Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 16:59:00
Dərslik siyasətinin vacib detalları - Yeni dərsliklərin təsdiqi və nəşri...

Ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin təhsil sahəsindəki prioritet istiqamətlərdən biridir. Respublikamızda dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Bəs yeni dərsliklərin yaradılması, təsdiqi və nəşri necə tənzimlənir?

İlkin olaraq, Təhsil Nazirliyi yeni yaradılacaq dərsliklərin siyahısını müəyyənləşdirib elan edir. Təhsil Nazirliyi tərəfindən təşkil edilən müsabiqələr “Yeni dərsliyin yaradılması qaydaları”na uyğun olaraq həyata keçirilir.

AzEdu.az ümumi təhsil sistemindəki dərslik siyasətinə əsasən, qaydaları təqdim edir:

- Ümumtəhsil məktəbləri dərslikləri əsasən müvafiq iş dəftəri və müəllim üçün metodik vəsaitlə birlikdə qəbul olunur.

- Dərslik Təhsil Nazirliyi tərəfindən yalnız Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq olunur.

- Ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur və onun qüvvədə olma müddəti tədris planı və proqramdakı dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir.

- Dərsliklər “Dərslikləri qiymətləndirmə meyarları”na və “Dərsliklərə qoyulan texniki və gigiyenik tələblər”ə cavab verməlidir.

- Dərsliklərin titul səhifəsində Təhsil Nazirliyi tərəfindən verilmiş əmrin nömrəsi və tarixi göstərilir.

Məktəblərə pulsuz verilən dərsliklərin cildinin arxasında “Pulsuzdur” sözü mütləq şəkildə qeyd edilir və tədrislə əlaqəsi olmayan reklamların dərsliklərdə yerləşdirilməsinə yol verilmir.

Qeyd edək ki, nəşriyyatlar müsabiqədənkənar olaraq öz təşəbbüsləri, yəni müəllif ilə birgə kurrikuluma uyğun olmaq şərtilə müəyyən dərsliklər hazırlaya bilərlər. Bu halda naşirlər dərsliyin əlyazmasını və çap olunmuş nümunəsini DQŞ tərəfindən qiymətləndirilmək üçün Təhsil Nazirliyinə təqdim edirlər.

Qiymətləndirmə ilə bağlı bütün xərclər naşirlər tərəfindən ödənilir. Təhsil Nazirliyi belə təşəbbüsləri maliyyələşdirmir. Nəşriyyatlar dərslikləri valideynlərə və məktəblərə satmaqda və təbliğ etməkdə sərbəstdirlər.