Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 15:25:00
Ucqar kənd müəllimindən maraqlı çərşənbə jesti: “Dərsdə yumurta boyayıb, oyun oynadıq”

 Bu gün Novruz bayramının ikinci çərşənbəsi-Od çərşənbəsidir. Ucqar kəndlərdə dərs deyən gənc müəllimlər belə günləri şagirdlər üçün maraqlı etməyi də yaddan çıxarmırlar.

Yardımlı rayon Şıxhüseynli kənd orta məktəbinin Coğrafiya müəllimi Posu Mansırlı da bu gün şagirdləri ilə dərsə maraq qatmağı unutmayıb. Gənc müəllim təəssüratlarını AzEdu.az-la bölüşüb:

“Əvvəldən şagirdlərimə tapşırmışdım ki,  bu gün dərsə özləri ilə yumurta gətirsinlər. Bu gün dərsdən sonra həmin yumurtaları birgə boyadıq. Onları boyayarkən şagirdlərimə Novruz adət-ənənələrindən, od çərşənbəsinin yaranmasından danışdım. Onlar də boş dayanmadı. Bayrama aid xeyli şeirlər dedilər. Bu səmimiyyət nəyə desən, dəyərdi.

Sonra oğlan şagirdlərlə Novruz bayramının məşhur “Dirədöymə” oyununu oynadıq. Nəhayət, boyadığımız yumurtaları döyüşdürməyə başladıq. Şagirdlərim bir-biriləri ilə yarışırdılar. Qalib olan VIII sinif şagirdi Şəfa sonda mənlə yumurta döyüşdürdü və müəlliminə də qalib gəldi. Bütün döyüşlərdən qalib çıxdığı üçün yumurtaları hədiyyə olaraq Şəfaya verdik”.

Posu müəllimin sözlərinə görə, bu, ilk deyil. Mütəmadi olaraq dərsdən sonra şagirdləri ilə əyləncəli oyunlar təşkil edir:

“Şagirdlərim üçün də bu çərşənbə tam fərqli oldu. Gələn bayramlara başqa oyunlar hazırlayacaqlarını və daha möhkəm yumurta seçərək, qalib gələcəklərini dedilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları