Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-09 09:58:00
“Müəllim uşağın zəif nöqtələrini bilməli və buna uyğun lazımi təsir taktikası qurmalıdır”

Zeynal Zeynalov: “Mənə karateni ilk müəllimim Mirəli Seyidov öyrədib”

Müəllim haqqında böyük şəxsiyyətlərin dediyi fikirlər dillər əzbəridir. Müəllim adı daşıdığı dəyərə görə ən hörmətli şəxslərə xitabət forması kimi də istifadə olunur. Baxmayaraq ki, zaman-zaman bu xüsusi halın adiləşdirildiyinin də şahidi oluruq. Amma  müəllimin əvvəlki nüfuzunun qaytarılması istiqamətində həyata keçirilən tədbirlər və bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş həmin problemin də aradan qalxacağına ümid yaradır.

Bütün hər şeylə yanaşı - zamanın çətinlikləri ilə bərabər, zəhmətinin bəhrəsi olan yetirmələrinin uğurlarının verdiyi fərəhlə peşəsini vicdanla yerinə yetirən, müəllim adını şərəflə daşıyan illərin müəllimləri var, bir də... O müəllimlər ki, hər zaman öz peşələrindən irəli gələn məsuliyyətin fərqində olmuş, ölkənin gələcək taleyini müəyyən edəcək gəncləri dərrakəli, savadlı, vicdanlı, vətənpərvər, güclü vətəndaşlar kimi yetişdirərək ən qarışıq məqamlarda belə işlərini layiqincə görmüşlər və görməyə də davam edirlər.

Həmin müəllimlərdən biri də Şabran rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin direktoru və məşqçi-müəllimi Zeynal Zeynalovdur. 

Zeynal Zeynalov 1960-cı ildə Şabran rayonunda anadan olub. 1978-ci ildə Aazərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 1982-ci ildə bədən tərbiyəsi və idman müəllimliyi ixtisası üzrə Akademiyanı bitirdikdən sonra 1984-cü ildən Şabran Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. O, 1986-cı ildə Uşaq-Gənclər Şahmat Məktəbinə direktor, 1989-cu ildə Şabran rayon İdman Komitəsinə sədr təyin edilib. 1994-1998-ci illərdə rayon Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində işləyib. 1998-ci ildən etibarən isə Şabran rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin direktoru - məşqçi-müəllimi kimi fəaliyyət göstərir. Zeynal müəllim eyni zamanda Azərbaycan Kyokuşinkaykan Karate  və Ciyutaido Federasiyasının vitse-prezidentidir və  Federasiyada məşqçi-müəllim kimi çalışır.

- Zeynal müəllim, uzun illərdir ki, idmanla məşğulsunuz və məşqçi-müəllim kimi fəaliyyət göstərirsiniz. İdmana marağnız necə yaranıb? 

- Lap çoxdan. Elə uşaqlığımdan. Futbola və boksa böyük həvəsim var idi. İdman bütün insanlar üçündür. Düzdü, idmana başlayanda düşünmürsən ki, mən sağlam olmalıyam, ona görə bunu edim. Elə işin ən xoş tərəfi də budur - sevdiyin, sənə maraqlı, əyləncəli işlə məşğul olursan, eyni zamanda da sağlam və gümrah qalırsan. İdmanla məşğul olanlar bilir ki, bu, sadəcə bir məşğuliyyət kimi qalmır, qısa zamanda sənin həyat tərzinə çevrilir. Mənim də elə məktəb vaxtlarımdan, kiçik siniflərdən həyat tərzimə çevrilmişdi idman.

- Bəs müəllimlik? Müəllim olmağa sizi nə sövq etdi?

- Hansısa bacarığa yiyələnməyə çalışan insan üçün həmin məqsədinə çatdıqdan sonra gələn növbəti istək, öz bacardığını başqasına öyrətmək olur. Düzdür, mən ümumi şəkildə deyirəm, bəlkə də hamıda belə deyil. Bəlkə də bu elə müəllimə xas olan duyğudur, bu, insanı müəllimliyə aparan istəkdir. Mən də həm öyrənmək, həm də öyrətmək istədim. Bunun üçün də yəqin ki, müəllimlik peşəsini seçdim.

- Hazırda karate dərsləri keçirsiniz, bəs bu istiqamətə sizi nə yönəltdi?

- Mən universitetdə oxuyanda karate zədə yetirən idman növü kimi qadağan edilmişdi. Amma karateyə çox böyük həvəsim var idi. Mənə karateni ilk müəllimim Mirəli Seyidov öyrədib. Öyrətdikcə də daha çox sevdirib. 1995-1996-cı illərdə isə Teyyub Əzizovdan kyokuşinkaykan dərsləri almışam. Bu karate idman növü ilə tanışlığım məhz onun sayəsində olub. Yəni, karateyə sevgimdən əlavə, müəllimlərimin böyük dəstəyi məni bu istiqamətə yönəldib ki, hazırda da karate dərsləri keçirəm.

-Yüksək nəticələr göstərən yetirmələriniz barədə nə deyə bilərsiniz? Tez-tez uğurlarını eşidib sevindiyiniz yetirmələrinizdən hansılarının adlarını çəkə bilərsiniz?

- Bu illər ərzində o qədər şagirdim olub ki, və heç birini də unutmamışam, ən güclüsünü də, ən zəifini də. O ki qaldı uğurlarını tez-tez eşidib sevindiyim yetirmələrimdən karate üzrə dünya çempionu, 3 qat Avropa çempionu Nərmin Ağamalıyeva, dünya çempionu Bəhram Dadaşov, Avropa çempionu Aygün Əsədli, Asiya çempionu Aygün Müseyibovanın adlarını çəkə bilərəm.

- Qələbəyə idmançını necə hazırlayırsınız?

- Təkmübarizəlik idman növlərində qalib olmağın üç əsas şərti var:

1. Fiziki hazırlıq (həm ümumi, həm xüsusi fiziki hazırlıq)

2. Texniki-taktiki hazırlıq

3. Psixoloji hazırlıq

Fiziki və texniki-taktiki hazırlıq qədər psixoloji hazırlıq da məşqçidən böyük ustalıq tələb edir. Müəllim uşağın zəif nöqtələrini bilməli, buna uyğun lazımi təsir taktikası qurmalıdır. Psixoloji hazırlıq önəmlidir. Bəzən elə uşaq olur ki, məşqdə çox yaxşıdır, amma yarışda çox aşağı nəticə göstərir və ya əksinə, məşqdə zəif uşaq yarışda çox yaxşı nəticə göstərir. Birinci qrup uşaqlar adətən ya həyəcandan, ya əsəbdən, ya da özünə arxayınlıq və rəqibi zəif bilib psixoloji aldanmadan aşağı nəticə göstərir. 

İdmançılarıma hər zaman deyirəm ki, yarışda qarşınızdakını zəif görməyin heç vaxt. Bu bir idmançı üçün əsas qaydalardan biridir.

- Yarışda məğlub olmuş şagirdlərinizlə necə məşğul olursunuz? Bilirik ki, bu məqamda onlar daha həssas olurlar və hətta bəzən idmandan uzaqlaşmaq belə istəyirlər.

- Doğrudur, məğlub olmuş idmançı çox həssas olur. Baxmayaraq ki, biz onlara hər zaman aşılayırıq ki, idmançının qələbəsi qədər məğlubiyyəti də normaldır. Yenə də ruhdandüşmə, psixoloji gərginlik qaçılmaz olur. 

Bu halda, əlbəttə, birinci növbədə ona dəstək göstərmək lazımdır. Biz istər qalib olsun, istər məğlub, hər zaman şagirdlərimizin yanındayıq. Qələbələrinə sevinir,  daha da həvəslənir, məğlubiyyətlərinə üzülür və qələbə üçün daha səylə hazırlanmalarına dəstək oluruq. Onların qələbəsi də, məğlubiyyəti də bizimdir.

Neçə illik təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, idmanı ürəkdən sevən birinin məğlubiyyətə görə ondan uzaqlaşması mümkünsüzdür. Bu gün ruhdan düşmüş halda bir daha yarışa getməyəcəyini, idmandan uzaqlaşacağını deyir, sabah isə daha inadlı şəkildə, mütləq növbəti yarışda qələbə qazanacağını. Bu əsl idmançı əzmidir.

Onu da əlavə deməliyəm ki, Zeynal müəllim Şərq əlbəyaxa döyüş növlərinin təkcə Şabranda deyil, şimal zonasında inkişaf etməsində önəmli xidmətlər göstərib. III dərəcə qara kəmər sahibi dəfələrlə rayon təhsil şöbəsi və rayon icra hakimiyyəti tərəfindən təltif edilib. O, Gənclər və İdman Nazirliyi tərəfindən 2014-cü ildə Azərbaycan Respublikasının “Fəxri Bədən tərbiyəsi və idman işçisi” adına, 2018-ci ildə isə kyokuşinkay karate idman növü üzrə “Azərbaycan Respublikasının əməkdar məşqçisi” fəxri adına layiq görülüb. (Azərbaycan müəllimi)