Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-26 13:10:00
“Bahar qalası”nda sonuncu gün – Məktəblilər Novruzla belə vidalaşdılar -FOTOLAR

 Bayramın son günlərini yaşayırıq... Hava çox da isti deyil, soyuq küləklidir... Təbiətin dirilmə mərhələsi tam başa çatmayıb. Lakin İçərişəhərdə Novruz əhvalı yüksək səviyyədədir.

 Novruzun atributları -Kosa, Keçəl, Bahar qızı özləri bu soyuq havada üşüsələr də, məktəbliləri, balacaları sevindirmək üçün əllərindən gələni edirlər.

Buradakı azyaşlılar və məktəblilər isə Novruz əhvalında olan sanki yeganə kəsimdir....

Sevinirlər.... Və bu sevinc üsyankar mart küləyini üstələyir...

Çalıb-oynayan, milli geyimlərdə ifa edənlər -bir sözlə hamısı bu havada bəlkə də yalnız uşaq sevinci üçün çalışırlar...

İçərişəhərdə Novruz tədbirlərinin son akkordudur....

Biz də AzEdu.az olaraq İçərişəhərdə keçirilən “Bahar qalası” adlı Novruz festivalını sonuncu gündə bir daha ziyarət etdik.  

Reportaj əsnasında məktəblilərin və məktəbəqədər balacaların bayramla bağlı fikirlərini öyrənməyə çalışdıq:

246 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Dəniz Abdulla Novruz bayramını çox sevir və bəzi uşaqlar kimi bahar atributlarını Şaxta babanın ayağına vermir:

“Mən Novruzu çox sevirəm. Hətta “Yeni il”dən belə çox... Çünki havalar isinir, qışda nəfəs ala bilməyən təbiət canlanır. Bu bayramda tonqal yandırırıq, papaq atırıq, yumurta döyüşdürürük, küsülülər barışır. Evdə xoş sözlər danışılır ki, birdən kimsə qulaq falına gələ bilər.

Müəllim bizə Novruzla bağlı çox danışıb. O, deyir ki, keçmişdə insanlar yumurta ilə yanaşı xoruz da döyüşdürüblər, kəndirbazlar ip  üzərində yeriyərmiş, böyük bayram süfrələri açılar, tonqallar qalanarmış. Bu bayram mən də tonqaldan hoppandım. Bir də papaq atdım. Papağımdan fındıq, fıstıq, şəkərbura paxlava çıxdı. Məktəbdə də Novruzla bağlı tədbir keçirdik. Milli geyimlər geyinib, səhnəciklər təşkil etdik. Tədbirdən sonra isə fotosessiya oldu”.

60 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Şahbazova Suğra da “Bahar qala”sına Novruzla vidalaşmağa gəlib:

 “Novruz bizim milli bayramımızdır. Kosa, keçəl, səməni, bahar qızı və s. onun atributlarıdır. Bütün bunları məktəbə təzə başlayanda müəlliməm mənə öyrədib. Biz məktəbdə Novruzla bağlı gözəl tədbir keçirdik. Bir-birindən maraqlı oyunlar, səhnəciklər hazırladıq. Müəllim şəkərbura, qoğal üçün lazım olan oxlov və taxtanı gətirdi. Biz də məktəbdə şəkərbura paxlavanı hazırlayıb, evdə bişirib yedik. Bayramı evdə ailəmlə birgə keçirdim. Anama şəkərbura, paxlava bişirməkdə kömək etdim. Tonqal qaladıq, papaq atdıq, yumurta  da döyüşdürdük”.

59 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Müabriz İbrahimli də Novruza o qədər bağlanıb ki, onunla heç vidalaşmaq istəmir:

 “Müəlliməm deyir ki, Novruz evimizə, elə, obaya ruzi- bərəkət gətirir, küsülülər barışır. Məktəbdə bayram şənliyi keçirdik. “Şəngülüm”, “Turp” nağıllarına səhnəciklər düzəltdik. Mən əsgər rolunu oynadım. Biz bayramda səməni becərib, xonça düzəltdik. Anam şəkərbura, paxlava bişirdi. Ailəmlə bir yerdə qohum evlərinə qonaq getdik”.

59 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Zəhra İbrahimli məktəblərindəki tədbirdən, keçirilən xeyriyyə yarmarkasından ağızdolusu danışdı:

“Novruzla bağlı məktəbdə böyük bir tədbir keçirdik. Nağıllardan səhnəciklər hazırlandı, şeirlər söyləndi. Eyni zamanda, xeyriyyə yarmarkası da təşkil olundu. Bizim hazırladığımız məhsullar satıldıqdan sonra yığılan məbləğ, hərbi xəstəxanaya bağışlandı. Bayramda evdə də xonça bəzədik, səməni cücərtdik, yumurta bəzədik, papaq atmağa da getdim”.

 274 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Həsənov Aqil kosa və keçəli, xüsusilə də kosanı çox sevdiyini deyir:

 “Müəlliməm bizə məktəbdə Novruzu atributları olan səməni, xonça, tonqal, kosa keçəl və s. haqqında danışıb, şerlər öyrədib. Məktəbdə Novruz şənliyi keçirdik. Milli geyimlər geyinib, rəqs etdik, şeir söylədik. Novruz atributlarından ən çox kosa və keçəli sevirəm. Müəllim deyir ki, hiyləgər kosa həmişə keçəlin başına oyun açır. Onların davasında çox xoşum gəlir”.

Rəna Nəbi