Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 16:30:00
Buraxılış imtahanı ilə bağlı ən çox verilən suallar və rəsmi cavabları

Martın 3-dən etibarən, respublika üzrə IX illik bazada buraxılış imtahanlarına start verilib.

AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq, buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinə ən çox ünvanlanan sualları və DİM-in bu suallarla bağlı rəsmi cavablarını təqdim edir:

SUAL-Buraxılış imtahanında səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərirmi?

CAVAB- Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.

SUAL- 2019-cu ildə IX və XI siniflər üzrə buraxılış imtahanları hansı fənlərdən keçiriləcək?

CAVAB-Buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə keçiriləcək. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verəcəklər. Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verməlidirlər.

SUAL-Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi?

CAVAB-Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər.

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 11 illik bazada kolleclərin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas  təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.

SUAL-Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan məktəblərin şagirdləri buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər?

CAVAB-Bəli, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verəcəklər və həmin imtahandan topladıqları bal da təhsil sənədinə yazılacaq.

SUAL-Buraxılış imtahanında aşağı nəticə göstərən IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam etdirə bilirlərmi?

CAVAB-Bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.   

SUAL-VIII sinifdən məktəbdən çıxmışam. Birbaşa eksternat yolu ilə buraxılış imtahanı verib 11 illik attestat ala bilərəm?

Xeyr, 11 illik təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız 9 illik təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları