XƏBƏRLƏR

09.04.2018 08:41
Eynşteynin işlədiyi universitetdə oxuyan azərbaycanlı çempion - tələbə ilə MÜSAHİBƏ

Müsahibimiz Emin Qayıbov hazırda Çexiyanın Çarlz Universitetinin Tibb fakültəsinin tələbəsidir. Adıçəkilən universitet Avropanın tibb təhsili yönündə beşinci ən güclü  ali tədris ocağıdır.

Amma Eminin bu deyil, daha çox başqa uğurlarına işıq tutmaq istədik; o, dünyanın bir neçə ölkəsində keçirilən beynəlxalq olimpiadalarda qalib olub. Türkmənistan, Rumıniya, Argentina, Cənubi Koreya, Böyük Britaniyada keçirilən fənn olimpiadalarında iştirak edib.

AzEDU.az onunla müsahibəni təqdim edir:

- Əvvəlcə, sizi daha yaxından tanıyaq, Emin bəy...

- Qayıbov Emin Elman oğlu 2000-ci il fevralın 23-də Bakı şəhərində anadan olmuşam. 2006-2012-ci illərdə Akademik Zərifə Əliyeva adına Liseyin 1 saylı eksperimental pilot siniflərində ibtidai təhsil almışam.  2012-2017-ci illərdə bu liseyin 4 nömrəli eksperimental pilot siniflərində orta təhsilimi başa vurmuşam. Hazırda Çexiyanın Hradec Kralove şəhərində yerləşən Çarlz Universitetinin Tibb fakültəsinin I kurs tələbəsiyəm.

-Dəfələrlə beynəlxalq  fənn olimpiadalarının  iştirakçısı və qalibi  olmusunuz. İlk dəfə necə oldu olimpiadaya qoşuldunuz?

- 7-ci sinifdə məktəbin keçirdiyi fənn olimpiadaları silsilə seçim turlarında qalib gəldim. Sonra biologiya fənni üzrə olimpiada hazırlıq dərslərinə qatılma şansı əldə etdim.

-Məhz biologiya fənni üzrə iştirak etməyinizin xüsusi  səbəbi var?

- Hələ olimpiadalara başlamamışdan əvvəl hədəfim tibb ixtisası üzrə cərrah-mütəxəssis olmaq idi. Ona görə fənn olimpiadaları arasında maraq dairəmdə olan ən uyğun fənn biologiya idi. Buna görə də, biologiya olimpiadalarına qatıldım.

30440744_2054313911511239_7062717231691464704_n.jpg

- Respublika üzrə ilk dəfə olimpiadalara qatıldığınızda hansı nəticəni qazandınız?

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Respublika Fənn Olimpiadalarında 2015-2016-cı illərdə qızıl və 2017-ci ildə gümüş medala layiq görüldüm. 2016-cı ildəki olimpiadada, həmçinin "Birincilər birincisi" titulunu qazandım.

 - Daha sonra beynəlxalq tura qatıldınız. Oradakı nailiyyətlərinizdən də  danışaq... 

- Beynəlxalq arenadakı ilk uğurum 2012-ci ildə oldu. Bu zaman  Türkmənistanın Aşqabad şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (ICPO-2012) gümüş medala layiq görüldüm. 2013-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti olimpiada da (İnfomatrix-2013) gümüş medal qazandım. Fənn olimpiadalarına hazırlıq siniflərinə seçildikdən sonra vətənimi biologiya fənni üzrə təmsil etməyə başladım. 2014-cü ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrarası Beynəlxalq Elm Olimpiadasına (IJSO-2014) qatıldım. 2015-ci ildə isə Cənubi Koreyanın Daegu şəhərində  “IJSO-2015” –də  iştirak etdim və bürünc medala layiq görüldüm. 2016 (Vietnam, Hanoy) və 2017-ci (Böyük Britaniya, Varvik) illərdə Beynəlxalq Biologiya Olimpiadasında iştirak etdim.

-Bu uğurları  qazanmaq üçün aşağı siniflərdən yaxşı oxumaq kifayət edirmi, yoxsa, hansısa xüsusi hazırlıqlara ehtiyac var?

- Olimpiadada uğur qazanmaq  öncə şagirdin özündən asılıdır. Əgər şagirdin iradə və əzmi varsa, şübhəsiz, çalışdıqdan sonra nailiyyət əldə edəcək.

30442621_2054313881511242_7666486979495723008_n.jpg

-Olimpiadada uğur qazanmağınız təhsilinizə necə təsir etdi?

- Əldə etdiyim nəticələr orta təhsilimi qızıl medalla bitirməyə səbəb oldu. Həmçinin, bu nailiyyətlər universitetlərə müraciət etdiyim zaman CV-də (Curriculum Vitae) qeyd olunması, mənim bacarıqlarımı göstərirdi.

-Olimpiada nailiyyətlərinizdə ən çox kimin təsiri var?

-Uğurlarıma görə, əlbəttə, hər bir şagird kimi müəllimlərimin  hamısına borcluyam. Xüsusən də Biologiya Olimpiadası heyəti üzvləri - Elməddin Mehrəliyev, Anar Məcidov, Elxan Tahirov və Rəşad Səlimova təşəkkürlərimi bildirirəm.

-Burada iştirak şagirdlərə nə qazandırır? Təhsildə hansısa güzəştlər olurmu?

-Olimpiada geniş bir ailədir. Hər bir üzv çalışqan və zəhmətkeş, bir-birilərinə daim dəstək olurlar. Onlar yalnız dərs çalışmağı və öyrənməyi mənimsəmirlər, yardımsevərlik, qayğıkeşlik duyğuları kimi yüksək insani keyfiyyətləri də birgə əldə edirlər. Əfsuslar olsun ki, ölkəmiz tibb sahəsi üzrə elə də güclü təhsilə malik deyil. Buna görə, gələcək həyatımda ən böyük hədəfim yüksək bacarığa və biliyə malik bir mütəxəssis, cərrah olduqdan sonra Azərbaycana qayıdacam.  Tibb sahəsi üzrə bir çox problemləri həll edəcək, hər bir Azərbaycan vətəndaşı kimi ölkəm üçün çalışacağam. Biologiya fənni digər elm sahələrindən bir çox məqamda fərqlənir. Bunlardan ən əsası isə  fənnin  geniş ədəbiyyata və hər gün həyata keçən yeni kəşflərə malik olmasıdır. Bir çox köhnə nəzəriyyələr yeniləri ilə əvəz olunur. Bu fənni mənimsəmək istəyən hər bir şəxs yeni kəşfləri və nəzəriyyələri təqib etməlidir.

30515852_2054313914844572_3882240373581414400_n.jpg

-Hazırda təhsil aldığınız universitet sizi qane edirmi?

-Hazırda təhsil aldığım Çarlz Universiteti Mərkəzi Avropanın ilk universiteti olub. 1348-ci il aprelin 7-də fəaliyyətə başlayıb. Təhsil aldığım tibb ixtisası üzrə Avropada ilk 5 universitetdən biridir. Həm praktiki, həm də nəzəri olaraq digər universitetlərlə müqayisədə bir çox üstünlüklərə malikdir. Hər il tibb sahəsində əldə olunan kəşflər üçün də Çarlz Universitetinin Tibb fakültəsinə borcludurlar. Albert Eynşteyn də uzun illər burada professor olaraq çalışıb. Mərkəzi Avropada ilk ürək transplantasiyası universitetin xəstəxanasında həyata keçirilib. Bunu da nəzərə alaraq Çarlz Universitetinin dünyanın görkəmli universitetlərindən biri olduğuna şübhə etmirik.

-Oradakı təhsil sistemi haqqında nələr deyə bilərsiniz?

-Universitetin tibb fakültəsi yerli tələbələr üçün çex dilində, xaricilər üçün isə ingilis dilində təhsil verir. Əcnəbi tələbələr üçün hər şərait yüksək səviyyədədir. Tibb fakültəsini bitirmiş tələbələr növbəti pillə olan ixtisaslaşmanı Almaniya, Böyük Britaniya, ABŞ və Kanadanın yüksək reytinqli universitetlərində asanlıqla əldə edirlər. Fakültə proqramı 6 il ərzində həyata keçirir. Bunun ilk 3 ili nəzəri, növbəti illər isə daha çox praktiki təhsili əhatə edir. 6 il sonunda əldə edilən diplom dünyanın hər bir tibb ocağında tanınır və məzunlar üçün geniş iş imkanları açır.

-Gələcək təhsil və karyeranızı harada davam etdirməyi düşünürsünüz?

- Məzunlarımızın çoxu son kursda ABŞ və Kanadanın keçirdiyi USMLE imtahanında iştirak edir. Bu imtahanda yüksək nəticə əldə edənlər bu ölkələrin bir çox nüfuzlu tibb universitetlərində təhsillərini davam etmək hüququ əldə edirlər. Həmçinin geniş təqaüd imkanları və maaş da mövcud olur. Mən də bütün məzunlarımız kimi bu imtahana qatılıb yüksək bal toplayaraq rezidentura üzrə ABŞ-ın Texas ştatında yerləşən Texas Cancer Center-də davam etmək istəyirəm.

Əsmər Qabil

30415070_2054313938177903_700127347679952896_n.jpg

30581905_2054313951511235_6246273562521370624_n.jpg

İlin gənc müəllimi-Müraciət formu