Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 11:30:00
İmtahanlarla bağlı DİM-ə ən çox ünvanlanan suallar və cavabları 

Martın 15-dən etibarən, ali və orta ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbuluna start verilib.

AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq, buraxılış və qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinə ən çox ünvanlanan suallardan bir neçəsini və DİM-in bu suallarla bağlı rəsmi cavablarını təqdim edir:

SUAL-Bakı şəhərində qeydiyyatdayam. Ancaq Gəncə şəhərində orta məktəbdə təhsil alıram. Ali təhsil müəssisələrinə qəbul imtahanını Bakı şəhərində verə bilərəm?

CAVAB-Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

SUAL-Müsabiqə şərti ilə keçid balı anlayışları arasında fərq varmı?

CAVAB-Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

SUAL-Mən ali təhsil almaq istəyirəm. Özüm müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Bunun nəzərə alınması sayəsində mən ali məktəbə və ya texnikuma müsabiqədənkənar qəbul oluna bilərəmmi?

CAVAB-Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu DİM tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq müsabiqə əsasında aparılır. Qəbul qaydalarına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda heç bir imtiyaz nəzərdə tutulmur. Odur ki, Sizin döyüş bölgəsində hərbi xidmət keçməyiniz ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul üçün əsas ola bilməz. Siz ümumi qaydada qəbul imtahanı verib müsabiqədə iştirak etməlisiniz.

SUAL-Əgər elektron ərizəni doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alsam, bu, mənim imtahanda iştirakıma hər hansı maneə yarada bilərmi?

CAVAB-Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz Şəxsi kabinetinə daxil olub "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidirlər.

SUAL-Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?

CAVAB-İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri DİM-in internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.

SUAL-Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O,Bakı şəhərində  11-ci sinifdə təhsil alır.Onun buraxılış və qəbul imtahanlarına buraxılması üçün şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifadə oluna bilərmi?

CAVAB-Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini (MYİ və ya DYİ) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-Məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları