Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 10:36:00
Azyaşlıları I sinifdən başqa dillərdə oxutdurmaq istəyən valideynlərin yaşadığı çaşqınlıq – Çıxış yolu

 

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması yerlərdə şəffaflığın təmin edilməsi və məktəbin daha da əlçatanlığı baxımından təqdirəlayiq haldır. Amma elektron qeydiyyatdakı mikroərazi prinsipi bəzi valideynlərdə çaşqınlığa səbəb olub.

Tutaq ki, valideyn övladının rus dilində tədris almasını istəyir. Mikroərazi prinsipinə uyğun gələn məktəbdə bu bölmə üzrə boş yer qalmayıb. Rus bölməsində tədris aparılan digər məktəbə isə üstünlük dərəcələri və mikroərazi prinsipinə əsasən qəbul edilə bilməz.

Nə etməli?

AzEdu.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişində izləyicilərin suallarını cavablayarkən bu məsələyə də aydınlıq gətirib. Belə bir çaşqınlıqla üz-üzə qalan valideynlərə bildirib ki, heç də narahat olmasınlar. Təki azyaşlı həmin dildə ünsiyyət qurmağı bacarsın:

“Ola bilər ki, belə uşaqlar müsahibələrdə müxtəlif vaxtlarda iştirak etsinlər. Amma fərqli tədris dili üzrə məktəb seçimi bütün uşaqlar üçün mayın 1-də açılacaq. Bu zaman yaxın ərazidəki məktəblərdə rus bölməsi üçün yer olacaq”.

Qeyd edək ki, məktəbəqəbul prosesində fərqli tədris dilində təhsil almaq istəyən şagirdlərin öncə şifahi nitq bacarıqları yoxlanır. Burada hər hansı imtahan və ya bilik yönümlü sualdan söhbət gedə bilməz. Kompleksli, dil bilsə də danışmaqda çətinlik çəkən uşaqları nəzərə alaraq komisiya tərkibində psixoloq da fəaliyyət göstərir. Müsahibələr görmə və dinləmə cihazları ilə təchiz olunmuş məktəblərdə keçirilir. Şagird azyaşlı olduğu üçün müsahibə zamanı valideynin də onun yanında olmasına icazə verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları