təbii ki, xalqına, gələcəyinə hörmət qoyan biridir. Bu, xüsusi yanaşmadır.

Onu görəndən sonra ölkəmizdəki imkanlı adamlara bir qədər tənqidi yanaşdım. Əcnəbilər gəlib Bilkəntin təhsil mühitini görürdülər. Görürdülər ki, burada müəllimlə uşaq arasında heç bir fərq yoxdur. Müəllim uşağa necə dəyər verir. Dərsin keyfiyyətli olması üçün nə qədər əziyyət çəkir. Ankara və İstanbulun başqa məktəblərində də oldum. Oradakı mühiti görürdüm. Orada adi texnologiya kabinetinə daxil olanda sanki muzeyə girirdin. Mən hələ 2005-cu ildən danışıram. Son illər bunları öz ölkəmizdə də görürük. Bunları ölkəmizə o cür təhsil mühiti görən  insanlar gətiriblər. Onlar bilirlər ki, inkişaf nədədir. Bu gün inkişafın yeganə yolu təhsildir. Təhsilə sərmayə qoyulmayan yerdə inkişafdan danışmaq olmaz.

Türkiyədə gördüyüm məktəbləri elə qısqanırdım ki... Ayrı-ayrı fiziki şəxslər məktəblər tikir, təqaüd ayırır, məktəbin ehtiyaclarını qarşılayırlar. Heç direktora al bunu xərclə də demirlər. Özləri gəlib baxırlar, otağın təmirə ehtiyacı varsa, bunu edirlər. Orada şagirdə məktəb dəhlizinin rəngini seçmək azadlığı verilir.

Rektor tələbələrlə bir masada oturub yemək yeyir. İstənilən tələbə və müəllim rahat şəkildə rektorun qəbuluna düşə bilir. Amma bizdə bunun üçün nə qədər instansiya keçməlisən. Yeri gələndə kimlərdənsə xahiş etməlisən ki, rektor səni qəbul etsin. Əslində, komandanın bütün üzvləri rahatlıqla qapını açıb içəri girməli, rektor və ya direktora sözünü deməlidir.

“İstərdim, məktəblərə maliyyə müstəqilliyi verilsin”

-Müəllim, son olaraq, direktorların səlahiyyətinə daha nələrin daxil olmasını istərdiniz?Daha yaxşı idarəçilik üçün hansı səlahiyyətlərə ehtiyac görürsünüz?

-Əslində, hazırki səlahiyyətlər bir məktəb idarəedicisi üçün kifayətdir. Sadəcə onları bilmək lazımdır. Məsələn, son vaxtlar məktəblərə birgə fəaliyyət müqavilələri bağlamaq səlahiyyəti verildi. Bunlar tədrisi pozmamalı, ona maneə törətməməli və məktəbin ümumi mənafeyinə zidd olmamalıdır. Mənsə hələ 2005-ci ildən istəyirdim ki, məktəblərə maliyyə müstəqilliyi verilsin. Vacib deyil ki, o, direktorun əlində olsun. Qoy ictimai əsaslarla yaradılmış Valideyn Şurasının tabeliyində olsun. Yetər ki, maliyyəni şəffaf şəkildə məktəb üçün sərf etsinlər. Artıq məktəblərə bu səlahiyyət verilib.

Amma düşünürəm ki, yetərincə deyil. Rahat şəkildə məktəbin qazana, xərcləyə biləcəyi səlahiyyət olsa, daha yaxşı olar. Məsələn, şagirdim “Sabahım alimləri” müsabiqəsinin III mükafatçısıdır. Mən yalnız bir kağız çap edib verərək onu təbrik edə bildim. Amma əlimdə vəsait olsaydı, ona bir hədiyyə alardım. Onun hazırladığı modellərin materialına kömək edərdim. Belə şagirdlərin maddiyyatını məktəb qarşılamalıdır. Məktəbə bu baxımdan müstəqilliyin verilməsini istərdim. Amma direktora verilən bugünkü səlahiyyətlərlə razıyam. Yetər ki, qanunları çeynəməsinlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları