XƏBƏRLƏR

14.03.2019 14:33
Komitə sədri alimləri bir araya toplatı 

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər (HEB) Bölməsinin növbəti Ümumi yığıncağı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Akademik İsa Həbibbəyli iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı sərəncamlarının icrası məsələsinə baxılıb. Akademik İsa Həbibbəyli dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik, şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik, akademik Həmid Araslının 110 illik yubileyləri ilə əlaqədar bölməyə daxil olan elmi müəssisələrdə keçirilən tədbirlər haqqında geniş məlumat verib. Qeyd edib ki, silsilə tədbirlər ilin sonuna kimi davam edəcək.

HEB-ə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Bildirilib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 nəfər qəbul olunub. Müzakirələrdən sonra bölmə dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Tədbirdə "Türk dilləri araşdırmaları" toplusunun nəşri məsələsinə baxılıb. Bildirilib ki, toplu Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi tərəfindən hazırlanıb. Müzakirədən sonra nəşrin çapı ilə bağlı müvafiq qərar verilib.

ölmənin növbəti qərarı ilə filologiya elmləri doktoru Məhərrəm Qasımlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri vəzifəsinə təsdiq olunub. Həmin institutun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Vüqar Əhməd, Uşaq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Elnarə Akimova, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə isə filologiya elmləri doktoru İslam Qəribov təsdiq olunublar. İclasda həmçinin digər kadr məsələlərinə baxılıb.

Sonra cari məsələlər müzakirə olunub. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı HEB-in Fəxri fərmanları ilə təltif ediliblər.