Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-07 08:42:00
100 ilin dərsləri: Malıbəyli qız məktəbi – TARİXİN ARXİVİNDƏN

Şərqdə ilk respublika quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 ili tamam olur. Azərbaycan xalqının bu tarixi nailiyyətinin bir əsrlik yubileyi ərəfəsində Lent.az o dövrün ən mütərəqqi hadisələrinin araşdırılmasına həsr olunmuş “100 ilin dərsləri” adlı yeni layihəyə başlayır.

Layihə çərçivəsində Cümhuriyyətin qurulmasına gətirib çıxarmış ictimai-sosial və mədəni prosesləri araşdıraraq, oxucularımızın diqqətinə çatdıracağıq.

“Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz...

***

...bu kənddə hələ oğlan uşaqlarından savayı qızlar da məktəbə gəlib dərs oxuyurlar. Doğrusu çox təəccüb elədim ki, məsələn, İrəvan kimi bir müsəlman mərkəzində qızın oxumağını müsəlmanlar pis iş hesab eləyirlər, amma Malıbəyli kimi bir kənddə qızlar erməni haxçığı kimi çiyninə heybə salıb, dərsə gedir.

Bu işləri görüb, söz yox, başladım bunun səbəbini soruşmağa ki, çox əcəb, Malıbəyli hara, bu işlər hara? Və gün haradan çıxıb ki, burada bu qədər tərəqqi baş verib? Hər kəsdən xəbər aldım, mənə cavab verə bilmədi. Doğrudan da qəribə işdir ki, müsəlman kəndində belə-belə işlər əmələ gəlsin...”

 (“Molla Nəsrəddin” jurnalı, 32-ci nömrə.“Cırcırama”nın felyetonu)

Bir parçasını təqdim etdiyimiz bu felyetonda söhbət 1910-cu ildə Qarabağda yaradılmış ilk - Malıbəyli rus-tatar qız məktəbindən gedir.

1907-ci ildə Qori Müəllimlər Seminariyasının məzunu Məmməd Qarayev ibtidai xalq müəllimi kimi təyinatla Bakıya qayıdır. Bir neçə ay Bakıda işlədikdən sonra ciyərlərində yaranmış problemlə əlaqədar həkimlər ona dağ havasını tövsiyə edirlər. Elə həmin il o, müəllim və məktəb müdiri kimi Şuşa qəzasının Malıbəyli kəndinə göndərilir.

Kənd camaatı Məmməd Qarayevi əziz adamı kimi qəbul edir. O, Mənzər adlı qadının evində yaşayır. İlk günlərdən o, kəndin ictimai həyatına qatılır. Gənc müəllim qısa müddətdə, iki il əvvəl ermənilər tərəfindən yandırılmış və bərpa olunmuş kənd məktəbində təlim və tədris məsələlərini qaydaya salır.

Arayış:

Məmməd Qarayev 1888-ci il aprelin 24-də Qazax qəzasının Yuxarı Salahlı kəndinə dünyaya gəlib. Erkən yaşlarında hər iki valideynini itirən Məmməd bir müddət varlı adamların qapısında nökər durub, onların mal-qarasını otarıb. Uşağın acınacaqlı halından xəbər tutan Salahlı kənd sakini, məşhur pedaqoq Əhməd ağa Mustafayev (1864-1932) və onun həyat yoldaşı Sənubər xanım Məmmədi öz himayələrinə götürüb.

Əhməd müəllim oğulluğu Məmmədi müdir olduğu məktəbdə oxutdurub. 1902-ci ildə Məmməd Qarayev Salahlı kənd məktəbini bitirib dövlət hesabına Zaqafqaziya Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə daxil olub. 1907-ci ildə seminariyanı əla qiymətlərlə bitirib.

***

Onun səyi nəticəsində Malıbəyli məktəbində şagirdlərin sayı gündən-günə artır. Xüsusi məktəblər olmadığından o dövrdə qızlar bir qayda olaraq evlərdə, ayrı-ayrı şəxslərdən dərs alırdılar. XIX yüzilliyin əvvəllərindən etibarən Azərbaycanda qadın təhsilinin genişlənməsi sahəsində müəyyən addımlar atılır.

Kənddə müəllimlik fəaliyyətinə başlayandan dərhal sonra Məmməd Qarayev maarifə rəğbət bəsləyən mütərəqqi adamların köməkliyi ilə Malıbəylidə qız məktəbi açılması haqqında məsələ qaldır. Varlıların, əsasən də dindarların hədə-qorxusuna baxmayaraq, 2 illik mübarizədən sonra ən böyük arzusunu gerçəkləşdirir.

Nəhayət, 22 yaşlı maarif fədaisi Məmməd Qarayev 1910-cu il sentyabrın 2-də Malıbəylidə Qarabağda ilk dəfə olaraq rus-tatar qız məktəbini açır. O dövrün məşhur xanəndəsi Həmid Qurbanov evinin bir otağını qız məktəbinin istifadəsinə verir.

Kənd sakini Nəcəfqulu Əliyevin 7 qızı olub. Sonuncu qız balaca olduğundan digər 6 qızını özü gətirib məktəbə yazdırır. Məktəbdə əvvəl 10 qız təhsil alıb. 4 ay müddətində qızların sayı 50-yə çatır. Tovuz Heydərova, Gülsüm Bəxtiyarova, Savad Əliyeva, Sənəm Məhərrəmova, Müşkü Fətəliyeva, Ağca Əliyeva... Malıbəyli qız məktəbinin ilk müdavimlərindədir. Sənəm Məhərrəmova hazırda Malıbəyli kənd tam orta məktəbinin direktoru işləyən Günəş Hüseynovanın nənəsi olub.

***

Qız məktəbinin şagirdlərinin Məmməd Qarayevə qarşı hörmət və məhəbbəti gündən-günə artıb. 1912-ci il fevralın 12-də bu qızlar 165x105 sm. ölçülü gözəl bir tikmə toxuyub, hörmət əlaməti olaraq sevimli müəllimlərinə hədiyyə veriblər. Tikmənin üstünə qüllabi ilmə üsulu ilə Məmməd Qarayevə məhəbbət hissi tərənnüm olunan aşağıdakı şer parçasını həkk ediblər: 

Yetirsin həqq səni hər bir murada,
Keçirsin vəqtini zövqi səfadə,
Müyəssər eyləsin hər nə iradə,
Edərsənsə varlıq biz bir duada,
Gülün biz bülbülü xoşxanımızsan,
Həqiqət cismimizdə canımızsan,
Rumuzi –hikməti quranımızsan,
Müəllim, din, həm imanımızsan.

Orta hissəsinə isə toxunma tarixi və onu hədiyyə edənlərin ünvanı göstərirlər: “Malıbəyli ünas məktəbinin müdavimlərindən sevgili müəllimimiz Məmməd bəy Qarayevə yadigardır. 12 fevral 1912-ci il”.

Məmməd Qarayev haqda yazılmış yeganə kitabın müəllifi Vasif Quliyev danışır ki, xalça hazırda Bakıda - M. Qarayevin qohumu Cəmilə Şıxlinskayanın evindədir. Cəmilə xanım xalçanın özünü ona göstərməsə də, 1976-cı ildə fotosunu bağışlayıb. 

Məktəbdə ümumtəhsil fənləri ilə yanaşı, şəriət dərsi də tədris olunub. Şəriət dərsini Malıbəyli rus-tatar qız məktəbinin açılmasında böyük xidməti olmuş Mirmehdi Mirmustafa oğlu Ağamirov keçib. Gəncədə pedaqoji kurs bitirdikdən sonra müəllimlik fəaliyyətini doğma kəndi Malıbəylidə başlayıb.                  

1920-ci ildə Mir Mehdi Ağamirov Şuşa qəza Maarif İşçiləri İttifaqına üzv keçilib. 1922-ci ildə gizli Müsavat partiyasına daxil olub. 1927-ci ildə həbs olunaraq 3 illik sürgünə göndərilib və həbsxanada vəfat edib.

Məktəbdə rus dili dərsini Nadejda Makarovna Moiseyeva adlı rus qadın tədris edib. Ondan əvvəl məktəbdə rus dili dərslərini başqa rus qadın keçirmiş. V. Quliyevin araşdırmasına görə, camaat onu kənddən qovub. Üstəlik, qızlarını da məktəbə buraxmayıblar. Daha sonra Məmməd Qarayev Gəncədən Nadejda xanımı Malıbəyli qız məktəbinə dəvət edib. Ümumi pedaqoji prosesə M. Qarayev rəhbərlik edib. N. Moiseyeva isə qızlara dili yanaşı əl işlərini, naxışvurma texnikasını, paltartikmə qaydasını da öyrədib.

“Məktəbdə onlara ədəbiyyat və Azərbaycan dili dərslərini Məmməd müəllim, rus dili dərsini Nadejda xanım, şəriət dərsini isə Məşədi Miri ağanın tədris etdirdi. Məktəbdə yaxşı oxuyanlara tərifnamə də verilirdi. Tərifnamələri hər 3 müəllim imzalayırdı. Mənim məktəb yaşım çatmamışdı. Amma hər gün böyük bacım savadın yanında məktəbə gedir və onlarla birlikdə dərsə qulaq asırdım. Bir gün Məmməd müəllim başımı sığallayıb dedi: “Qızım, görürəm, oxumağa həvəsim çoxdur. Sabahdan səni məktəbə qəbul edirəm”. Yaşımın az olmasına baxmayaraq, mən müntəzəm dərsə gedir və yaxşı oxuyurdum. Həmişə müəllimin tərifli sözlərini eşidir və həvəslənirdim. Teatr tamaşaları zamanı müəllim mənə əzbərdən şer oxudardı” – deyə V. Quliyevin “Maarif fədaisi” kitabında Qarabağın ilk qız məktəbinin şagirdi olmuş qızlardan biri - Gülsüm Bəxtiyarova xatırlayır.

Qız məktəbinin digər şagirdi Tovuz Heydərova məktəblə bağlı xatirəsində qeyd edir ki, Məmməd Qarayev namusla dolanırmış, hətta başqasının mənfi hərəkətlərə yol verməməsinə çalışırmış: “O vaxt məktəbdə Məmməd müəllimlə bərabər işləyən rus dili müəllimi Nadejda xanımın yanına Xan kəndindən bir zabit gəlirdi. Məmməd müəllim ona bildirdi ki, onun bu hərəkətinə camaat pis baxır, bu işdən əl çəksin. Lakin zabit yenə də atla kəndə gəlib-gedirdi. Onda Məmməd müəllim zabiti atının yəhərinin bel qayışını, quşqununu, tapqırını kəsdirdi. Bundan sonra zabit bir daha kəndə gəlmədi”.

Təəssüf ki, Məmməd Qarayevin qızların təhsil alması sayəsində gördüyü bu işlər kənddə heç də birmənalı qarşılanmayıb. O, kəndə gələndə sonra qızlar üçün də məktəb açması kəndin və ətraf yerlərin din xadimlərini daha da qəzəbləndirir.

V. Quliyev “Maarif fədaisi” kitabında yazır ki, savadsız kəndlilər arasında guya Məmməd müəllimin qızları pis yola çəkdiyi barədə şayiə yayılır. Əlbəttə, bu belə deyildi. Amma bu yalana inananlar da tapılır. Bir gün Məşədi Əşrəfin dükanının qabağında bir nəfər Məmməd müəllimin üstünə bıçaq çəkib. Deyir, sən məktəb yox, lotuxana açmısan. Məmməd müəllim qorxaq adam deyildi və ehtiyat üçün özü ilə tapança gəzdirirmiş. Odur ki, tapançanı çıxarıb həmin cahilə deyir, bu saat güllənin hamısının sənin qarnına dolduracağam. Camaat onları aralaşdırıb.

1913-cü il yanvarın 9-da Məmməd Qarayevin ölümü Malıbəyli camaatını yasa boğur. O, ciyərindəki xəstəlikdən 25 yaşında dünyasını dəyişir. Bütün kənd onun üçün göz yaşı tökür. O zaman qadınların dəfnə getməsi qadağan olsa da, Məmməd müəllimin dəfnində məktəbin qız şagirdləri də iştirak edir.

Məmməd Qarayev əvvəl Malıbəyli kəndində dəfn olunur. Bir həftə sonra Qazaxdan gələn qohumları onu dəfn olunduğu yerdən çıxarıb, doğulduğu kəndə apararaq orada dəfn edirlər.

***

Yerli qəzetlərin birində “Qarabağın ilk qaranquşu” adlandırılan Malıbəyli qız məktəbinin fəaliyyəti uzun çəkmir. Məmməd müəllimin vəfatından sonra məktəb bağlanır. Nadejda Moiseyeva təyinatla Qubadlının Əliquluuşağı kəndinə gedir.

Malıbəyli qız məktəbinin açılması təkcə Qarabağda deyil, bütün Qafqazda yeganə hadisə idi. Firudin bəy Köçərli müsəlman qız məktəbinin açılmasını Qafqaz müsəlmanlarının tarixində yeni epoxanın başlanğıcı kimi qiymətləndirir. Qız məktəbi az vaxtda xalq arasında geniş şöhrət tapır və onun təsiri ilə Azərbaycanda qız məktəblərinin sayı artmağa başlayır. 1911-ci ildə Şuşanın ictimai xadimi, məşhur cərrah Kərim bəy Mehmandarovun təşəbbüsü ilə Şuşada, daha sonra Füzulidə rus-müsəlman qadın məktəbləri açılır...