Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 15:06:00
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması  

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində  Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışması başa çatıb.

AzEdu.az xəbər verir ki, bilik yarışması SABAH qruplarında təhsilin keyfiyyətinin artırılması və onun təşviq edilməsi, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və onların inkişafına təkan verilməsi məqsədi ilə keçirilir.

Bilik yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) 800-dək SABAH qrupu tələbəsi qeydiyyatdan keçib. Ötən illə müqayisədə bilik yarışmasında iştirakçıların sayı 40 faizədək artıb.

Riyaziyyat üzrə bilik yarışması riyazi analiz, differensial tənliklər, xətti cəbr, ehtimal nəzəriyyəsi, müəllimlik üzrə bilik yarışması pedaqogika, psixologiya, nitq mədəniyyəti, kurikulum, informasiya texnologiyaları üzrə bilik yarışması isə verilənlərin strukturu, verilənlər bazası sistemləri istiqamətlərini əhatə edir.

Yarışmaların birinci mərhələsi müvafiq olaraq 25, 27 fevral və 1 mart tarixlərində, ikinci və final mərhələləri isə 11, 13 və 15 mart tarixlərində Bakı Dövlət Universitetində (Riyaziyyat üzrə), Azərbaycan Dövlət Pedaqoji Universitetində (Müəllimlik üzrə) və Azərbaycan Texniki Universitetində (İnformasiya Texnologiyaları üzrə) keçirilib.

Bilik yarışmasının birinci mərhələsinin nəticələrinə görə 160-dan çox SABAH tələbəsi ikinci mərhələdə iştirak edib. I mərhələdən uğurla keçən və II mərhələdə iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim edilib.

Final mərhələsində riyaziyyat üzrə 7, müəllimlik üzrə 14 və informasiya texnologiyaları üzrə 7 tələbə iştirak edib.

Riyaziyyat üzrə bilik yarışmasının final mərhələsində I yeri Süleyman Bağırov, II yeri Rübabə Hüseynova, III yeri isə Aygül Bayramova tutub. Müəllimlik üzrə keçirilən bilik yarışmasında I yeri Mərziyyə Əzməmmədova, II yeri Çərkəz Kazımova, III yeri Flora Bayramova qazanıb. İnformatika üzrə isə I yeri Süleyman Bağırov, II yeri Aygül Bayramova, III yeri Murad Qaraşov əldə edib.

Bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi cari ilin aprelində Bakı Dövlət Universitetində təşkil olunacaq.