Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-12 15:53:00
ABŞ-da oxumaq istəyənlərin bilmədikləri – “Bu sertifikatınız yoxdursa...”

Güclü təhsil sisteminə malik ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır.

ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dünyanın ən yaxşı 50 universitetindən 20-si Amerikadadır. Amerika  universitetlərində dərslər avqustun sonunda və ya sentyabrın birinci yarısından başlayır . Tədris ili may ayında və ya iyunun əvvəlində başa çatır.

Amerika Birləşmiş Ştatlarında 12 illik orta təhsil pilləsini başa vuran şagirdlər 2 illik və ya 4 illik kolleclərə, eləcə də universitetlərə daxil ola bilərlər. 2 illik kolleclər icma kollecləri kimi tanınır.

ABŞ-da ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərdən orta məktəb nailiyyətləri haqqında sənəd (GPA), müəllimlərin zəmanəti, inşa yazı işi ilə yanaşı, SAT (təhsilin qiymətləndirilməsi testi), SAT FənnTestləri və ya ACT (Amerika kollec testi) imtahanının nəticələri tələb olunur.

“Amerika universitetlərin 50 %-i SAT imtahan sertifikatı olmadan tələbə qəbulu edir”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. Onun sözlərinə görə,  SAT imtahan sertifikatı olmadan Amerika universitetlərində  təhsil almaq istəyənlər TOEFL nəticəsi ilə oxuya bilərlər:

“TOEFL nəticəsi ilə tələbə qəbulu edən universitetlər orta səviyyəli ali məktəblərdir.  Yəni, əsasən mərkəzdən kənar ştatlarda yerləşən univesitetlərdə  SAT imtahan nəticəsi  tələb olunmur.  Amerikada oxumaq istəyən ilk növbədə ingilis dilini bilməlidir. Əgər Amerikada təhsil almaq istəyənlərinin beynəlxalq dil sertifikatı yoxdursa orada  “Foundation” oxuya bilər.

Həsən Əliyev bildirib ki, tələbələrin Amerikada orta yaşayış xərcləri 1000 dollardır:

“Amerikada yaşayış xərcləri 1000dollar olsa da amma ştatlara görə bu rəqəm dəyişə bilər. Amerikanın mərkəzdən kənar  bəzi ştatlarında yaşayış xərcləri 700 dollardır.  Onu da qeyd edim ki, Amerika universitetlərində tələbələr oxuduqları müddətdə işləyə də bilər. Ümumiyyətlə, Amerikada tələbələrə  həftədə 40 saat iş izni  verilir. Universiteti bitirən tələbələr isə 1il işləmək şansı əldə edə bilərlər. Bununla da tələbələrin təhsil vizası 1il uzadıla bilər.  Məhz bu da Amerikada təhsil almağın üstünlükləri sırasındadır.  Əlavə olaraq bildirim ki, İngiltərə universitetlərindən də məzun olanlar 1il işləmək şansı əldə edə bilərlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları