XƏBƏRLƏR

18.03.2019 09:15
“Ödənişsiz təhsil  imkanı  bu tələbələr üçün böyük stimul olacaq” -Deputat

 

 “Şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  deputat  Kamilə Əliyeva şəhid övladlarına peşə təhsil və elmi müəssisələrdə ediləcək güzəştlərdən danışarkən, bildirib:

“2019-cu il ölkədə inqilabi islahatlar ili kimi başlanıb. Cənab Prezident İlham Əliyev demək olar ki, bütün sahələrdə islahatlar aparıb. Elə bir sahə yoxdur ki orda xalqın rifah halının yaxşılaşdırılmasına təsadüf olunmasın. Yanvar ayından bəri minimum əmək haqqının, pensiyaların, incəsənət işçilərinin maaşlarının, ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin  artırılması və s. Bütün bunlar xalqın  rifahının artırılmasına xidmət edən, sosial yönümlü islahatlardır.

Şəhid ailəsinə mənsub şəxslərin təhsil haqlarından azad edilməsi də bu qəbildən addımdır. Valideynlərini itirdikləri üçün, təhsil haqlarını ödəmək onlara  çox çətin olduğundan belə  bir addım atıldı. Bu qərar bu qəbildən olan tələbələr  üçün böyük stimul olacaq. Bu, dövlətin daim vətəndaşlarının yanında olduğunun bariz göstəricisidir.

Ümumiyyətlə, şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir.  Onların rifahının artırılması üçün hər zaman xüsusi addımlar atılıb: evlə təmin olunması, birdəfəlik 11 min manat müavinətlərin verilməsi və s. Şəhid ailələri ilə bağlı demək olar ki, lazımı bütün addımlar atılıb. Əgər yenə də onlarda hər hansı problem yaranarsa  müvafiq dövlət orqanlaına müraciət edə bilərlər”.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilir.

Bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi  bir neçə gün öncə Milli məclisin İnsan hüquqları komitəsində müzakirə edilib.

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 Rəna Nəbi

 

İlin gənc müəllimi-Müraciət formu