Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 16:25:00
Rafiq Əliyev: "Elmin ağırlıq mərkəzinin universitetlərə keçməsi çox sevindiricidir"
2018-ci ildə “Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1274 elmi tədqiqat işinin qeydə alınması ilə Azərbaycanın ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlməsi ölkə elminin böyük uğurudur. 
 
AzEdu.az xəbər verir ki, bunu dünya şöhrətli azərbaycanlı alim, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyev bildirib.
 
“Dünyaya çıxmaq üçün bundan gözəl göstərici ola bilməz. Dünyada ancaq “Scopus”, “Web of science”-la hər hansı ölkədə elmin vəziyyətinin necə olması müəyyən olunur. Mən son dərəcə məmnunam ki, Azərbaycanın elmi dünyada belə yaxşı tanınır, bu əsas göstəricilər bizdə belə yüksəlib”, - deyə professor Rafiq Əliyev bildirib.
 
Əsasən “Scopus”, “Web of science”-da olan məqalələrin dünyəvi hesab olunduğunu qeyd edən professor R.Əliyev hər hansı bir şirkətin yeni məhsul icad etdiyi zaman bu jurnallarda dərc olunmuş məqalələrdəki nəzəriyyərlərdən, oradakı nəticələrdən bəhrələndiyini qeyd edib. Onun fikrincə, Azərbaycan alimlərinin də gələcəkdə müxtəlif icadlar üçün əsas rolu oynayacaq nəzəriyyələrinin bu cür jurnallarda dərc olunması sevindirməyə bilməz.
 
Professor Rafiq Əliyev diqqəti 2014-2018-ci illərdə Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayının 72 faiz artdığına yönəldərək göstərilən dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstəricinin 2,1 dəfə artdığını xüsusi olaraq vurğulayıb.
 
“Elmin ağırlıq mərkəzinin universitetlərə keçməsi çox sevindiricidir. Burada elmi potensialla yanaşı böyük tələbə qüvvəsi vardır. Çox sevindirici haldır ki, hazırda Azərbaycanda ali məktəblər tədris və tədqiqat universiteti olmağı hədəfləyir. Əgər universitetdə tədqiqat, elm yoxdursa, orada təhsildən də söhbət gedə bilməz”, - deyə professor R.Əliyev bildirib.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru olaraq ADNSU-nun müəllim heyətinin 2018-ci ildə “Web of science” bazasında 82 məqaləsinin dərc olunduğunu qeyd edən Rafiq Əliyev bunu yüksək nailiyyət kimi dəyərləndirib. “ADNSU tədris və tədqiqatyönümlü universitet olmağı hədəfləyib və bizim universitet sürətlə bu yolla irəliləyir. Əgər biz məqalələrin sayını universitetdəki professor-müəllim heyəti və tələbələrin sayına görə müqayisə etsək “Web of science” bazasındakı 82 məqaləni kifayət qədər yüksək göstərici olduğunu görərik. Düşünürəm ki, tədqiqatçı başına düşən məqalələrin sayına görə ADNSU ölkədə birinci yerdədir”.
 
Sonda professor Rafiq Əliyev onu da qeyd edib ki, “Web of science”-da çıxan məqalələrin hansı nəşriyyatlarda dərc olunması məsələsi də önəmlidir. Nümunə olaraq “Springer” kimi böyük bir nəşriyyatın tək bir dərgisində ADNSU müəllimlərinin 28 məqaləsinin olduğunu qeyd edən professor vurğulayıb ki, pulsuz və samballı jurnallarda dərc olunan məqalələrin sayının ölkə üzrə artması müşahidə olunur ki, bu da bir daha Azərbaycan elminin inkişafda olduğunu təqdiqləyir.
 
(Moderator.az)