Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 15:21:00
Abituriyentləri qəbul imtahanları  ilə bağlı ən çox çaşdıran suallar - RƏSMİ CAVABLAR AZEDU.AZ-DA  

Martın 15-dən etibarən, ali və orta ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbuluna start verilib.

AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq, qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinə ən çox ünvanlanan sualları və DİM-in bu suallarla bağlı rəsmi cavablarını təqdim edir:

SUAL- Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları qəbul imtahanında iştirak edə biləcəklərmi?

CAVAB - Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

SUAL- Əvvəlki illərin məzunları buraxılış imtahanı formatında keçirilən qəbul imtahanında iştirak etmədən birbaşa I, II, III və IV qruplar üzrə qəbul imtahanında iştirak edə bilərlərmi?

CAVAB - Xeyr, buraxılış imtahanı formatında keçirilən imtahanda (XI sinfi cari ildə bitirən abituriyentlər buraxılış imtahanında) iştirak etməyən abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmır. Həmin imtahanda iştirak edib qəbul imtahanında iştirak etməyən abituriyentlər isə qeyd olunan ixtisas qrupları üzrə müsabiqəyə buraxılmır.

SUAL- Buraxılış imtahanında xarici dil kimi rus dili fənnindən imtahan verəcəyəm. Bəs ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində iştirak etmək üçün nə etməliyəm?

CAVAB-Buraxılış imtahanının nəticələrinə əsasən, ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində tələb edilən xarici dildən əlavə imtahan verməlidirlər.

SUAL-İdmançıyam, beynəlxalq yarışın qalibiyəm. Ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul ola bilərəm?

CAVAB-“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Ancaq qeyd etmək lazımdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksəksəviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə beynəlxalq yarışların siyahısı isə Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilib. Sonuncu qərara əsasən, yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.

SUAL-2019-cu ildə peşə liseyini bitirən və buraxılış imtahanında iştirak edən abituriyentlər V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün əlavə imtahan verməlidirlərmi?

CAVAB-Xeyr, peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları da kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.

SUAL- Sənədlərimi xüsusi təyinatlı ali təhsil müəssisələrindən birinə vermək istəyirəm. Digər ali təhsil müəssisələrinin ixtisaslarını da seçə bilərəmmi?

CAVAB-Xüsusi təyinatlı ali təhsil müəssisəsinə sənəd verən abituriyent (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi yoxlamalardan uğurla keçdiyi təqdirdə) ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent digər ali təhsil müəssisələrinin ixtisas seçiminə buraxılmır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin müsabiqəsindən keçməyən abituriyentlər isə, müsabiqə şərtlərini ödədikləri halda, digər ali təhsil müəssisələrinin ixtisas seçimində iştirak edə bilərlər.

SUAL-Mənim oğlum 2018-ci ildə keçirilən qəbul imtahanlarında iştirak edib, lakin qəbul ola bilməyib. 2019-cu il iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, qəbul imtahanlarında iştirak edə bilərmi?

CAVAB-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatına əsasən, iyul ayının 30-dək 18 yaşı tamam olmuş gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Dövlət Xidmətinin müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır. Oğlunuz yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.

SUAL-Mən orta məktəbin 11-ci sinfini keçən il bitirmişəm, məktəbdə alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ali məktəblərə və kolleclərə qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm?

CAVAB-Bəli, orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilində verən əvvəlki illərin məzunları xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dilini seçə bilərlər.

SUAL-Ötən il rus bölməsinin abituriyenti olmuşam. Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alsam da, qəbul imtahanında kifayət qədər bal toplaya bilmədiyimə görə universitetə qəbul olmadım. Bu il Azərbaycan dili fənnindən yenə imtahan verməliyəm?

CAVAB- Xeyr. Rus bölməsinin abituriyentləri Azərbaycan dili fənni üzrə keçirilən test imtahanından “məqbul” qiymət alırlarsa, həmin nəticə cari və növbəti tədris ili üçün etibarlı olur. Beləliklə, sizin 2018-ci ildə Azərbaycan dili fənni üzrə verdiyiniz imtahanın nəticəsi bu il də qüvvədə olacaq.

SUAL-Orta məktəbi cari ildə Azərbaycan bölməsi üzrə bitirirəm. Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak edə bilərəm?

CAVAB-Bəli, iştirak edə bilərsiniz. Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən əlavə imtahan verməlidirlər.

SUAL-Orta məktəbdə ingilis bölməsində təhsil alıram. Ali təhsil müəssisələrinin rus bölməsinin ixtisaslarının müsabiqəsində iştirak etmək üçün rus dili fənnindən də imtahan verməliyəm?

CAVAB-Bəli, Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər (ingilis, gürcü və sair) dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

SUAL-2019-cu ildə V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında dəyişiklik olacaqmı?

CAVAB- Xeyr, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul yenə də buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən  qəbul imtahanı verəcəklər. V qrup üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.

SUAL-2019-cu ildə orta məktəbi bitirəcək abituriyentlər ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış və qəbul imtahanlarından topladıqları balların cəminə əsasən iştirak edəcəklər. Bəs əvvəlki illərin məzunları üçün müsabiqə necə keçiriləcək?

CAVAB-I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

SUAL-I, II, III və IV ixtisas qruplarının biri üzrə birinci (yaz) qəbul imtahanında iştirak etdikdən sonra ikinci (yay) qəbul imtahanında başqa bir ixtisas qrupu üzrə iştirak etmək olarmı?

CAVAB-Bəli, qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən, 2018-ci ildən etibarən abituriyentlər eyni ildə I, II, III və IV qrupların ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər. Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

SUAL- Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və orta məktəbi Dağıstanda bitirmişəm. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada təqdim etməliyəm?

CAVAB- Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) DİM-də və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

SUAL- Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?

CAVAB - Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.

Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün DİM tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.   

SUAL- Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm?

CAVAB-Xüsusi təyinatlı təhsil müəssisələrinə, o cümlədən Polis Akademiyasına qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyentlər tələb olunan sənədləri təqdim etdikdən sonra həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanı verməlidirlər.

SUAL-İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir?

CAVAB- İkinci ali təhsil almaq istəyən abituriyentlər ümumi qaydada DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Belə abituriyentlər qəbul elanında qeyd olunan sənədlərlə yanaşı Sənəd Qəbulu Komissiyasına ali təhsil haqqında sənədi (əslini), ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı, attestatın əslini və ya məzunu olduğu təhsil müəssisəsi tərəfindən verilən attestat qiymətləri göstərilən arayışı təqdim etməlidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları