XƏBƏRLƏR

14.03.2019 16:54
Bu xırdalıqlara diqqət etməyən bağçaların fəaliyyətini yararsız sayılmalıdır – Rəsmi qərar  

Övladını məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideyn öncə həmin məktəbəqədər təhsil müəssisəsinin təchizatına diqqət edir. Hazırda müxtəlif özəl və dövlət bağçaları dizayn, texniki təchizat məsələlərinə görə bir-birindən fərqlənirlər.

Əslində isə,bağçaların təchizatı zamanı uşaqların yaş həddinə və boyuna aid müxtəlif tələblər nəzərə alınmalıdır.

AzEdu.az xəbər verir ki, bununla bağlı normativlər Nazirlər Kabinetinin 3 avqust, 2012-ci il tarixli qərarında da əks olunub. Qərarda şagirdin hiperaktiv fəaliyyətindən tutmuş, fiziki məhdudiyyətinə qədər hər şey nəzərə alınıb.

Burada göstərilib ki, oyun zamanı uşaqların fiziki fəallığı nəzərə alınmalı, meydançada turnik, gimnastika divarı, pilləkən, yelləncək, labirintlər, mürəkkəb oyun konstruksiyaları və digər avadanlıqlar olmalıdır. Bunlar uşaqların yaş və boyuna uyğunluqla bərabər, keyfiyyət və təhlükəsizliyi təsdiq edən sənədlərə də malik olmalıdır.

Bağça avadanlığının səthində iti çıxıntı və üzə çıxan yivlər olmamalıdır. Avadanlıq ağırlığa davamlı yüksəkkeyfiyyətli materiallardan hazırlanmalı, suya, yuyucu vasitələrin təsirinə davamlı olmalıdır.

Körpələrin qrup otağının işıqlı hissəsində qrup maneji quraşdırılır. Uşaqların döşəmədə iməkləməsi üçün kənarları məhdudlaşdırılmış sahə ayrılır. Eyni zamanda, hündürlüyü 0,8 m, sürüşmə enişinin uzunluğu 0,9 m olan oyun avadanlıqları və uzunluğu 1,5 m, eni 0,4 m, məhəccərlərinin hündürlüyü isə 0,45 m olan körpücüklər nəzərdə tutulub.

Bufetin yaxınlığında 8-12 aylıq uşaqlar üçün bələmə masaları vəhərəkətli kreslolarla təchiz edilmiş xüsusi masalar mütləqdir. Masanın hündürlüyü 0,7-0,75 m, oturacaqdan masanın yuxarı kənarına qədər hündürlük isə 0,2 m olmalıdır.

Bundan əlavə, kiçik və orta yaşlı uşaqlar üçün 4 yerlik, yuxarı yaşlılar üçün isə 2 yerlik masalar nəzərdə tutulub.

Stolüstü oyunlar üçün lentşəkilli pəncərəaltı və tədris masalarından istifadə edilir.

Məşğələ masaları işıqsaçan divarın yaxınlığında, soltərəfli işıqlanmanın təmin edildiyi şəraitdə quraşdırılmalıdır. Solaxay uşaqlar sağtərəfli işıqlandırma şəraitində yazıb-oxumalıdırlar. Dördyerlik masalar 2, ikiyerlik masalar isə 3 sıradan artıq olmayaraq yerləşdirilməlidir.Sıralararasıməsafə 0,5 m-dən az ola bilməz.

İlk masadan yazı taxtasına qədərki məsafə 2,5-3,0 m nəzərdə tutulub.Divardakı lövhənin ölçüsü 0,75-1,5 m, onun aşağı kənarının döşəmə səthindən hündürlüyü isə 0,7-0,8 m olmalıdır.

Otaqlar təchiz edilərkən uşaqların sağlamlıq, görmə və eşitmə səviyyələri də nəzərə alınmalıdır. Tez-tez soyuqdəymədən əziyyət çəkənlər pəncərə və qapılardan uzaqda, eşitmə və görmə qabiliyyəti zəif olan uşaqlar  isə öndəki masalarda əyləşdirilirlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəsi açmaq istəyən şəxs lisenziya ala bilmək üçün eçdiyi məkan qərarda təchizatla bağlı göstərilən tələblərə cavab verməlidir. Əks halda fəaliyyət göstərə bilməyəcək.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu