Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-17 23:20:00
Məktəblilər iqlimin müdafiəsi üçün kütləvi nümayiş keçirdi

Bu həftənin istirahət günlərində Berlinin mərkəzindəki “İnvalidenpark” parkında məktəblilər iqlimin müdafiəsi üçün kütləvi nümayiş keçiriblər. İlk dəfə idi ki, uşaqların valideynləri ilə yanaşı, müəllimlər, ölkənin yaradıcı və elmi dairələrinin nümayəndələri də məktəbliləri dəstəkləməyə gəlmişdilər. Berlinli velosipedçilər də nümayişçilərə qoşulub. AzEdu.az xəbər verir ki, belə nümayişlər əvvəllər də keçirilib. Məqsəd siyasətçiləri iqlimin və ətraf mühitin qorunması üçün daha çox səy göstərməyə sövq etməkdir.

Polisin məlumatına görə, nümayişdə təqribən 5000 nəfər iştirak edib. Hələ mitinqin başlanmasına bir saat qalmış park adamlarla dolu idi, mitinq başlanandan bir saat sonra isə iştirakçıların sayı hədsiz artdığına görə İnvalidenştrasse küçəsi qismən bağlanıb.

 

Almaniyanın digər şəhərlərində (210 yaşayış məntəqəsində) də məktəblilər nümayiş keçiriblər. Mitinqlərə toplaşanların ümumi sayı 60 minə yaxın olub.

 

Xatırladaq ki, iqlimin müdafiəsi üçün nümayişlər keçirmək təşəbbüsünü ekologiya hərəkatının fəal üzvü, 16 yaşlı isveçli məktəbli Qreta Tunberq irəli sürüb. O, 2018-ci ilin avqust ayında Stokholmda İsveç Parlamentinin yaxınlığında “iqlim uğrunda məktəb tətili” təşkil edib. Tunberqin bu aksiyası bütün dünyada ekologiya hərəkatı davamçılarının diqqətini cəlb edib, sonra başqa ölkələrdə də oxşar nümayişlər keçirilib.