Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 13:13:00
“Vikipediya”da Azərbaycanın ilk qadın metallurqu haqqında məqalə yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı Zəminə Həsənova haqqında “Vikipediya”da Azərbaycan və ingilis dillərində məqalə yaradılıb.

MEK-dən AzEdu.az-a bildirilib ki, məqalədə Z.Həsənovanın həyatı, əmək və ictimai fəaliyyəti haqqında məlumat verilir. Bildirilir ki, 1918-ci il mayın 10-da Corat qəsəbəsində anadan olan Z.Həsənova əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. O, əmək fəaliyyətindəki uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı adına, 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb, “Lenin” ordeni, “Oraq və çəkic” qızıl medalı ilə təltif edilib.

Z.Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI çağırış SSR Ali Sovetinin deputatı olub. 2002-ci il oktyabrın 2-də ölkə rəhbərinin müvafiq Sərəncamı ilə Zəminə Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Görkəmli metallurq qadına musiqisi Ə.Tağıyevə, sözləri R.Zəkaya məxsus “Zəminə” mahnısı həsr olunub. O, 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və yaşadığı binaya xatirə lövhəsi vurulub.

(AzərTac)