XƏBƏRLƏR

05.03.2019 16:41
3 yaşında oxuyub-yazan, 8 ölkədə yaşayan soydaşımız: ”Bizi “Avroviziya və “Formula-1”-ə görə tanıyırlar” -MÜSAHİBƏ  

Səbuhi Osmanov: Müəllimlər tələbələrə fikirlərini sərbəst bildirmək üçün mütləq şərait yaratmalıdırlar, əks təqdirdə, öyrənmək üçün motivasiya sönə bilər”.

İndi isə müsahibimiz barədə…

Öz dilindən dosye: Mən, Səbuhi Osmanov, 30 yanvar 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Atamın uzunmüddətli ezamiyyətləri ilə əlaqədar, 1998-ci ildən etibarən, uşaqlığım öncə Səudiyyə Ərəbistanda, daha sonra Pakistanda keçib. Müəyyən müddətdə Bakıya qayıtsam da, daha sonra Ukraynaya gedərək,orta təhsilimi orada bitirmişəm. Ukraynada rus gimnaziyasını yüksək qiymətlərlə bitirməyim, eyni zamanda məktəbin sosial həyatında aktivliyim sayəsində qızıl medal qazanmaqla bərabər, həm də rus və ukrayn dillərini öyrənmişəm. Dövlət Proqramı çərçivəsində Türkiyənin  Bilkent Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsil alaraq adımı şərəf diplomu alan tələbələr siyahısına yazdırmışam. Təhsilimin bakalavr dərəcəsiniuğurla bitirib, birbaşa magistr səviyyəsi üçün ailəmin də dəstəyi ilə Hollandiyada yerləşən iqtisadiyyat sahəsində nüfuz qazanan Tilburq Universitetini seçmişəm. Hazırda isə Tilburq Universitetində İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsində təhsil alıram.

Təqdimata əlavə: Səbuhi Osmanov  Bilkent Universitetində oxuduğu illərdə “Bilkent International House” xarici tələbələr cəmiyyətində əvvəl təşkilatçı koordinator, daha sonra prezident vəzifəsini yerinə yetirib.Bilkent Universitetində oxuduğu müddətdə ispan  və  alman dilini  öyrənib. Həmçinin,“Work Travel” proqramı ilə Amerikanın beynəlxalq təhsil sahəsində lideri olan “CIEE” şirkətində çalışıb.

-Səbuhi, orta təhsilini Ukraynadabitirmisən. Maraqlıdır, Ukrayna orta təhsil sisteminin bəyənib-bəyənmədiyin cəhətləri nələrdir?

-Ukraynada A.S.Puşkin adına rus gimnaziyasında orta təhsilimi bitirmişəm.  Bəyəndiyim cəhət odur ki, gimnaziyada sovet ənənəsi qorunaraq, müasir təhsil sistemini də birləşdirib,mükəmməl bilik ortamı yaratmaqlarıdır. Tədrisdəki dərslərdən əlavə, xarici dil və kompüter biliklərinə də xüsusi əhəmiyyət verilir. Fikrimcə, orta təhsilini Ukraynada bitirən şagirdin  həm müəyyən dərslərlə bağlı biliyi, həm də dünyagörüşü gözə çarpacaq qədər yüksək olur.

“3 yaşımdan etibarən, oxuma-yazmanı öyrənmişəm”

-Uşaqlığın Səudiyyə Ərəbistanda və Pakistanda keçib.Orada yaddaşında qalan maraqlı xatirələrini bizimlə bölüşə bilərsənmi? Səncə, Səudiyyə Ərəbistan və ya Pakistanda yaşayan uşaqları fərqləndirən xüsusiyyətləri nələrdir?

-Səudiyyə Ərəbistan ilə bağlı xatirələrim çox azdır, çünki oraya getdiyim zaman 2 yaşım belə yox idi.  Amma yaşadığım məhəllədə uşaqlarla maraqlı vaxt keçirdiyim yadımdadır. Onu da vurğulayım ki, məktəbəgetmədən belə 3 yaşımdan etibarən,oxuma-yazmanı öyrənmişəm. Yəni dostlarımla ingilis dilində rahat şəkildə ünsiyyət qurmağı bacarırdım. Pakistanda isə birbaşa ingilisdilli təhsil sisteminə düşsəm də, istər məktəb, istərsə də ətrafımdakı dostlarım məni yad birisi kimi qəbul etmirdilər. Pakistanlıların həm təhsilə önəm verməsi, həm də istiqanlı və qonaqpərvər olmaqları məndə onlara qarşı böyük hörmət hissi yaratdı. Hətta küçədə onlarla bərabər “kriket” oynadığım günlər xoş xatirə kimi ağlımda qalıb. O vaxtlar illər sonra Bilkent Universitetində çoxlu sayda pakistanlı dostlarımın olacağı, hətta sinif yoldaşlarımla eyni ali məktəbdə oxuyacağımı belə düşünmürdüm.

-Ukraynada   orta təhsilini qızıl medalla başa vurmusan.  Maraqlıdır, xarici ölkədə orta məktəbi qızıl medalla bitirməyin uğur formulu nədir?

-Ukraynada oxuduğum gimnaziya ölkənin ən qabaqcıl təhsil ocaqlarından sayılırdı. Oxuduğum sinif isə  sanki xüsusi seçilənşagirdlərdən ibarət idi. İlk vaxtlar rus dilini orta səviyyədə bilsəm də, müəllimlərin mehribanlığı, xoş sinif ortamı özümü maksimum şəkildə  inkişaf etdirməyə şərait yaratdı. Qısa bir zamanda rus və ukrayn dillərini mənimsəməyim buna nümunə sayıla bilər. Dərslərdən əlavə, gimnaziyanın sosial həyatında çox aktiv şagird idim, bu da qızıl medal almağıma yardımçı olub. Təhsil həyatı yalnız dərs oxumaqdan ibarət olmamalıdır, eyni zamanda, vaxtı da səmərəli keçirmək lazımdır.

“Bilkentin” fəxri vətəndaşı…

-Səbuhi,bəs necə oldu ki, ali təhsil almaq üçün Türkiyəni seçdin?

-Ali təhsil almaq üçün Bilkent Universitetini seçmişdim. Müxtəlif ölkələrin bir neçə universitetlərinə qəbul olmağıma baxmayaraq   hədəfimi doğru şəkildə müəyyən etdim. Bilkent  Universitetində təhsil aldığım üçün  qürur duyuram,hətta bəzi dostlarımın dili ilə desək, “Bilkentin fəxri vətəndaşı” sayıla bilərəm.

-Universitetə müraciət zamanı hansı sənədlər tələb olunurdu?

-Bilkent Universitetinə qəbul üçün SAT və IELTS beynəlxalq imtahan sertifikatları, orta məktəb diplomu, motivasiya və 2 tövsiyə məktubu tələb olunurdu. Onu da qeyd edim ki, hazırda qəbul şərtləri bir az dəyişik ola bilər. Bilkent Universitetini  seçən müxtəlif ölkələrin vətəndaşları oxşar proseduralardan keçirlər.

-Səbuhi, hazırda Hollandiyanın Tilburq Universitetində magistr dərəcəsində  təhsil alırsan. Maraqlıdır, ölkənin hansı özəllikləri səni cəlb etdi?

-Hollandiya təhsil ocağı kimi tələbələrin sevimli məkanına çevrilməsi, ölkənin kiçik olmasına baxmayaraq böyük işlər görməsi diqqətimi cəlb etdi. Eyni zamanda, Hollandiyada  yaşayış səviyyəsinin yüksək, vətəndaşlarının açıqfikirli olması və digər faktorlar orada təhsil almağıma səbəb oldu.  Onu da qeyd edim ki, seçimimdə dostlarımın tövsiyəsi və ailəmin də  dəstəyi böyük olub. 

-Fərqli cəmiyyət,sistemə daha tez adaptasiya olmaq üçün nələr etmək lazımdır?

-Hollandiya yaşadığım sayca, 8-ci ölkədir, buna görə də mənim üçün yeni cəmiyyətə alışmaq çox zaman tələb etmir. Yaşadığım ölkələrdə xarici insanlarla daim ünsiyyətdə olmuşam. Eyni zamanda, fərqli mədəniyyət, sistem və fikirlərə hörmətlə yanaşaraq  müsbət hesab etdiyim cəhətləri özüm üçün mənimsəmişəm.

-Universitetdə keçdiyiniz dərs sistemini təsvir edərdiniz....

-Tilburq  Universitetinin təhsil sistemini “həvəsləndirici və innovativ”- deyə təsvir edə bilərəm. Əlbəttə ki, semestr imtahanıvə tapşırıqları olur, amma tələbələr analitik cəhətdən özlərini inkişaf etdirə bilirlər. Universitetdə test üsulu qətiyyən yoxdur, əksər dərslərdə isə açıq sual tətbiq olunur.  

-Bəs magistr dərəcəsi üçün müraciət etdiyin universitetdə hansı sənədlər tələb olunurdu?

-Tilburq Universitetinin magistr təhsili üçün bakalavr diplomu və ingilis dil biliyi , əlavə də GRE beynəlxalq imtahanının nəticəsi tələb olunur. Eyni zamanda  motivasiya məktubu da diqqətə alınır. Müraciət isə sadə şəkildə və ödənişsizdir.

-Səbuhi,təhsil aldığın iki müxtəlif ölkələrin universitetləri arasında hansı fərqləri müşahidə etdin?

-Bilkent və Tilburq Universiteti arasında istər tələbə həyatı və kampus, istərsə də təhsil sistemləri cəhətdən oxşarlıqları çoxdur. Ümumiyyətlə, hər iki universitet tələbələrdə analitik düşüncəni və yenilikçi olmağı tələb edir.  Onu da qeyd edim ki, Bilkent Universitetində istənilən zaman professora yaxınlaşaraq, sualları rahat şəkildə vermək olur. 

Tilburq Universitetində isə tələbələr bəzən email yazaraq “appointment” (görüş) almağa məcburdurlar.  Bilkentdə sanki professorlar tələbələrlə dost olurlar, amma Tilburq Universitetindəisə müəllimlərmüəyyən məsafə saxlamağa üstünlük verirlər.

-Gənclər xaricdə təhsil üçün təqaüd proqramlarına üstünlük verirlər. Bəs, Hollandiyada təqaüd proqramları mövcuddur?

-Bəli…  Avropa ölkələrinin çoxunda olduğu  kimi Hollandiyada da bir sıra təqaüd proqramları var.   Bəzi Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün də xüsusi təqaüd proqramları mövcuddur. Amma təəssüf ki, araşdırdığım qədəri ilə, Azərbaycan vətəndaşları üçün eynisini demək mümkün deyil.

-Hollandiyada bir tələbə üçün aylıq minimum və maksimum xərclər nə qədərdir?

-Hollandiyada əcnəbi tələbələr üçün aylıq minimum yaşayış xərcləri təxminən 850 avro təşkil edir.Onu da qeyd edim ki,  buraya yaşayış, sağlamlıq, kitab və gündəlik xərclər də daxildir.

-Hollandiyada xarici tələbələrə iş izni verilirmi?

-Hollandiyada təhsil alan tələbələr həftədə müəyyən saat işləyə bilərlər. Amma burada  iş saatı müxtəlif ölkə vətəndaşları üçün dəyişir. Hollandiyada tələbənin həm təhsil alıb, həm də işləməyi normal hal sayılır.  Amma adətən bu cür işlər az maaşlı,  ixtisasa isə uyğun olmur.

-Səncə, Hollandiyada təhsil almağın perspektivi nədir?

-Hollandiyada təhsil almağın perspektivi ondan ibarətdir ki, sağlam cəmiyyətin əhatəsində həvəsləndirici və innovativ təhsil sistemindən yararlanmış olursan. Dövlət  cins, irq, milli mənsubiyyət, siyasi və dini görüşlərindən asılı olmayaraq insanları holland cəmiyyətinə inteqrasiya etməkdə uğurlu addımlar atır və hamının xoşbəxt yaşamasına şərait yaradır. Nəqliyyat sisteminin hərtərəfli inkişaf etməsi də təqdirəlayiq hesab olunur. Hollandların həm akademik cəhətdən savadlı, həm də sosial cəhətdən aktiv həyat tərzi sürməkləri  insanda müsbət təəssürat yaradır.

-Doktoranura təhsili almağı planlaşdırırsanmı?

-Hazırda doktorantura təhsil almağı düşünmürəm. Amma Tilburq Universitetində yüksək səviyyədə doktorantura təhsili almaq mümkündür.

-Səbuhi,Azərbaycan təhsilindən də danışaq. Səncə, hazırda təhsil hansı səviyyədədir?

-Azərbaycanda sadəcə, I-IIvə VII-VIII sinifləri  oxumuşam. Fikrimcə, Azərbaycanda ümumi biliyə maraq olduqca yüksəkdir və təhsil sistemi hər bir sahədə mütəxəssis yetişdirməyə qadirdir.  Amma  bəzi əngəllər də mövcuddur. Test üsulu və əzbərçiliyə müsbət yanaşmıram, amma məntiqli düşüncə və analitik qabiliyyətə üstünlük verirəm. Müəllim-şagird münasibətində hər bir düşüncəyə açıqfikirli yanaşmaq lazımdır. Çünki, tamamilə doğru ya da yanlış olan heçnə yoxdur. Müəllimlər tələbələrə fikirlərini sərbəst bildirmək üçün mütləq şərait yaratmalıdırlar, əks təqdirdə, öyrənmək üçün motivasiya sönə bilər. Universitet təhsilini Azərbaycanda almadığım üçün ətraflı rəy bildirməyim düzgün olmaz…  Amma imtahanlarda açıq sualların və yüksək keçid ballarının olması həm tələbəyə əlavə stimul verər, həm də daha müstəqil düşünməyə vadar edə bilər. Avropa ölkələri və qardaş Türkiyə də bu üsuldan yararlanır.

-Hollandiyada tələbə və müəllimlərin Azərbaycan haqqında düşüncələri necədir?

-Hollandiya vətəndaşlarının Azərbaycan haqqında mənfi düşüncədə olduqlarını  müşahidə etməmişəm. Amma çoxlarının ölkəmiz haqqında məlumatı azdır. Müəllimlərimizə ölkəmiz haqqında ətraflı danışmaq fürsətim olmasa da, tanış olduğum yerli və əcnəbi insanların ilk azərbaycanlı dostu oluram. Məhz  buna görə də doğma vətənimi həm danışıqda, həm də davranışlarımda yaxşı tərəfdən tanıtmağa çalışıram. Çünki, ilk təəssürat çox önəmlidir. Azərbaycan haqqında bir  çoxları Avroviziya, Formula 1 yarışları, idman sahəsindən məlumata sahibdirlər. Məhz  buna görə də dostlarıma daha çox ölkəmizin sekulyar və tolerant olmasından, milli mətbəx və adət-ənənələrimizdən danışıram. Eyni zamanda, bir çox dostlarıma telefonumdan xəritəni açaraq Dağlıq Qarabağ ilə bağlı qısa da olsa məlumat verməyi unutmuram. Azərbaycanlı tələbə kimi  “diplomat missiyasını  yetirirəm”- deyə bilərəm.

 -Hollandiya universitetləri hansı beynəlxalq imtahan nəticələrini qəbul edir?

-Hollandiyanın bir çox universitetləri SAT, GRE ya da GMAT kimi beynəlxalq imtahan nəticələrini qəbul edir.  İngilis dil biliyi üçün isə adətən IELTS və ya TOEFL yetərli olur.

-Bəs son olaraq AzEdu.az təhsil portalına sözün?

-Son olaraq müsahibə üçün təşəkkürümü  bildirmək istəyirəm. Çünki, AzEdu.az təhsil portalı xaricdə yaşayan soydaşlarımızın tanıdılmasında, həmçinin tələbələrimizin fəaliyyət və təcrübələrinin ölkəmizin cəmiyyətinə çatdırılmasında mühüm rol oynayır.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu