XƏBƏRLƏR

24.03.2019 10:57
Elmi işçilər dedikdə kimlər nəzərdə tutulur? – Elm statistikası belə hesablanır

Elmi işçilərin (kadrların) statistik qiymətləndirilməsi elm statistikasının qarşısına qoyduğu əsas məsələlərdən biridir.

AzEdu.az elmi təşkilatlarda işçilərin statistik qiymətləndirilməsi barədə məlumatı təqdim edir:

Elmi işçilər ölkənin elmi potensialının əsas tərkib elementi hesab olunur və insan amilindən tam istifadə edilməsi, insan kapitalının vəziyyətini xarakterizə edir. Kadrların statistikasının əsas məqsədi tədqiqat və işləmələrdə məşğul olan işçilərə dair statistik məlumatların toplanması, işlənməsi, təhlili və yayılmasıdır. Hazırda kadrlar statistikasının yeni metodologiyasının formalaşmasında əsas rolu əmək bazarının inkişaf istiqamətləri  və informasiya cəmiyyətinin tələbatı oynayır.

Mövcud statistika təcrübəsində elmi və elmi-pedaqoji  işçilərə aşağıdakılar aid edilir:

-Milli Elmlər Akademiyasının və sahə akademiyalarının həqiqi və müxbir üzvləri;

-iş yerindən asılı olmayaraq, elmi dərəcəsi və elmi adları olan şəxslər (elmlər doktoru, elmlər namizədi, professor, dosent, baş elmi işçi, kiçik elmi işçi, asistent);

-elmi dərəcəsi və elmi adından asılı olmayaraq, elm müəssisələrində elmi-tədqiqat işləri aparan, ali təhsil müəssisələrində elmi və elmi-pedaqoji işləri yerinə yetirənlər;

-sənayedə, layihə, layihə-konstruktor, layihə-texnologiya müəssisələrində sistematik olaraq yuxarı təşkilatın tematik planına uyğun olaraq tədqiqat işlərini yerinə yetirən elmi dərəcəsi və elmi adı olmayan ali təhsilli mütəxəssislər.

Elmi işçilərin uçotu elmin bütün sahələri üzrə (təbii, texniki və ictimai) aparılır. Məlumat bazası kimi müəssisə və elmi təşkilatlar tərəfindən təqdim edilmiş hesabatlar əsas götürülür. Bundan başqa, beynəlxalq təşkilatların tələbinin ödənilməsi üçün birdəfəlik müşahidə məlumatları da elmi kadrların statistik qiymətləndirilməsində istifadə edilir.

Elmi kadrların tərkibi aşağıdakı kimi xarakterizə edilir:


Şərti işarələr: + tam əhatə; - nəzərə alınmırlar; ± natamam əhatə; D – elmlər doktorları və elmlər namizədlərinin uçotu; M – ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin ştatında mövcud olmayan, lakin elmi tədqiqat və işləmələri kafedralarda, yaxud müqavilə əsasında yerinə yetirən işçilərin uçotu.

Yerinə yetirilən faktiki işlərin xarakterinə və işçilərin ixtisas səviyyəsinə görə elmi-tədqiqat və işləmələrdə çalışanlar aşağıdakı kateqoriyalara bölünür:

  • tədqiqatçılar - elmi tədqiqat və işləmələrdə mütəxəssis kimi çalışan, birbaşa yeni bilik, məhsul, metod və sistem, texnologiyaların yaradıcıları, həmçinin bu fəaliyyət növünün idarə edilməsi ilə məşğul olanlar. Tədqiqatçılar, adətən ali təhsilli olurlar. Bu kateqoriyaya tədqiqat prosesinə rəhbərlik edənlər (elmi-tədqiqat və işləmələr yerinə yetirən elmi müəssisə, şöbə rəhbəri) də daxil edilir;

  • texniklər – elmi tədqiqat və işləmələrdə iştirak edən və bir qayda olaraq tədqiqatçıların rəhbərliyi altında texniki funksiyalar (elmi cihazlara, laboratoriya avadanlığına, hesablama texnikasına xidmət edən və onları istismar edən, çertyojlar, materiallar hazırlayan, eksperiment, sınaq və təhlil aparanlar)  yerinə yetirən işçilər;
     
  • köməkçi heyət – elmi-tədqiqat və işləmələr yerinə yetirərkən köməkçi funksiyalar yerinə yetirən işçilər (plan-iqtisadiyyat, maliyyə şöbələrinin, patent xidmətinin, elmi-texniki informasiya şöbəsinin, elmi-texniki kitabxananın əməkdaşları, elmi avadanlığın və cihazların quraşdırılması, ona xidmət göstərən, təmir edən işçilər, sınaq (eksperimental) işçiləri, ali və orta ixtisas təhsili olmayan laborantlar);

  • sair işçilər – elmi təşkilatın təsərrüfat və ümumi xarakterli işlərini yerinə yetirənlər (mühasibat işçiləri, kadr xidməti, dəftərxana, makinaçı, maddi-texniki təminat şöbəsi).

Qeyd: Məqalə Dövlət Statistika Komitəsinə istinadən yazılıb.

İlin gənc müəllimi-Müraciət formu