Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 11:00:00
“Şagirdi sinfə hər gün qucağımda qaldırırdım" –  Valideynlər dağ rayonlarından Bakıya bu pedaqoq üçün üz tuturlar

“Müəllimlər artıq qırmızı qələmini, yerə qoymalıdır, bu, uşaqlarda böyük travma yaradır. Onlara qırmızı qələmlə səhvlərini yox, düzlərini göstərə bilməyi bacarmalıyıq” Təranə Mövsünova

“Dəqiq say deyə bilmərəm, lakin müşahidələrimə əsasən, hər 10 uşaqdan biri disleksiyadan əziyyət çəkir. Siniflərdə kənarda qalmış, arxa partada oturturulmuş, maraqdan kənar minlərlə şagirdin olduğu bizə məlumdur. Onlar tənbəl və xəstə uşaqlar deyillər, sadəcə öyrənmədən əziyyət çəkirlər. Hətta bəziləri hərfləri canavar kimi görür və onlardan çox qorxurlar”,  - Gənc müəllim əlavə edir.

Məlumat üçün: Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..

Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:

-Danışmada gecikmə

-Yeni sözləri gec öyrənmə

-Hərəkət və koordinasiya pozuqluğu

-İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər

-Danışarkən düzgün sözlərdən istifadə etməmək

Təranə Mövsünova Bakı şəhəri 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsidir. O, xüsusilə, təlimdə geri qalan şagirdlərlə (disleksiyalı şagirdlər) məşğul olur və onlara pedaqoji dəstək göstərir.

Gənc pedaqoq qeyd edir ki, o, valideynləri maarifləndirmək üçün çox çalışır və bacardığı qədər disleksiyanın həqiqətən var olduğuna inandırır. T.Mövsünovanın sözlərinə görə, bəzi valideynlər disleksiyanı inkar etsələr də, qəbul edənlər də çox olur:

“Disleksiya diaqnozunu müəyyən etmək təbii ki, müəllimin işi olmadığından bunu etmirəm. Sadəcə bildiyim və işlədiyim bir mövzunu yayıram. Hər valideyn övladının öyrənmə səviyyəsini bilir, ən böyük şübhə də elə burda yaranır. Valideyn bu ipucu ilə yola çıxıb nevropataloq və psixoloqlara müraciət edərək uşağının diaqnozunu öyrənə bilər. Həm özü, həm də müəllimlər disleksiyalı uşaqlar ilə işləməyi bacarmalıyıq”.

“Disleksiyadan bir çox müəllimin xəbəri yoxdur”.

“Bu isə disleksiyadan əziyyət çəkən bir uşaq üçün faciədi. Belə olan halda müəllim və valideyn şagirdə tənbəl adını qoyur və artıq onunla maraqlanmır. Bu isə birbaşa şagirdin gələcəyinə zərbə vurur. Halbuki,disleksiyanın bir əlaməti elə dərsə həvəssizlikdir”, - deyə müəllim qeyd edir.

“Ən çox müraciət dağlıq rayonlardan olub”.

Pedaqoq deyir ki, heç kimin oxumaz - yazmaz dediyi şagirdləri çox olub.

“Ən çox müraciət dağlıq rayonlardan olur. Bəzən vacib məsələlər olanda mən də gedirəm. Həmin uşaqlarla çiyin-çiyinə deyərək-gülərək və ən asası sevərək öyrənmişik. Bərabər ağladığımız vaxtlar da olub əlbəttə. “Yox, mən deyəsən bacarmayacam” sözünü ağlımdan keçirdiyim an çarəsizlik içində çarələr axtardığım günlər olub. Disleksiyalı şagirdlərim üçün günlərlə bir mövzu üzərində 10-dan çox metod yaratmışam”.

“Bəzən yanlışlıqla ailələr disleksiyalı uşaqlarına əqli gerilik diaqnozu qoyurlar”.

Təranə Mövsünovanın sözlərinə görə, disleksiya hər bir ailədə mövcud ola bilər. O, bildirir ki, ailə bu problemi mütləq dərk etməlidir.

“Bəzən yanlışlıqla ailələr disleksiyalı uşaqlarına əqligerilik diaqnozu qoyurlar. Disleksiyanın ən əsas korreksiya yolu motivasiya yaratmaqdır. Hər bir valideyn “Sən edərsən, sənə güvənirəm, arxandayam” kimi sözlərdən istifadə etməlidir.

İlk əvvəl hər birinə şəxsiyyət kimi yanaşmaq çox önəmlidir. Onları önəmsəməliyik. Həm tələbkər olub, həm bezdirici olmamağın balansını düzgün qorumalıyıq. Onları sevdiyimizi və onlara güvəndiyimizi hiss etdirməliyik. Həmişə bu sözü deyirəm ki, əgər sinifdə 20 uşaq varsa, müəllimin 100-ə yaxın metodu olmalıdır.Çünki eyni metod hər uşaqda uğurla nəticələnmir. Biz müəllimlər isə israrla eyni metodla dərsi izah etməyə çalışırıq. Şagirdimiz anlamayanda isə, ona tənbəl adı qoyub cəmiyyətdən təcrid etməyə çalışırıq. Əgər bunun əvəzinə metodumuzu dəyişsək, disleksiyalı uşaqları daha irəli apararıq.

Disleksiyalı uşaqlar dərs zamanı əsla mane olmurlar. Disleksiya xəstəlik deyil, əqli-gerilik deyil, sadəcə öyrənmə çətinliyidir. Disleksiyalı uşaqlar tək olmağı sevirlər. Onlara sağlam mühit qurmaqla cəmiyyətə qazandıra bilərik»

Təranə Möhsünova “ideal pedaqoq necə olmalıdır?” sualını cavablandırır.

-İdeal pedaqoq məhfumu nə qədər düzgündür, bilmirəm. Əgər bir insan uşaqla işləyirsə, ilk öncə hər mövzuda çox diqqətli olmalıdır. Şagird müəllimin yanında güvəndə olduğunu hiss etməlidir. Mənim üçün sağlam mühit yaratmaq çox önəmlidir. Şagird müəllimi çox sevməlidir,lakin bu sevgi ondan istifadə edəcək həddə gəlib çata bilməz. Sinifdəki hər bir şagird digərinə hörmətlə yanaşmalıdır - bu mənim devizimdir. Buna çalışıram və bacarıram da. Öz sinfimdə auitizm diaqnozlu şagirdim də var və şükür ki, biz onu cəmiyyətə qazandıra bildik. Müəllimlər qırmızı qələmini, artıq yerə qoymalıdır, bu, uşaqlarda böyük travma yaradır. Onlara qırmızı qələmlə səhvlərini yox,düzlərini göstərə bilməyi bacarmalıyıq. Qırmızıdan qorxmalı yox, sevməlidirlər.

Təcrübədən ən yadda qalan anlar: “Məhəmməd adında disleksiyalı bir şagirdim var idi. Məktəbdən qorxurdu, ağlayırdı. Hər gün onu qucağıma alıb ikinci mərtəbəyə qaldırırdım, sinfə girən kimi ağlamağı dayanırdı. Sinifdən çıxan kimi uşaq yenə ağlayırdı.ağlayırdı”.

“Disleksiyalı uşaqlara çox vaxt ayırmağa gərək yoxdur, onlardan gündəlik dərs tələb etmək və onlarla həvəsləndirici söhbətlər aparmaq oxumaları üçün çox faydalıdır.Çünki disleksiya özü ilə bərabər bir çox avantaj gətirir. Yüksək xəyal gücü, hər şeyi əvvəlcədən hiss etmək və s. Uşaqlarda ən çox rast gəlinən disleksiya əlamətləri isə bunlardır: oxumaqdan qorxmaq, insanlardan qaçmaq, məktəbə həvəssizlik,oxuyarkən, mütəmadi olaraq, bəhanələr uydurma:başım ağrıyır,susadım,acdım,yoruldum və s. kimi. Üstəlik, oxşar hərfləri qarışdırmaq da disleksiya əlaməti hesab edilir.P-q, d-b, 6-ə və s, Sözləri tərsinə oxuma: yaz sözünü zay oxuma kimi və sözlərə yeni səsartırma və ya səsdüşürmə”, - deyə pedaqoq bildirir.