Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 16:16:00
Dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsinə qeydiyyat başladı

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 14 aprel 2019-cu il tarixinə qədər davam edəcək.

AzEdu.az xəbər verir ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 14 aprel 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə. 

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə
Maliyyə Nazirliyi (23 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

  • Maliyyə Nazirliyi (23 vəzifə) – BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 19

  • Bakı Ağır Cinayətlər Məhkəməsi (17 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 16

  • Gənclər və İdman Nazirliyi (4 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3

  • Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində BB1 altqrupu üzrə 1 vəzifə

  • Abşeron Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə

  • Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

  • Qəbələ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

  • Siyəzən  Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

  • Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 15 vəzifə 

Ümumilikdə, müsahibəyə çıxarılmış 73 vakant vəzifənin 2-si 5-ci təsnifata, 18- i 6-cı təsnifata, 53-ü isə 7-ci təsnifata aid olmaqla, 2-si BA, 71-i isə BB vəzifə qrupuna aiddir.