Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 15:11:00
"Erməni dili universitetlərimizdə peşəkar tədris olunmalıdır" - Politoloq

Azərbaycanla Ermənistan arasında münaqişənin tarixi əsrlər əvvələ gedib çıxır. Ermənilərin hazırda məskunlaşdığı torpaqların böyük hissəsi Azərbaycana aid olub desək, yanılmarıq. Ermənilər öz uydurduğu yalanları dünyaya sırımaq üçün də addım atıblar. Buna da müəyyən mənada nail olublar. Biz isə düşmənlərimizi tanımaq üçün addımlarımızı çox ləng atırıq. Düşməni tanımaq üçün ən önəmli vasitələrdən biri də onun dilini öyrənməkdir. Bəs düşmənimizin dilini necə öyrənirik?

Məsələ ilə bağlı AzEdu.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, düşmənin dilini öyrənmək mütləq lazımdır:

“Mən bir dəfə beynəlxalq təşkilatların xətti ilə Yerevanda olmuşam, görmüşəm ki, universitetdə bölgəni öyrənən tələbələrin əksəriyyəti Azərbaycan və türk dillərini bilir. Çox təəssüf ki, Azərbaycanda erməni dilini öyrənmək istəyənlərin sayı azdı. Bunun əsas səbəblərindən biri də erməni dilinin tədrisinin zəif olmasıdır”.

Politoloqun sözlərinə görə, biz erməni dilini ona görə öyrənməliyik ki, görək düşmən ölkədə nələr baş verir:

“Bəzən onlar informasiyalarını gizlədirlər, hər informasiyanı rusdilli saytlara qoymurlar. Erməni dilinin tədrisinə önəm verilməlidir. Jurnalist Qafar Çaxmaqlı vaxtilə Bakı Dövlət Universitetində Erməni Araşdırmalar Mərkəzi yaratmışdı. Amma kifayət qədər büdcə ayrılmadığı üçün, Qafar Çaxmaqlı eyni mərkəzi bu gün Türkiyədə açıb, işlədir. Erməni dilini universitetlərdə peşəkar tədris etmək lazımdır. Universitetlərdə ixtisaslaşma var, beynəlxalq münasibətlər, politologiya tələbələri regionu öyrənirlər, bunun üçün də onların erməni dilini bilmələri vacibdir”.

E.Şahinoğlu erməni dilinin tədrisi ilə bağlı təkliflərini irəli sürərək deyib ki, Prezident iki yeni mərkəz yaratdı, Sosial Tədqiqatlar Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi:

“Bu mərkəzlərin nəzdində Erməni Araşdırma Mərkəzi yaradılsın və həmin mərkəzə mütəxəssislər cəlb olunsun. Həmin mütəxəssislər erməni dilini mükəmməl şəkildə öyrətməlidir”.

Qafar Ağayev