XƏBƏRLƏR

14.03.2019 20:09
Universitetdə “Novruz” festivalı

Martın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələrin “Novruz” festivalı keçirilib. AzTU-dan AzEdu.az-a verilən məlumata görə, festivalı giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Xalıq Yahudov əcnəbi tələbələri bayram münasibətilə təbrik edib. O bildirib ki, AzTU-da əcnəbi tələbələrin “Novruz” festivalının keçirilməsi ənənəsi əvvəllər də mövcud olub və bu ənənənin yenidən bərpa olunması təqdirəlayiq haldır.

 

Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov AzTU-da təhsil alan əcnəbi tələbələrin təhsili və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verib.

 

Universitetin beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyə Ağayeva və əcnəbi tələbələrin təhsili şöbəsinin müdiri, professor Elçin Mustafayev isə son illər AzTU-da beynəlxalq əlaqələr, layihələr və əcnəbi tələbələrin universitetə cəlb olunması ilə bağlı görülən işlərdən danışıblar.

 

Tədbirdə xarici tələbələr Azərbaycan dilində “Novruz” adət-ənənələrinə aid səhnəciklər nümayiş etdiriblər və şeirlər səsləndiriblər. Bir qrup əcnəbi məzun isə videobağlantı ilə festival iştirakçılarının bayramını təbrik edib.

 

Sonda festivalda fəal iştirak edən əcnəbi tələbələrə sertifikatlar, əcnəbi tələbələrin hazırlığı kurslarında dərs deyən Azərbaycan dili müəllimi Aynur Fərəcovaya və rus dili müəllimi Tamilla Hüseynovaya isə mükafat təqdim olunub.

 

Qeyd edək ki, əcnəbi tələbələrin “Novruz” festivalını xarici qonaqlar da izləyiblər.

İlin gənc müəllimi-Müraciət formu