XƏBƏRLƏR

24.03.2019 11:31
Ananın təhsilli olması övladının ömrünü uzada bilər

Almaniyada 3 mindən artıq qadın arasında tədqiqat aparılıb.

Almaniya alimləri iddia edirlər ki, ananın təhsili  uşağının ömrünün  uzunluğuna təsir edir.  Tədqiqatçılar  araşdırmalar əsasında müəyyən ediblər ki, orta təhsilli anaların uşaqları  ibtidai məktəbi qurtaran və ya tamamilə məktəbə getməmiş anaların uşaqları ilə müqayisədə 2 il daha çox yaşayır.  Ananın təhsil səviyyəsi  və onun uşağının həyatının uzunluğu  arasında qarşılıqlı əlaqə Berlindəki Alman İqtisadi Tədqiqatlar İnstitutunda (DIW Berlin)  araşdırma mövzusu olub.  1950-ci illərdə Qərbi Almaniyada yaşamış 3300 qadın və onların övladları  haqqında toplanmış informasiyaların təhlili göstərib ki, uşaqların həyatının orta  uzunluğu analarının təhsil səviyyəsi nə qədər böyükdürsə, bir o qədər artır. Alimlər bunu  onunla  izah edirlər ki, təhsilli ailədə böyümüş uşaq daha çox sağlam həyat tərzi sürür,  düzgün qidalanır və nadir hallarda zərərli vərdişlərə malikdir. Bundan başqa, təhsilli analar uşaqlarına  daha yüksək həyat səviyyəsi təmin edə bilərlər, çünki  adətən bu cür analar öz uşaqlarının bütün ehtiyaclarını təmin edə bilmək üçün daha  yüksək maaşlı işə malikdirlər.

Qeyd edilməlidir ki, mütəxəssislər iddia edirlər ki,  ananın təhsil səviyyəsi  və uşağın həyatının uzunluğu arasında əlaqə hətta bir neçə nəsil sonra da gözə çarpır.

Əlavə edək ki, alimlər tədqiqatın ikinci hissəsini  qadının təhsil səviyyəsi və onun uşağının psixi sağlamlığı arasında qarşılıqlı əlaqənin öyrənilməsinə həsr ediblər. Ancaq  alman mütəxəssisləri burada hər hansı möhkəm əlaqə aşkar edə bilməyiblər.(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu