Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 12:50:00
Novruz bayramının ilk təşkilatçısı Şıxəli Qurbanov kimdir? -DOSYE

Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakı şəhərində fəhlə ailəsində anadan olub.

Təhsil həyatı

O, məktəbdə oxuyarkən öz qabiliyyəti və bacarığı ilə müəllim və şagird kollektivinin dərin hörmətini qazanıb.Ş.Qurbanov tez-tez məktəb divar qəzetində şeir və məqalələrlə çıxış edirdi. Onun hətta rəsm çəkmək qabiliyyəti də var idi və ədəbiyyatla çox maraqlanırdı.Kitabxanaya tez-tez gedər, çoxsaylı kitablar oxuyardı.Pionerlər evində təşkil olunan ədəbiyyat dərnəyinin üzvü idi.

Şıxəli 9-cu sinfi bitirdikdən sonra öz işlərini Bakıdakı Axundov adına ikiillik müəllimlər institunun dil-ədəbiyyat fakültəsinə təqdim edir.

1947-ci ildə indiki Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olur.1951-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirir.1950-ci ildə Şıxəli ədəbiyyatşünaslıqda elmi axtarışlarla məşğul olur,sonra institutun ədəbiyyat tarixi kafedrasının müəllimi,dosenti kimi bir çox illər rus ədəbiyyatı kursunda dərs deyir.Elə bu illərdəki axtarışlar onu bir alim kimi formalaşdırır.”Azərbaycan-rus ədəbi əlaqələrinin başlanğıcı və inkişaf yolları” mövzusunu özünə elmi fəaliyyət obyekti kimi seçir.

Ş.Qurbanov 1956-cı ildə filoloji elmləri namizədi alimlik dərəcəsi almaq üçün “A.S.Puşkin və Azıəbaycan poeziyası”mövzusunda müvəqqiyyətlə dissertasiya hazırlayır. O, 1965-ci ildə “XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.Şıxəli Qurbanov Azərbaycan-rus ədəbi əlaqələrinin elmi əsaslarla öyrənilməsində birinci sırada gələn alimlərdəndir. 

Onun çoxlu kitab oxuması,vaxtının böyük qismini kitabxanada keçirməsi  gələcəkdə yaradıcı insan olmasında mühüm rol oynayır. 

Əsərləri

Şıxəli Qurbanov müxtəlif imzalarla şeirlər yazıb.Lakin əsasən “Şıxəli Qurbanzadə”, Şıxəli Sadiq”, “Şıxəli Qurbanov” imzalarından istifadə edib. Müxtəlif mövzulara həsr olunmuş “Məktub yazılmışdır”, “Fırtına qabağı”, “Neftçi qardaşıma”, “Durnalar”, “Sülh göyərçini”, “Mahir”, “İnsanın gərək hər şeyi gözəl ola”, “Telefon zəngi”, “Keçəl dərman bilsəydi”, “Karyerist”, “Malades qanacağına”, “Alim”, “Gözdən olmasın”, “Bayram şamları” və s. bu kimi şeirlərin müəllifidir.

Şıxəli Qurbanovun ilk məlum nəsr əsəri “Telefon zəngləri” hekayəsidir. Bunun ardınca isə mətbuatın müxtəlif sahələrində “”Elmi ezamiyyət”, “Mənə bu da azdır”, “Natiq”, “Balaxanımın dərdi”, “Xaş Məmiş”, “Mən niyə Qorki olmadım?”, “Yaxşılıq”, “Uğursuz başlanğıc”, “İnkubator danaları”, rus dilində nəşr olunan satirik hekayələr kitabında “Mənim qonşumun yuxusu” hekayəsi nəşr olunub.

Şıxəli Qurbanovun çap olunan və tamaşaya qoyulan əsərləri bunlardır: “Əcəb işə düşdük”, “Bahadır və Sona”, “Özümüz bilərik”, “Olmadı elə,oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz”, “Sevindik qız axtarır”, “Bitməmiş söhbət”.

“Milyonçunun dilənçi oğlu” tamaşasına yazdığı libretto üçün o, 1967-ci ilin yanvarında Üzeyir Hacıbəyov adına resöublika mükafatına layiq görülüb.

Şıxəli Qurbanov və Novruz bayramı:

Şıxəli Qurbanov haqqında danışanda Novruz bayramını yada salmamaq olmur. 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramının təşəbbüskarı və təşkilatçısı Şıxəli Qurbanov idi. Bu bayramı keçirmək ideyasının arxasında Şıxəliyə xas özəl keyfiyyətlər dayanırdı. Milli ruh, Azərbaycan tarixini və ədəbiyyatını dərindən bilməsi, xalqının milli bayramının rəsmiləşdirilməsi istəyi ona bu ideyanı həyata keçirməyə kömək oldu.

 Şıxəli Qurbanov 1967-ci ilin 24 mayında vəfat edib.