Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 17:40:00
Dünyanı tədrisi ilə təəccübləndirən ölkə - Estoniya təhsilinin özəllikləri  

Estoniyada  təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir.

 Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq Estoniya təhsil sisteminə aid zəruri məlumatları təqdim edir:

Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır.

Ölkənin ən qədim ali təhsil ocağı olan 1632-ci ildə yaradılan Tartu Universitetidir.

Estoniyada təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir.

Ölkədə təhsil sistemi  məktəbəqədər, əsas, orta, ali olmaqla 4 mərhələyə bölünür.

Estoniyada uşaqların məktəbəqədər təhsilə cəlb olunması valideynlərin istəyindən asılıdır. Ölkədə uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. Burada əsas təhsil pilləsi I-IX sinifləri əhatə edir. Əsas təhsil I-III, IV-VI, VII-IX olmaqla 3 mərhələ təşkil edir.

Peşə təhsili verən orta məktəblər…

 Estoniyada orta təhsil müddəti isə 3 il olmaqla X-XII sinifləri əhatə edir. Orta təhsil pilləsində bir tədris ili 35 həftə,  tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir. Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı,  təbiət, humanitar elmlər və digər sahələr üzrə dərin biliklərə yiyələnirlər. Həmçinin şagirdlər peşə məktəblərində oxumaqla hər hansı sənətə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verirlər.  

 Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl peşə kollecləri də kifayət qədərdir. Estoniyada 6 dövlət, 4 özəl universitet var. Həmçinin 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Eyni zamanda  2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir.  

 Ödənişsiz doktorantura təhsili…

Estoniyada universitetlərdə  illik təhsil haqqı tələbələrin oxuduğu ixtisasdan asılı olaraq dəyişir. Universitetlərə illik ortalama təhsil haqqı 1 000-7 500 avro arasında dəyişir. Tibb ixtisaslarında illik təhsil haqqı təxmini 11 000 avroya çata bilir.Universitetlərdə  doktorantura  dərəcəsində oxumaq istəyənlərə isə heç bir təhsil haqqı tələb olunmur.  

Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4, 5 ildir. Həmçinin, bakalavr proqramı üzrə tədrisin müddəti isə 3-4 ildir.

Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir.  

Tibb ixtisası üzrə təhsilin müddəti 6, Stomatologiya, Əczaçılıq, Tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir.

Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti isə 3-4 il davam edir.

Estoniyada aylıq yaşayış xərcləri təxmini 300-500 avro arasında dəyişir. Yataqxanaların aylıq ödənişi ortalama 150 avrodur. Kirayə evlərdə yaşamaq istəyən əcnəbi tələbələr üçün isə bu rəqəm  250-500 avroya qədər arta bilər.  

 Qeyd edək ki,  Estoniyada  qidalanma xərcləri isə aylıq 300 avro təşkil edir.

   

Günel Yaşarqızı
Müəllifin digər yazıları