XƏBƏRLƏR

09.03.2019 11:57
Dissertantlıq yolu ilə elmi-pedaqoji kadrlar necə hazırlanır? - QAYDALAR

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələri və elmi təşkilatlarda həyata keçirilir.

Bu təhsil səviyyəsi müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

AzEdu.az dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması qaydalarını təqdim edir:

Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla elmi dərəcənin alınması üçün təhkim olunmaqla dissertasiya işinin yerinə yeti­ril­məsini təmin edir.

-Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutu­lan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələ­rinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün «Fəlsəfə doktoru» (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir. 

-Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.

-Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hü­qu­quna malik deyillər.

-Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

-Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənəd­lər təqdim edilir:

-ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);

kadrların şəxsi-qeydiyyat vərəqi;

tərcümeyi-hal;

2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

«Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

-Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, ka­fedra və ya laborato­ri­yanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qə­rar qəbul edir. Elmi şuranın qərarı əsasında ali təhsil müəssisəsi və ya elmi təş­kila­tın rəhbəri iddiaçının təhkim olunması haqqında əmr verir.

- «Fəlsəfə doktoru» və «Elmlər doktoru» elmi dərəcəsi üzrə dokto­ran­turada təh­sil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə təhsil alan şəxslərə (doktorantlara) də şamil edilir.

- «Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə disser­tantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, in­­for­matika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alın­maqla, digər fəndən də doktorluq im­ta­han­ları verirlər.

- Dissertantlıq yolu ilə təhsil alan hər bir şəxsin elmi rəhbərlərinə və məsləhətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

- Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə elmi Şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na istinadən.

İlin gənc müəllimi-Müraciət formu