Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 14:00:00
Buraxılış imtahanı həyəcanı, birinci siniflərlə bağlı suallara son- Həftənin təhsil mənzərəsi

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Prezident və xanımı Şamaxıda körpələr evi-uşaq bağçasının açılışını etdi

Ötən həftədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Təhsil naziri səfirlə müzakirə apardı

Geridə buraxdığımız günlərdə  təhsil naziri Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Nazirinin müavini Masallıda bir neçə məktəbə baş çəkib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub.

Məhəbbət Vəliyeva tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valideynlərlə görüşüb. Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən nazir müavini sonra Qəriblər kənd tam orta məktəbində olub.

Təhsil Nazirliyinin şöbə müdiri işdən çıxdı

Ötən həftədə təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxardığı barədə məlumat yayılıb.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, yazılanlar həqiqət deyil.

“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub.

Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır.

Sadəcə təəssüf!”

Həftənin təhsil informasiyaları

Rezidentura üçün sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanında iştirak etmək istəyənlər 05 mart saat 10.00-dan 15 mart saat 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 16 mart 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Beynəlxalq yarışdan qələbə ilə dönən şagirdlər mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirilib.

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev idmançıları uğurlu nəticələri münasibətilə təbrik edib, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini söyləyib.

40 minə yaxın şagird buraxılış  imtahanı verib

Martın 10-da respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib.

İmtahanda, ümumilikdə, 39 700 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

50 təhsil mütəxəssisi İsraildə təlimdə iştirak edir

Azərbaycandan olan 50 təhsil mütəxəssisi İsraildə dörd həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edirlər.

Səfər Təhsil Nazirliyi ilə İsrailin AGM (Aerospace Marketing Services) şirkəti arasında imzalanmış müqavilə əsasında təşkil olunub. 

Təlim kursu martın 31-dək davam edəcək.

I sinfə qəbulun başlanacağı tarix açıqlandı

“Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir”.

Bu sözləri  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki,  Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəblərə qəbulu elektron qaydada aparılacaq.

BŞTİ rəsmisinin sözlərinə görə, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq"

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qəbul elektron formada aparılacaq

Bu ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də qəbul qaydası elektron formada həyata keçiriləcək.

Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki, liseylərə qeydiyyatdan keçmək üçün valideynlər martın 13-dən etibarən sistemdən istifadə edə bilərlər.

İ.Abdullayeva vurğulayıb ki, bu təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar heç bir müsahibə olmadan martın 13-də qeydiyyatdan keçə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları