Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 11:25:00
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başa çatır. Ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, saat 10.00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 16640, rus bölməsi üzrə isə 462 abituriyent olmaqla, ümumilikdə 17102 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23:59-dək DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər saat 17:00-dək tələb olunan sənədlərlə SQK-ya gəlməlidirlər. Abituriyentlər SQK ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.