Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 11:30:00
Direktor: “Kollektiv deyir, nə olur -olsun, buradan getməyin, çünki...” – MÜSAHİBƏ

Fayaz Hüseynov – “Deməzlər ki, “Fayaz müəllim, işə götürdüyün müəllim budur?””

“Valideyn övladından qiymət istəyir. Deyir, mənə “5” gətir. Ona izah edirəm ki, “sən övladını uçuruma aparırsan. Qiymət vacib, həyati məsələ deyil. Sistem onballıq olsun və o “5”-i sizə yazaq. Razı olacaqsınız? Xeyr! Siz bu dəfə “10” istəyəcəksiniz.  Amma bunu qazanmaq üçün çalışmaq lazımdır””

AzEdu.az Bakı Şəhər Təhsil İdarəsi ilə ortaq layihə çərçivəsində məktəb direktorları ilə silsilə müsahibələri davam etdirir. Direktorların tədrisə fərqli, yaradıcı yanaşmalarını üzə çıxaran layihədə onların müəllim, valideyn, şagird, hətta həmkarları ilə bağlı səmimi fikirləri yer alır.

Budəfəki müsahibimiz isə Bakı Şəhər 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynovdur.

“Direktor olmaq çox çətindir, çox... Böyük bir yükün altına girmişik... Burada təkcə tədrisdən söhbət getmir. Məktəbin təsərrüfat, təchizat məsələsi, psixoloji yanaşmalar, valideynlərlə əlaqə və s. var. 2200 şagirdi olan kontingent, ən azı 2200 valideyn və 100-150 müəllim deməkdir. Gəl, indi onların hər birinin psixologiyasını “tut” və idarəçilik et”.

Fayaz müəllim müsahibəyə öz vəzifəsindən bu cür maraqlı bir “giley-güzar”la başlayır. Gülər üzlə deyilən bu sözlərin altında isə kiçik bir məktəbin böyük məsuliyyəti durur... Müsahibə əsnasında sualları cavablayarkən isə işinə necə can yandırdığı hiss olunur. Bəlkə də işinin çətinliyini hiss etməsi elə bu məsuliyyətdən irəli gəlirdi.

Çox uzatmadan:

AzEdu.az 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynovla müsahibəni təqdim edir:

DOSYE

Fayaz Hüseynov 1967-ci ildə anadan olub.1984-cü ildə Bakı şəhər 70 nömrəli tam orta məktəbdən məzun olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini  bitirdikdən sonra illər əvvəl oxuduğu məktəbə qayıdıb və burada nə az-nə çox, 18 il müəllim işləyib. Hətta bir müddət tərbiyə işləri üzrə direktor müavini kimi də çalışıb. 2016-cı ildən isə 60 nömrəli məktəbin direktorudur.

-Fəyaz müəllim, müsahibəyə direktorluq etdiyiniz ilk illərin təəssüratı ilə başlamaq maraqlı olardı...

-Təhsil Nazirliyində kursu bitirən və məktəbə yeni təyinat alan direktorların qarşısına qoyduğu müəyyən tələblər olur. Bu direktorlar kontingent və şəraitdən asılı olmayaraq, bir idarəçi kimi formalaşıblar. Mən də məktəbə təyin olunanda öncə kontingent, məktəbin ümumi vəziyyəti ilə tanış oldum. Bu kollektivlə işləməkdən indi də zövq alıram.

Məktəbdə rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Belə bir kontingentlə işləmək ikiqat məsuliyyətdir. Bunun öhdəsindən gəlmək üçün valideyn və müəllimlərə hörmətlə yanaşdım ki, hörmət də qazanım. Yanaşmaların düzgünlüyünə diqqət etdim.

Mən gələndə məktəbin  1700-ə qədər şagirdi var idi. İndi maşallah, 2200-ə çatıblar.

-Yeni təyinat alan direktorlar müəllimlərin hörmətini qazanmaq, özünü sevdirmək üçün nələrə yol verməməlidirlər?

-Təhsil strategiyasında belə bir bənd var. Ən sevdiyim bənddir: “qərara görə cavabdehlik”. Hər rəhbər dediyi söz və aldığı qərara görə cavabdehlik daşımağı bacarmalıdır. Rəhbər sabah verdiyi qərarın arxasında dura bilməyəcəksə, onu verməməlidir. Verirsə, onun icrası üçün sona qədər lazımi addımları atmalıdır.

Mən də müəllimlərimin inamını verdiyim qərarlar və tutduğum istiqamətdən dönməzliyimə görə qazandım. Onlar gördülər ki, Fayaz müəllimin konkret istiqaməti budur. Hər kəs bunu dəstəklədi. Tez  zamanda bütün kollektiv bir qərara görə necə cavabdehlik daşıdığıma, idarəçi kimi sözümdə dura biləcəyimə inandı. O gündən indiyəcən deyirlər ki, nə olur olsun, bu  məktəbdən getməyin. Deyirəm, dövlətin istəyi hara olsa, orada qulluq etməyə hazıram. 3 ildir ki, buradayam. Hörməti bu yolla qazana bilmişəm.

“Direktor mütləq menecer olmalıdır”

-Qərara görə cavabdehlikdən danışdınız. Amma bir insanın strategiyasını da hər kəs bəyənə bilməz. Yəqin ki, bütün direktorlar kimi siz də bu halla rastlaşmamış olmazsınız...

-Bilirsiz, məktəb direktoru hər şeydən əvvəl güclü psixoloq olmalı, hətta toqquşan mənafeləri də nəzərə almağı bacarmalıdır.

İkinci növbədə o, çox güclü menecer olmalı, icra edəcəyinə əmin olmadığı qərarı verməməlidir. Ola bilər ki, bu qərar çoxunun mənafeyinə toxunsun. Amma direktor bu qərarı bütün mərhələləri keçdikdən sonra verir. Demokratik məktəbdə bu, amiranə formada həyata keçirilmir. Hər tərəfin fikirləri öyrənilib düzgün formata salındıqdan sonra qanunauyğun çərçivədə qərar verilir.

-Amma çoxları düşünür ki, direktor menecerdən əvvəl mütləq müəllim olmalıdır ki, həmkarlarını başa düşə bilsin...

-Xeyr! Direktor mütləq menecer olmalıdır. Düşdüyü vəziyyətdən çıxa bilməyən insan  nə qədər mükəmməl müəllim olsa da, böyük bir kontingenti yanlış istiqamətə apara bilər.

Sırf menecerlik qabiliyyətimə görə, gəldiyim gündən məktəbin uğurları artmaqdadır.

Bir faktı qeyd edim: Fibonoççi layihəsində yüksək istedadlı şagirdlərin oxuduğu lisey və gimnaziyalar iştirak edir. Artıq 8 tur oynanılıb. Orada 17 lisey və gimnaziya, 3 orta məktəb var. Hazırda bizim məktəb onlar arasında 5-ci yerdədir. Deməli, şagirdlərimiz liseylərdəki uşaqlardan geri qalmır.

-Fayaz müəllim, hazırda orta məktəblərdəki neqativlər direktorların daha çox psixoloq, yoxsa menecer kimi yol verdiyi yanlışlardan irəli gəlir?

-Hər ikisini birləşdirmək ən vacib şərtərdəndir. Bilirsiniz, psixoloq hadisəni görəndir. O hadisəni görür, insanların qərara necə münasibət göstərəcəyini öncədən bilir. Menecer isə o hadisənin böyüməsi və digər istiqamətlərə getməsinə imkan vermir. Menecer baş verən hadisəyə müdaxilədir. Hər ikisi birlikdə aparılmadıqda müxtəlif neqativlər yaranır.

-Müəllim, şagird, valideyn... Sizcə, bu 3 istiqamətin hansı ilə işləmək daha çətindir?

-Üçü ilə də işləmək çox asan, həmçinin, hər biri ayrı-ayrılıqda çətindir. Çünki müxtəlif psixoloji yanaşmalar var. Eyni hadisəyə heç də bütün insanlar eyni yanaşmır.

Müqayisədə müəllimlərlə işləmək daha asandır. Çünki onlar direktorun istiqamətini görüb, qəbul ediblər.

Valideyn mövqeyimizi bildirmişik. Şagirdlər tələbimizi görüb. Bizim tələbimiz nə olacaq ki? Təhsil, nizam-intizam, şagirdləri neqativlərdən uzaqlaşdırmaq... Buna nail olmaq üçün əlimizdən gələni etsək də, valideynin üzərinə böyük məsuliyyət düşür. Onlarla tez-tez iclaslar keçiririk. Onlar təhsil müəssisəsinin  obyektiv qərarlarla idarə edildiyini görəndən sonra istənilən məsələdə məktəbin yanında olurlar. Hər şey bundan başlayır: Obyektiv qərar. Qərarı obyektiv olanda direktor da rahat olur. Çünki öz mövqeyini daha yaxşı müdafiə edə bilir. Ola bilər, qərar verilən zaman kiminsə mənafeyinə toxunsun. Amma bir müddət sonra həmin şəxs bu qərarın xoşməramlı və obyektiv olduğunu dərk edir. Axı, direktor onu verərkən, menecer olub.

Şagirdlərlə iş də çətindir. Müxtəlif şagird tipləri var. “Çox şagird aza təsir etmək gücünə malikdir” prinsipindən çıxış edərək çox şagirdi təhsilə yönləndiririk. “Az”lar da onların içində əriyib, yox olur. Əlimizdən gələni edirik ki, çoxluq müsbət istiqamətə getsin. Yuxarı siniflərlə şəxsən özüm o qədər mənəvi söhbətlər aparıram ki, təsiri də çox olur. Onlar mənim istiqamətimə çox adaptasiya olublar.

-Aydındır ki, valideyn şagirdə ən çox təsir edə biləcək qüvvədir. Bəs, məsələyə bir psixoloq kimi yanaşdıqda, onların övladlarına hansı yanlış təsirlərini müşahidə etmisiniz?

-Valideynlə məktəb arasında gərginlik yaşanırsa, mütləq ki, bunun səbəbi qiymətdir.

Valideyn övladından qiymət istəyir. Deyir, mənə “5” gətir. Ona izah edirəm ki, “sən övladını uçuruma aparırsan. Qiymət vacib, həyati məsələ deyil. Sistem onballıq olsun və o “5”-i sizə yazaq. Razı olacaqsınız? Xeyr! Siz bu dəfə “10” istəyəcəksiniz.  Amma bunu qazanmaq üçün çalışmaq lazımdır”

Qiymətləndirmə ilə bağlı son qərarlar da elə buna hesablanıb. Valideynlərə hər şeyi nöqtə, vergülünəcən izah edirik. Biri var, uşaq 81 balla “5” alsın, biri də var ki, 98 balla... Valideynə birincinin “4”-ə yaxın “5” olduğunu izah edirik. O da övladının potensialını görür. Qiymətləndirməyə edilən dəyişikliklər, şagirdin özünü tanıması, valideynin övladının potensialını bilməsi üçün çox yaxşı stimuldur.

-Sizcə, yeni qiymətləndirmə qaydaları valideynlərin bu qiymət dərdinə əlac edə bilərmi? Yoxsa...

-Öncə müəllimləri qeyd edim. Onlar bu qiymətləndirməyə yeni adaptasiya olublar. Müəllimlərlə təbliğat aparılıb. Artıq onlar şagirdə hansı balla “3”, hansı balla “4” yazacağını bilirlər. Keçmiş sistemdə müəllim deyirdi ki, “sən dördlüksən”. Amma çalışdığın görə “5” yaza bilərəm”. Valideyn isə övladının hansı formada  “5” aldığını bilmirdi. İndi hər şey daha konkretləşib.

Valideynlərə gəldikdə, sözsüz ki, onlar bunu qəbul ediblər. Amma məncə, valideynlər bunu tədricən daha çox dəstəkləyəcək, məktəbdən real qiymət tələb edəcəklər. Çünki övladının potensialını bilməyən valideyn onu hansı istiqamətdə yönləndirəcəyini də bilmir.

“Övladı Azərbaycan və rus bölməsində oxuyan valideynlərin yanaşması fərqlidir”

-Məktəbinizdə Azərbaycan və rus bölməsi üzrə tədris aparılır. Bu 2 bölmənin şagirdləri arasında hansı fərqlər müşahidə edilir?

-Təhsil baxımından hər hansı fərq olduğunu demək olmaz.  Hər iki bölmədə bərabər səviyyəli tədris həyata keçirilir. Amma həyata, təhsilə baxış etibarilə, rus bölməsinin uşaqları daha sərbəstdirlər. Bu, bəlkə də kökdən gəlir. Ailə demokratikdirsə,  övladı da açıq fikirli olur. Bu gün övladını rus bölməsinə qoyan valideynlər onun demokratik mühitdə olacağını əvvəldən bilirdilər.

-Maraqlıdır, Azərbaycan bölməsindəki qeyri-demokratiklik nədə müşahidə edilir?

-Xeyr! Azərbaycan bölməsində də qeyri-demokratiklik yoxdur. Sadəcə, yanaşma fərqlidir. Burada daha nizam-intizam və ciddi nəzarət nəzərdə tutulur. Azərbaycan bölməsinin şagirdləri nəyə görəsə, fikirlərini deməyə bir qədər çəkinirlər. Bu, kökdən gələn məsələlərdir. Bu fərq hiss olunur.

-Rus bölməsində təhsil alan şagirdlərin əksəriyyətinin valideyni də elə rusdilli, rus təhsilinin yetirməsi olur. Bu sərbəstliyi valideyn amilinə bağlamaq olarmı?

-Bəlkə də... Ailədən çox şey asılıdır.  Baxın, hər dəfə sonuncu dərs bütün sinif nümayəndələrini otağıma toplayıram. Rus bölməsinin sinif nümayəndələri açıq şəkildə öz fikirlərini deyirlər. Məsələn, onları nə isə qane etmirsə, bunu bölüşürlər. Belə olduqda, mən də özümü sinfə, şagirdlərə daha yaxın hiss edirəm. Azərbaycan bölməsinin şagirdləri də fikir bildirirlər. Amma əgər otağıma 40 sinfin nümayəndəsi gəlibsə, rus bölməsi aktivliyi və sərbəstliyi ilə fərqlənir. Çəkinmədən fikrini deyir. İstər-istəməz iki bölmə arasında bu nisbət özünü büruzə verir.

-Maraqlıdır, bəs, valideyn iclaslarında necə? İki ayrı bölmədə təhsil alan şagirdlərin valideynləri arasında nə kimi fərqlər müşahidə edilir?

-Valideyn iclasında müəllim, direktor, öz fikirlərini valideynlərlə bölüşür. Fikir vermişəm, övladı Azərbaycan bölməsində oxuyan  valideynlər daha çox məktəbin mövqeyini dəstəkləməyə üstünlük verirlər. Amma rus bölməsində təhsil alan şagirdin valideyni məktəbin mövqeyini qəbul etməsinə baxmayaraq, paralel özünün əks arqumentini də səsləndirir. Çəkinmir, rahat şəkildə mövqe bildirirlər.

Məsələn, Azərbaycan bölməsindəki iclaslarda müəllim uşaqların qiymətləndirilməsi barədə məlumat verir. Bəzən, hansısa valideyn bu qiymətlə razılaşmır. Sonra isə iclas öz axarı ilə davam edir. Rus bölməsində isə valideynlər təkcə qiymət deyil, digər sahələrə də toxunurlar. Müzakirə edib sonunda vahid məxrəcə gəlirlər. Hər iki bölmədə eyni qaydada qiymət cədvəlləri paylanır. Tədris müzakirə olunur. Sadəcə, valideynin yanaşması fərqlidir.

“Yeni qiymətləndirməyə qarşı çıxanlar bir az tənbəllərdir”

-Fayaz müəllim, bir az da yeni qiymətləndirmə qaydalarından danışaq. Sosial şəbəkələrdən görünən odur ki, bundan ən çox müəllimlər narazı qaldılar. Direktorları məlumatsız adlandıran da oldu, qaydaları anlamaqda çətinlik çəkən də. Sizcə, əsas problem nə idi? Bu yeni qaydalar təhsilimizə nə verdi?

-Düzü, bizim müəllim kollektivi bayaq dediyim səbəblərdən bu qaydaları çox bəyəndi çox bəyəndi. Artıq müəllimlər hər uşağın balını hesablayıb yazmalıdırlar. Hətta qarşısında kalkulyator olan müəllimi əks etdirən paylaşımlar da oldu. Baxın, yenilik bu kalkulyatordan bəllidir. Müəllimlər əvvəllər bu qədər hesablama aparmırdılar...

-...Və işləri daha rahat idi...

-...Xeyr! Əslində, bu, müəllimin daha da inkişafına dəlalət edən amildir. Əlavə bilik heç kimə zərər verməz. Müəllimlər bunun nəyə görə tətbiq olunduğunu getdikcə  daha yaxşı dərk edəcəklər. Hətta deyərdim ki, 80-90% müəllim bu qaydaları çox yaxşı qəbul edib. Qarşı çıxanlar bir az tənbəllərdir. Onlar kalkulyatorla işləmək istəmirlər. Amma məncə, onlar da tez bir zamanda bunu dərk edəcəklər.

-Bəzi müəllimlər də deyirlər ki, onlardan çox hesablama, yazı tələb olunur. Sonda isə vaxt qalsa, dərs keçirlər. Əməkhaqqının bu qədər tələblə uzlaşmadığını söyləyənlər də az deyil...

-Buna münasibətim birmənalıdır. Əvvəla, pedaqogikanı seçən şəxs hər şeyə hazır olmalıdır. İkincisi, burada hansısa əziyyətdən söhbət gedə bilməz. Əksinə, verilən qərarlar, müəllimlərin görməli olduğu işlər gələcəkdə onların daha obyektiv, münaqişəsiz qiymət çıxarmalarına kömək edir.

Adi misal çəkim: bəzən valideyn övladının 1 KSQ ilə “3” almasından narazılıq edir. Amma indi formativ qiymətləndirməyə əsasən, müəllim şagirdi gündəlik qiymətləndirir. O, kitabça ilə valideynə daha açıq mövqe göstərir. Bunun nəticəsində müəllim sübut edir ki, gündəlik apardığı formativ qiymətləndirmə ilə şagirdə verdiyi qiymət uyğun gəlir. Uşağın gündəlik dərslərdə iştirak etməməsi, hətta bəzən məlumatsız olmasını KSQ sübut edir. Bu, müəllimlərin mövqeyini gücləndirən meyardır.

Yeni qiymətləndirmə qaydalarını rahat tətbiq edə bilmək üçün uzun, əzab-əziyyətli yoldan keçmək lazım deyil. Bu, çox asandır. Diqqətli olub, daha anlayışlı yanaşandan sonra hər şey aydın olur.

- Yəqin, pedaqoji təhsil alan tələbələr istehsalat təcrübəsi üçün bu məktəbə də gəlirlər. Bu gələcək müəllimlər köhnə həmkarlarından nə ilə fərqlənirlər?

-Hazırda Biologiya, Riyaziyyat üzrə tələbələr gəlib bu məktəbdə təcrübə keçirlər. Bu işə xüsusi diqqətlə yanaşıram. Nəzərə alaq ki, o, sabah bizim müəllimimiz ola bilər. Buna görə də həm üzərilərinə böyük məsuliyyət qoyur, həm də müəllimlər üçün olan qaydaları onlara tətbiq edirik. Məsələn, geyim normalarına riayət etmələri ilk tələbdir. Şagirdlərlə davranış əsasdır. Deyirik ki, bizim müəllimlərdən gələcək fəaliyyətiniz üçün istiqamət götürün. Hətta onları sinif rəhbərlərinin yanında köməkçi kimi də qoyduq. Bu, onlara nəinki yalnız pedaqogika, uşaqlarla işləməyi öyrədəcək. Gəlib Riyaziyyat dərsini keçib getməklə iş bitmir, şagirdlə işləməyi də öyrənməlidirlər.

Onlar müsbət mənada çox fərqlənirlər. Çox can atır, işlərini böyük həvəslə görürlər. Məktəbə elə sevərək gəlirlər ki... Yanaşmaları fərqlidir. Təhsildəki bütün yenilikləri daha tez qəbul edib tətbiq etməyə hazır qüvvədirlər. Məktəbi yüksək nəticə ilə bitirib gəlməklə müəllim olmur. Müəllim özü də psixoloq olmalıdır. Bilməlidir ki, şagirdlə çalışacaq. Şagirdin istənilən psixoloji durumuna hazır qüvvə olmalıdır.  

-Sizcə, hazırda direktorlar hansı yanlışlara yol verirlər ki, onlar aradan qalxsa, məktəblər daha çox inkişaf edər?

-Düzü, heç kəsə tövsiyə vermək, irad tutmaq istəmirəm. Çünki hər məktəbin öz şəraiti, kontingenti var.

Bəzi ümumi məsələlərdə yeni direktorlar qrupu olaraq yığışır, birgə diskussiyalar aparırıq. Kiminsə probleminin həll yolundan digəri nəticə çıxarır. Çalışırıq ki, bir-birimizə dəstək olaq. Məqsədimiz övladlarımıza düzgün təhsil verməkdir.

Hamı istəyər ki, məktəbi uğurla irəliləsin. Hər həmkarım əlindən gələni edir ki, mövcud kontingentlə uğur qazansın. Yeni nəsil direktorları olaraq xüsusi qrupumuz var. Kiminsə sualı olanda qeyd edir və cavabını alır. Onlar öz işlərini sevərək görürlər.

-Yeni direktorlarda dedikləriniz aydın hiss olunur. Amma onların sayı azdır. Xüsusilə də rayonlarda illərdir, işləyən “köhnə” direktorlar var.  Əksəriyyətinin də obrazı eyni olur: zəhmli, kollektivlə məsafəli, və s. Sizcə yeni, mülayimlik direktor idarəçilikdə nələr itirir?

-Direktor demokratik idarəetməni seçibsə, onun öz mövqeyi əsas deyil. Əsas onun  nə qədər hazırlıqlı vətəndaş yetişdirməsidir.

Sovet dönəminə qayıdaq: Dediyiniz rejim o vaxtlar da var idi. İnsanlar necə idi?- Məlumatsız, savadlı olsa da, yalnız bir istiqamətdə savadlı, dünyagörüşü zəif və s. Razısızmı?

-Bəli... Razılaşmaq olar...

-Amma indiki direktor demokratiya ilə ən azından cəmiyyətə hazır vətəndaş yetişdirir. Əvvəl kiminsə açıq fikir bildirdiyini görəndə təəccüblənirdik. Amma indi açıq fikir olan yerdə daha çox inkişaf mümkündür. Çünki tənqidi qəbul etmək bacarığı olmalıdır. Biz təhqirə deyil, tənqidə hazırıq. Kim təhqirə keçsə, demokratik direktorun sərt tərəfini də görəcək. Mülayim və demokratik olmaq tam fərqli şeylərdir. Demokratiya ilə valideyn, şagird, müəllimlərin hüquqlarını özlərinə veririk. Burada pis əməl olmaması düzgün iş gördüyümüzün sübutudur.

Amma digər 3 tərəf buna nə dərəcədə hazırdır? Hansı reaksiyanı verəcəklər? Bunlar getdikcə düzələn amillərdir. Demokratik insan istənilən fikrini bölüşə bilər. Çünki o rahatdır, bunu etsə, ona heç nə olmayacaq. Amma qorxaq insan qapanır, fikirlərini demir. Axı, direktoru zəhmlidir! O direktor bəlkə də bununla hansısa kəşfin qarşını alır.

Yəni, idarəetmə nə qədər demokratik olsa, insanlar onu düzgün anlayıb icra etsələr, yaxşı nəticələri olar. Demokratiya uğurun əsas yollarından biridir.

-Bəs, sizcə, bizim müəllim və valideynlər demokratiyanı düzgün qiymətləndirə bilirlər?

-Olur. Düzgün istiqamətə getməyən də olur. Amma bu vaxt qanunu ortaya qoyuruq. Kimsə demokratiyanı yanlış anlayanda, onu qəti tələblərlə düzgün istiqamətləndiririk. İnsan mülayim üz görə bilər. Amma qanunun icrasında sərtlik görəndə başa düşür ki, bundan kənara çıxa bilməz. Qanun demokratiyada belə əsasdır. Demokratiyadan su-istifadəyə yol verilə bilməz.

“Bu qədər izahat verilən yerdə müəllimin xəta etməyə ixtiyarı yoxdur”

-Fayaz müəllim, demokratiyanı qorumaq üçün müxtəlif insan tənbehləri tətbiq olunur.  Nə vaxtsa, hansısa cəza metodu, töhmətə görə özünüzü günahkar hiss etmisiniz?

-Xeyr! Çünki qərar verməzdən əvvəl hər şeyi analiz edirəm. Mən öz mövqeyimi hələ yeni gələndə bildirdim. Deyə bilmərəm ki, gələn kimi hər kəs məni anladı. Xeyr! Qanun çərçivəsindən çıxan qüvvələr də oldu. Amma onlar qanunun sərt tərəfini də gördülər. Mən bununla fəxr etmirəm. Amma olan işlərdir.

Tutaq ki, bir valideyn müəllimin qeyr-etik davranışı ilə bağlı şikayət edir. Valideynin sözü ilə o müəllimi cəzalandırmırıq. Mütləq işi araşdırırıq. Fakt təsdiqini tapır, müəllimlə söhbət aparılırsa, valideynin məktəbə güvəni artır. Valideynin məktəbə əsassız müdaxilə etdiyini və direktorun buna qarşı çıxdığını görən müəllim işini sevir. Cəmiyyətdə inam nə qədər çox olsa, o qədər rahat olar. Bunu təmin etmək üçün inzibati tənbeh qaçılmazdır.

Onu da qeyd edim ki, son vaxtlar məktəbimizdə tənbehə cəlb olunanların sayı azalıb. Əvvəl bu, 4, 5, 6 olurdusa, indi nadir hallarda rast gəlinir.

-Nadir halda da olsa, bu tənbehlər daha çox nə ilə bağlı olur?

-Bəzən bu, sinif jurnalları ilə bağlı olur. Baxıram ki, müəllimə bu tənbehi verməsəm, səhvini təkrarlayacaq. Bu qədər izahat verilən, söhbət aparılan yerdə müəllimin xəta etməyə ixtiyarı yoxdur. Jurnalda qaralama edənlər intizam tənbehinə cəlb olunurlar.

Qeyri-etik davranışlarla bağlı da dəfələrlə söhbət aparılıb. Birdə görürsən ki, müəllimlə şagird, və ya valideynin münasibəti korlandı. Müəllim dəvət olunur. Etik normalar ona xatırladılır, səhvi izah olunur. Demokratik mühitdə müəllimin demək olar ki, aqressiyası qalmır. Belə olduqda, müəllim də məktəbə sevərək gəlir. Bilir ki, orada gərginlik yaşanmayacaq. Demokratik mühitdə bütün bacarıq və istedadlar üzə çıxır.

-Fayaz müəllim, məktəbinizdəki müəllimləri necə görmək istərdiniz?

-Məktəbimizdə 3 Əməkdar Müəllim var. İllərdir, özlərini pedaqogikaya həsr ediblər. Bu müəllimlərin nümunəsində çox kadr görmək istərdim. Özlərini təhsilə o qədər sərf edirlər ki, onların idarə etdiyi siniflərdə intizam, nəticələri ilə seçilir.

Bütün müəllimləri psixoloji durumu və savadı yerində görmək istəyirəm. Bu iki amili birləşdirsək, böyük nəticələr əldə edərik.

“Artıq dərs yükü qalıbsa, direktor da dərs deməlidir”

-Aydındır ki, müəllimlərin də direktordan bəzi istək və tələbləri ola bilər. Məsələn, çox vaxt dərs bölgüsü ilə bağlı anlaşılmazlıq yaranır. İşə yeni qəbul olunan müəllim direktordan dərs saatını tələb edir. Ümumiyyətlə, direktorun dərs deməsinə necə baxırsınız?

-Hər direktorun öz kuratoru var. Onlar tədris ilinin əvvəlində  dərs yükünün necə bölüşdürülməsi ilə maraqlanırlar. Görəndə ki, müəllimin saatı azdır, üstəlik direktor da özünə dərs yükü götürür, buna yol vermirlər. Amma artıq dərs yükü qalıbsa, təbii ki, direktor da dərs deməlidir.

Məncə dərs saatı problemini çox asan həll etmək olar. Menecerliyimi işə salıram. Rayon Təhsil Şöbələrində dərs yükünə nəzarət edən xüsusi əməkdaşlar var. Onlar vəziyyəti öyrənməlidirlər. Sabah müəllim gələndə direktor deməsin ki, mən bu dərs yükünü verə bilmərəm. Bunu başqa bir müəllimə vermişəm. Vakansiya necə göstərilibsə, müəllim saatı elə də almalıdır.

“Deməzlər ki, “Fayaz müəllim,” götürdüyün müəllim budur?””

-Fayaz müəllim, son olaraq direktora daha hansı səlahiyyətlərin verilməsini istərdiniz?

Bu barədə fikrim çoxdur. Danışsam, vaxt çatmaz (gülür)

Bir məsəl var: direktorlara səlahiyyət verilsin, amma bir şərtlə. Sabah o qərara görə, o cavabdehlik daşıma mexanizmi olsun. Məsələn, istərdim ki, müəllimlərin işə qəbulu mənim əlimdə olsun. Bir direktor kimi məktəbimə pis müəllimin gəlməsini arzulamaram. Heç buna yol da vermərəm. Mənim işə götürdüyüm müəllim sabah məktəbin nəticələrini qaldırmalıdır.  Başqa yolla müəllim götürsəm, 2 il sonra nəticəsi məlum olanda deməzlər ki, “Fayaz müəllim, götürdüyün müəllim budur?” Verdiyin qərar məktəbi uçuruma aparırsa, deməli, müşahidən yanlışdır. Buyur, yerini dəyiş, azadsan... Mən buna razıyam... O səlahiyyətə girməyə hazıram. Sırf məktəbin nəticələrinə görə belə səlahiyyətimin olmasını istərdim. Başqa nə istəyəcəm ki? Hər şey qaydasındadır...

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları