Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 11:00:00
Bu universitetlərdə oxuyanlara şad xəbər: “Təqaüdləriniz tezliklə köçürüləcək” – Dəqiq tarixlər  

“Martın təqaüdü  artımla bir yerdə tələbələrin kartlarına köçürülüb”.

Novruz bayramı ərəfəsində tələbələri qayğılandıran bir vacib məsələ var: Görəsən, təqaüdləri nə zaman köçürüləcək? Bu, təbii ki, bütün tələbə kəsiminə aid deyil; çünki aralarında onları  təqaüdlərinə qovuşduran universitetlər də var.

AzEdu.az  universitetlərin mətbuat mərkəzləri ilə əlaqə saxlayaraq, təqaüdlərin nə vaxt veriləcəyini öyrənməyə çalışıb:

Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov mart ayına aid təqaüdlərin artımla bir yerdə tələbələrin hesabına köçdüyünü deyir:

“ADNSU-da artıq dünən mart ayının təqaüdü, artımla bir yerdə tələbələrin kartlarına köçürülüb. Yəni, fevral ayı təqaüdləri əvvəlki qaydada, mart ayı isə cənab prezidentin sərəncamına uyğun olaraq, artırılmış formada tələbələrin hesabına köçürülüb”.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev taqaüdlərin universitet hesabına köçürüldüyünü, tələbə kartlarına isə, yaxın günlərdə  keçəcəyini bildirib:

“Azərbaycan Texniki Universitetinin tələbələri bayrama kimi təqaüdlərini ala biləcəklər. Belə ki, təqaüdlər artıq universitet hesabına köçürülüb. Sabah, ya da növbəti həftənin 1-ci günü tələbələrin kartlarına köçürüləcək. Yeni, təqaüd alacaq tələbələr isə kartları hazır olduqdan sonra təqaüdləri köçürüləcək”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva:

“Təqaüdlər bayrama qədər tələbələrin hesabına köçürüləcək. Hətta rektorun əmri ilə universitetin müəllimlərinə, əməkdaşlarına Novruz bayramı ilə əlaqədar pul mükafatları da verilib. Bir neçə gün öncə artıq hamı bayram mükafatını alıb”.

Lənkəran Dövlət Universitetinin  mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova fevralın təqaüdlərinin artıq köçürüldüyünü, martın isə artımla balı gecikdiyini bildirib:

“Fevralın təqaüdləri  köçürülüb, “mart ayı” isə hələ ödənilməyib. Təqaüdlərin artımı ilə bağlı universitet hesabına əlavə vəsaitin köçürülməsini gözləyirik. Bu köçürülmə baş tutan kimi təqaüdlər ödəniləcək. İşçilərin maaşları və əlavə də mükafat verilib”.

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, təqaüdlər bayramdan sonra tələbələrin hesabına köçürüləcək.

“Təqaüdlərin tələbələrin hesabına köçürülməsi bayramdan sonra baş tutacaq”.

Rəna Nəbi