XƏBƏRLƏR

27.03.2019 12:54
"İsrail universitetlərində şərabçılıqla bağlı  maraqlı təhsil proqramları var” - Səfir müavini ilə MÜSAHİBƏ  

AzEdu.az xaricdə təhsil almaq istəyənlər üçün başlatdığı “Təhsil səfiri” layihəsini  davam etdirir. 

Layihə çərçivəsində xarici ölkələrin  Azərbaycandakı səfirliklərinin  rəsmi nümayəndələri ilə müsahibələr təqdim olunur.

 Budəfəki, müsahibimiz İsrailin Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini (müvəqqəti işlər vəkili) Avital Rosenberqdir.

 Onunla İsrail təhsili haqda aldığımız müsahibəni təqdim edirik:

 - Xanım Rosenberq, əvvəlcə istərdik İsrail təhsil sistemini digər ölkələrdən fərqləndirən başlıca xüsusiyyətlər haqda danışasınız...

 - İsrailin təhsil sistemi çoxşaxəli və innovativdir. Burada hər bir tələbə arasında böyük rəqabət mühiti mövcuddur. Eyni zamanda, universitet, kollec, peşə təhsili məktəblərinin geniş spektri var; hər birinin arzusu budur ki, tələbələri öz təhsil müəssisələrinə cəlb etsinlər.

Universitetlərdə hər il yeni və maraqlı tədris planları olur. Həmçinin  kimya, fəlsəfə, biologiya, siyasi elmlərlə və digər ixtisaslarla bağlı birgə dərəcələr yaradırlar.

İsrail ali təhsil müəssisələrinin istəyi öz tələbələrini mükəmməl səviyyədə yetişdirməkdir. Onların məqsədi isə tələbələrini “Start Up Nation” ekosisteminə işçi qüvvəsi kimi daxil olmasına şərait yaratmaqdır.

 - Məlumatlara görə, İsraildə məktəblər 4 qrupa bölünür. Birincisi əksər uşaqların təhsil aldıqları dövlət məktəbləridir. Digər qruplara daxil olanlar isə dini məktəblərdir və onlar dini təşkilatlar tərəfindən maliyyələşdirilir. Təhsilində ana xətt kimi tolerantlıq ideyalarını götürən İsraildə yerdə qalan 3 qrup hansı problemlərə yol açır?

 - İsraildə müxtəlif icmalardan olan insanlar üçün məktəblər əlçatandır və onlar bu sistemdə özlərini rahat hiss edirlər. Övladlarını bu məktəblərə qoyan valideynlər əmindirlər ki, təhsil sistemi onların uşaqlarına vacib olanları öyrədəcək.

Məktəblər Təhsil Nazirliyi tərəfindən müəyyən edilən milli təlimatlara uyğun fəaliyyət göstərməlidirlər. 

- İsrail əcnəbi tələbələrə, xüsusilə, azərbaycanlılar üçün hansı təqaüd proqramlarını təklif edir? 

-İsrail universitetlərində əcnəbi tələbələr üçün çoxlu sayda təqaüd proqramları mövcuddur. Bunların bəzisi hökumət, bəziləri isə institutlar tərəfindən maliyyələşdirilir.

Səfirlik  hər il ictimai sağlamlıq üzrə beynəlxalq magistratura proqramlarını təklif edir. Həmçinin İsraildə uşaq inkişafı üzrə də təqaüd proqramları mövcuddur. Bu kimi proqramlar əcnəbi tələbələrin İsraildə təhsil almaları üçün geniş imkanlar yaradır. Bundan əlavə İsrail universitetlərində şərabçılıq, fövqəladə hallarla bağlı da maraqlı proqramlar var.

- Azərbaycanla İsrail arasında elm və təhsil sahəsində əməkdaşlıq hansı səviyyədədir? Bu əməkdaşlığın səviyyəsi sizi qane edirmi?

- İki ölkə arasındakı əlaqələr strateji xarakter daşıyır və əməkdaşlığı daha da dərinləşdirməyi düşünürük. İsrail mütəxəssislərinin Azərbaycana gəlməsini, rektorlarla, universitet əməkdaşları ilə görüşməsini yüksək qiymətləndiririk.

Elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq səhiyyədən başlayaraq geologiyaya qədər dəyişir. Hər iki ölkədən olan nümayəndələr Azərbaycan və İsraildə keçirilən konfrans, treninqlərdə iştirak edir, özlərinin akademik dünyagörüşlərini bölüşürlər. Bu, təkcə akademik səviyyədə deyil, həmçinin peşə hazırlığı və məktəbdənkənar fəaliyyətlə əlaqəlidir.

Biz azərbaycanlıları Maşavda kənd təsərrüfatı, təhsil, iqtisadi potensialın artırılması ilə bağlı treninqlərdə görürük. Əlavə olaraq deyə bilərəm ki, İsrailin Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universiteti ilə sıx əlaqələrə malikdir. Bu universitetdə İvrit Araşdırmalar Mərkəzi fəaliyyət göstərir.

Bu il Turizm Universiteti ilə İsrailə təcrübəyə tələbə göndərmək üçün proqramımızın XI ili olacaq. 

- Tələbələr viza alınması və sənədlərin hazırlanması prosedurlarında hansı problemlərlə üzləşirlər? 

-İsraildə təhsil proqramı və tələbə vizası alınması prosesi İsrailin Bakıdakı səfirliyi vasitəsilə həyata keçirilir. 

- İsrail universitetlərində təhsilin bakalavr, magistratura və doktorantura dərəcələrinə qəbul proseduru necədir? 

- İsraildə hər bir universitetin ixtisaslara, tədqiqat sahələrinə uyğun olan tələbləri var. 

-Bəs, İsrail universitetlərində maksimum və minimum təhsil haqqı nə qədərdir? 

-İsrail universitetlərində təhsil haqqı proqram və ixtisaslardan asılı olaraq dəyişir. Amma ümumilikdə maliyyələşdirilmə proqramların dəyəri 4500-5000 dollar arasındadır. Maliyyələşdirilməyən proqramların qiyməti isə 10000-30000 dollar arasında dəyişir. 

- İsrail universitetlərində əsasən, hansı ölkələrdən olan əcnəbi tələbələr üstünlük təşkil edir? 

- İsrailin statistik orqanlarının məlumatlarına görə, ölkədə Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan və Çindən olan tələbələr çoxluq təşkil edir. 

- Bəs, İsrail hansı beynəlxalq imtahan nəticələrini qəbul edir? 

- İsrail universitetlərinin hər birinin özünəməxsus tələbləri var.

- İsrailin ali təhsil müəssisələrini bitirən əcnəbi tələbələr işlə təmin olunurmu? 

 - Təhsil vizası təhsili bitirdikdən sonra İsraildə işləməyə imkan vermir. 

- İsrailin Səhiyyə Nazirliyi xaricdə təhsil almış həkimlərin lisenziyalaşdırılması ilə bağlı qaydaları sərtləşdirib. Məlumata görə, İsrail yaxın vaxtlarda Rusiya, Ukrayna, Belarus, Moldova və digər postsovet ölkələrinin, həmçinin, Rumıniya, Bolqarıstan və Xorvatiyanın tibb diplomlarını tanımayacaq. Bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

- 2019-cu ildən başlayaraq İsrail hökumətinin tibb sertifikatını almaq istəyən tələbələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına  (OECD) üzv ölkələrin birində tibb təhsili verən universitetlərdə təhsil almalıdırlar.

WFME akkreditasiyasından və klinik təcrübədən keçmiş tibb məktəbləri bunlardan birində qeydiyyatdan keçib:

JCI (ABŞ), AC (Kanada), CHKS (Britaniya), ACHS (Avstraliya), DNV GL (Almaniya).

Günel Yaşarqızı

Aqşin Kərimov

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu