Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-17 14:31:00
Çoxdan gözlənilən yeniliklər-Elm və Təhsil Komitəsinin təklif-qərarlar icmalı  

Martın 13-də Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Elm və təhsil komitəsinin keçirilən növbəti iclasında  "Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir sıra təklif və qərarlar səsləndirilib.

 “Ümumi təhsil haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edən komitə sədri İsa Həbibbəyli komitənin il yarımdır bu qanun layihəsi üzərində çalışdığını deyib.   Qanun layihəsi Maliyyə və Təhsil nazirliklərinə də göndərilib. Münasibət ümumən müsbət olub, məqbul təkliflər qanun layihəsinə daxil edilib. Əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb, əsas anlayışlar maddəsi təkmilləşdirilib.

 Komitə üzvləri Musa Qasımlı və Sona Əliyeva layihə ilə bağlı qeyd və təkliflərini səsləndiriblər.

AzEdu.az  Milli Məclisin Elm və təhsil komitəsində təklif və qərarların icmalını təqdim edir:

Dövlət ümumi təhsil müəssisələrində təhsil alanları işlə təmin edəcək

Ümumi təhsil müəssisələrində təhsil alanlar peşəyönümlü işlə təmin olunacaq.

Bu sözlər geridə buraxdığımız günlərdə  Elm və təhsil komitəsinin  keçirilən iclasında  “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyilib. Bildirilib ki, bu barədə adı çəkilən qanunun  4-cü maddəsində (Ümumi təhsil sahəsində dövlətin vəzifələri) qeyd edilib.

 Ucqar yerlərdə çalışan təhsil işçilərinin  əmək haqlarına və vəzifə maaşlarına əlavələr olunacaq

 Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr ediləcək.

Bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 26-cı maddəsində (Ümumi təhsil müəssisəsində təhsilverənlərin sosial müdafiəsi) qeyd edilib.

Sənəddə göstərilib ki, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin  əmək haqlarına və vəzifə maaşlarına qanunvericilikdə müəyyən edilmiş qaydada əlavələr olunacaq.

Keçirilən iclasda Milli Məclisin deputatı iki nazirliyə çağırış edib

 Elm və təhsil komitəsinin iclası zamanı deputat Sona Əliyeva bildirib ki,   “Ümumi təhsil haqqında” qanun layihəsi bir çox insanları əhatə edir:

“Ümumi təhsil haqqında” qanun layihəsi uzun zamandır ki, gözlənilən, geniş, düşünülmüş və hər bir detalı özündə cəmləşdirən qanun layihəsidir”.

Sona Əliyevanın sözlərinə görə, hazırda bu sahədə problemlərdən biri autizmli uşaqların təhsil məsələsidir.

Deputat bildirib ki, Azərbaycanda 6 minə yaxın uşaq inklüziv və normal təhsil almaq imkanından kənarda qalıb:

“Bildiyiniz kimi ölkəmizdə 2015-ci ildə bu uşaqların sağlamlıq imkanları məhdud olması ilə bağlı kriteriya müəyyənləşib. Lakin “Təhsil haqqında” qanunda bu məsələ nəzərə alınmayıb. Autizmə 4 sindromlu xəstələrin daxil olduğunu nəzərə alsaq, bu problemin aradan qaldırılması istiqamətinə diqqət çəkilməlidir. Bəs onlar harada təhsil almalıdır?”.

“Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı  özəl təhsildə tibbi müayinə ilə bağlı təkliflərə “YOX” deyilib   

Ötən gün keçirilən Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəylinin  bildirib ki, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə edilən zaman təklif edilən özəl təhsil müəssisələrində də təhsil alanların tibbi müayinəsinin ödənişsiz həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Komitə sədri qeyd edib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər:

 Akkreditasiya ilə bağlı yeni təkliflər paketi hazırlanır  

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva ötən gün komitənin keçirilən iclasında bildirib ki, Azərbaycanda təhsil xidmətlərini həyata keçirən fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi təklif edilib.

O, təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsini vacib sayıb:

“Çox istərdim ki, Təhsil Nazirliyi təkcə  təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirilən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin. Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var.

Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir. Bu baxımdan bu məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim”.

Komitənin sədri İsa Həbibbəyli isə  qeyd edib ki, ən yaxın zamanlarda akkreditasiya ilə bağlı yeni təkliflər paketi müzakirə üçün təqdim ediləcək. O, hazırda bu istiqamətdə işlərin aparıldığını da qeyd edib.

Bu abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müəyyən edilmiş şərtləri yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar .

Bu sözlər Milli Məclisin Elm və təhsil komitəsinin  keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyilib. Bildirilib ki, bu barədə daha ətraflı məlumat adı çəkilən qanunun  13-cü maddəsində (Ümumi təhsil təşkili) qeyd edilib.

  “Ümumi təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub

İclasda Əmək, Vergi, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda (birinci oxunuş), “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlarda da dəyişikliklər edilməsi barədə məsələlərə baxılıb. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır, qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.

Komitə üzvləri bu qanunlara təklif olunan dəyişiklikləri də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Bununla da elm və təhsil komitəsinin iclası başa çatıb.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları