Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 12:52:00
Regionda ən müasir tələblərə cavab verən peşə təhsil mərkəzi - REPORTAJ

Rəşad Xanlarov: “Koreya təhsil modeli və standartları əsasında qurulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda və regionda ən müasir tələblərə cavab verən təhsil müəssisəsi olacaq”.

Adıçəkilən peşə təhsil mərkəzi ilə yaxından tanış olub, burada tələbələrə yaradılacaq şəraiti oxuculara çatdırmaq üçün Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yollandıq.

Mərkəz haqqında...

Burada tikinti işlərinə Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə başlanılıb. Mərkəzdə tikinti işləri davam etdirilir və tikintinin 80 faiz hissəsi tamamlanıb. Cari ilin aprelində Koreya hökuməti tərəfindən avadanlıqların emalatxanalara quraşdırılmasına başlanılacaq.

Birinci tədris ilində mərkəzdə 480 nəfər tələbənin təhsil alması nəzərdə tutulub.  Bu say növbəti illər ərzində artırılacaq.

Mərkəz 2019-cu ilin sentyabrından fəaliyyətə başlayacaq.

Diqqətimizi ilk olaraq təhsil müəssisəsinin direktoru vəzifəsini icra edən Rəşad Xanlarovun koreyalı mütəxəssislərlə ingilis dilində səlis danışığı çəkir. Azca təəccüblənirik...

Bu səbəbdən əvvəlcə Rəşad Xanlarovdan şəxsi profili barədə məlumat almağı daha məqsədəuyğun hesab etdik.

Öz dilindən TƏQDİMAT: “Uzun müddət beynəlxalq şirkətlərdə, neft-qaz sənayesində çalışmışam. Sənayenin içərisindən təhsilə gələn mütəxəssislərdənəm. Şirkətlərdə çalışan zaman hansı ixtisaslar üzrə tələbatımızın olduğunu müəyyənləşdirib, gələcək fəaliyyət planımızı bu istiqamətlər üzərində qururduq. Çalışdığım şirkətlərdə yerli kadrlara və onların hazırlanmasına  böyük ehtiyac olub. Məsələn, layihələrin icra olunmasında yerli mütəxəssislərin hazırlıqsızlığı  müəyyən boşluqlar yaradırdı. Biz də yerli resursları universitetlərdən cəlb etməyə və  inkişafa nail olmağa cəhd göstərirdik. Təcrübəmin məhz bu sahədə olması mənə hazırda çox yardımçı olur. Çalışırıq ki, həmin boşluqları doldurmaq üçün yerli kadrları peşə təhsili müəssisələrində beynəlxalq standartlara uyğun yetişdirək”.

Praktik məşğələlərə 60-70 faiz əsaslanan metod

Sənayedən birbaşa təhsilə istiqamətlənən müsahibimiz bizi təmir işlərinin hələ də davam etdiyi mərkəzlə əyani tanış edə-edə, söhbətini də yarımçıq qoymur:

“Başlıca məqsədimiz sənaye ehtiyaclarına tabe olan rəqabətli kadr hazırlamaqdır. Qoyulan hədəf və məqsədlərə çatmaq üçün mərkəzin fəaliyyət istiqamətlərindən biri sənaye qurumları arasında məqsədyönlü əməkdaşlıq yaratmaq və mərkəzdə müasir tələblərə cavab verən peşə təhsili modelini qurmaqdır. Bu da öz növbəsində istedadların aşkar edilməsinə və onların müvafiq sahələrdə inkişafına şərait yaradacaq”.

Daha bir YENİLİK: Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunacaq. Proqramda  60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.

Təhsil müəssisəsinin Koreya hökuməti tərəfindən maddi-texniki  baza ilə təchiz olunması nəzərdə tutulub. Avadanlıqlar emalatxanalarda quraşdırılacaq və ixtisaslar üzrə tələbələrə dərslər keçiriləcək. Mərkəzdə fəaliyyət göstərəcək elektron kitabxana və laboratoriyalar da yüksək standartlara cavab verəcək.  

Qəbul aparılan ixtisaslar:  İKT, Avtomobil, Mexanika, Sənayedə quraşdırılma işləri, Elektronika, Elektrotexnika, Avtomatika və İnşaat.

Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün şans yaranacaq. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir.

Niyə məhz Koreya təhsil modeli?

Rəşad Xanlarovun bu suala cavabı belə olur:

“Koreya peşə təhsili modeli dünyada ən müasir təhsil standartları hesab olunur. Bu ölkədəki peşə təhsil müəssisələrinin tələbələri hər il keçirilən müsabiqələrdə ilk üçlükdə yer alırlar. Bu səbəbdən Koreya modelini Azərbaycanda tətbiq edən ilk mərkəz olacağıq”.

“Dərslər Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən tədris olunacaq”

Müsahibimizin sözlərinə görə, müəllimlər ötən il birbaşa sənayedə çalışan peşəkar kadrlar tərəfindən seçilərək 3 ay müddətində Koreyada təlimə göndərilib. Hazırda tədris planı üzərində iş aparılır.

Müəllimlərin seçimi

Təlimçiləri seçərkən onların həm ixtisasları, həm də bu ixtisas üzrə təcrübi bilikləri nəzərə alınır. Mütəxəssislər birbaşa sənayedə çalışan insanlar arasından seçilib. Bundan əlavə, müəllimlərdə kompüter, dil bilikləri kimi amillərin mövcudluğuna da diqqət yetirilib. Mərkəzin fəaliyyəti beynəlxalq səciyyə daşıyacağı üçün burada çalışan müəllimlərin müəyyən səviyyədə ingilis dili biliyinə malik olması mütləqdir.

Yataqxana

Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 nəfər tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılacaq.  

Tələbə qəbulu qaydaları

Tələbə qəbulu prosesi standart qəbul qaydaları əsasında aparılacaq.

Mərkəzdə təhsil almağın üstünlükləri

Burada təhsil alan gənclər tədris müddətindən sonra şirkətlərdə müəyyən müddət ərzində təcrübə proqramlarında iştirak edəcəklər.

Müəssisələrlə əməkdaşlığın vacibliyindən danışan Rəşad Xanlarov tələbələrin işlə təmin olunmasının mümkünlüyü barədə də söz açıb:

“Biz tələbələri uyğun şəkildə yönləndirəcəyik. Tələbələr mərkəzimizdə tədris aldıqları zaman burada fəaliyyət göstərəcək Karyera Mərkəzinin təlimləri, məsləhət xidmətləri və peşə təcrübəsi proqramlarından bəhrələnəcəklər. Ümid edirik ki, bu səylərimiz nəticəsində təhsil müddəti bitdikdən sonra onlar real işlə təmin olunacaqlar.

Təhsilalanların müəyyən müddət Koreya kolleclərində tədris vaxtı və ya yay aylarında təcrübə keçmələri üçün danışıqlar aparılır. Mərkəzimizdə quraşdırılacaq maddi-texniki baza hazırda Koreya kolleclərinin malik olduğu avadanlıqlardır. Tələbə ixtisası üzrə özünə lazım olan bütün praktiki bilgiləri burada əldə edə biləcək”.

Dərsliklər

Tədris prosesindəki ən maraqlı məqamlardan biri də Koreyada istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcümə olunaraq tələbələrə təqdim olunmasıdır.

Müsahibimiz I kursu bitirən tələbənin avadanlıqlarla çalışa biləcək gənc kimi yetişəcəyini qeyd edir. Onun sözlərinə görə, 1 il ərzində təhsil alan tələbələr müəssisələrdə nəzarət altında istehsalatda işləmək potensialında olacaqlar. 3 il təhsil alanların isə istehsalatda müstəqil çalışmaq bacarığında olacaqları diqqətə çatdırılır.

Mərkəzin fəaliyyətinin digər əsas istiqamətlərindən biri yerli və xarici şirkətlərlə əməkdaşlıqdır. Mövcud əməkdaşlığı genişləndirmək üçün xüsusi addımlar atılır.

Təhsil sənədi

Mərkəzi qurtaran tələbələrə dövlət tərəfindən təsdiq edilmiş formada peşə təhsili haqqında dövlət sənədi – diplom veriləcək. Lakin əsas məqsədin başqa olduğunu xüsusi qabardan Rəşad Xanlarov fikirlərini bu cür izah edir:

“Bizim əsas məqsədlərimizdən biri diplomun beynəlxalq miqyasda da tanınmasını təmin etməkdir. Əsas hədəf tələbəyə yalnız diplom deyil, eyni zamanda keyfiyyətli təhsil vermək və onu praktik cəhətdən kadr olaraq yetişdirməkdən ibarətdir. İxtisaslar seçilərkən əmək bazarındakı tələbatı araşdırmışıq. Bu biliklərə malik kadrlara ehtiyac böyükdür.

Onu da qeyd edim ki, təhsil müəssisəsində Xarici Dil Mərkəzi  də fəaliyyət göstərəcək ki, burada tələbələr texniki ingilis dili kurslarından bəhrələnəcəklər. Uzunmüddətli inkişaf planımızda başqa məsələlərlə yanaşı, bu məqam da əksini tapıb”.

Cari ilin sentyabrından fəaliyyətə başlayacaq mərkəz indidən bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Bu baxımdan təhsil sistemimizə tamamilə yeni nəfəs gətirməyi və peşəkar kadrlar hazırlamağı qarşıya məqsəd qoyan Peşə Təhsil Mərkəzinin ümidləri doğruldacağına dair inamımız böyükdür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları