Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 16:35:00
Bakı Mühəndislik Universiteti BP ilə birlikdə startap ekosistemini inkişaf etdirir - FOTO

Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlığa başlayır.

AzEdu.az xəbər verir ki, "Yeni Fikir VI" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu məqsədlə BMU-da geniş tərkibli görüş keçirilib. Hər iki tərəfin nümayəndələrinin iştirak etdiyi tədbirdə Təhsil Nazirliyi NRYTN Yüksək Texnologiyalar Parkı, ASAN İnnovasiyalar Mərkəzi, İNNOLAND İnkubasiya və İnnovasiya Mərkəzinin nümayəndələri də iştirak edib.

Tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Havar Məmmədov Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə diqqətindən və ölkəmizdə yaradılan şəraitdən danışıb. Bildirib ki, dünyada texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq BMU müasir tələblərə uyğun fəaliyyət və inkişaf istiqaməti seçib. Məhz buna görə də universitetin hazırladığı kadrlar müasir texnologiyalardan istifadə etməyi və öz ideyalarını biznesə çevirməyi bacarmalıdırlar. Qeyd edib ki, BMU-da sənaye müəssisələri üçün mühəndislik və iqtisadiyyat ixtisasları üzrə müasir nəzəri bilikli, qabaqcıl müəssisələrdə təcrübə keçən və müsbət vətəndaş xüsusiyyətlərinə malik kadr hazırlığı həyata keçirilir və universitetin gələcəkdə sahibkarlıq universitetinə çevrilməsi yönündə mühüm işlər görülür. "Yeni Fikir" startap müsabiqəsi (YFM) də innovativ sahibkarlığın inkişafını dəstəkləyən layihədir. BP-nin də layihədə tərəfdaşlığı müsabiqəyə marağın daha da artacağına və yüksək səviyyədə təşkil olunacağına səbəb olacaq.

BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək BP-nin Azərbaycanda təhsil sahəsində, innovativ texnosahibkarlıq konsepsiyalarının, layihələrin və startapların dəstəklənməsi istiqamətində gördüyü işlərdən danışıb. O, bildirib ki, Azərbaycanda BP-nin həyata keçirdiyi təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. İnanırıq ki, "Yeni Fikir VI" startap müsabiqəsi ölkənin ekosisteminin güclənməsi üçün texnologiyaya və innovasiyaya meyilli çox sayda insanın birgə işləməsi və öz intellektual bacarıqlarını və ambisiyalarını birləşdirməsi üçün böyük imkanlar yaradacaq.

Sonra müsabiqənin layihə rəhbəri BMU Texnoparkının müdiri dosent İsa Qasımov müsabiqə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, BP-nin maliyyə dəstəyi ilə keçiriləcək "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq həm də ekosistemə yeni startapların daxil olmasını hədəfləyir. O, layihənin 7 ay müddətində bir neçə mərhələdə keçiriləcəyini və startap müsabiqəsinə layihələrin qeydiyyatı 4 mart –5 may 2019-cu il tarixlərində yenifikir.az veb səhifəsi vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, müsabiqə haqqında, həmçinin startapların əldə edəcəyi imkanlar haqqında ətraflı informasiya yenifikir.az veb səhifəsində verilib. Müsabiqə qalibləri maliyyə və inkibasiya xidmətləri şəklində dəstək ala biləcəklər.

Tədbirdə çıxış edənlər BMU ilə BP arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və birlikdə görüləcək işlərin faydalarından danışıblar.

Sonda tədbir iştirakçıları universitetin Texnoparkında fəaliyyət göstərən startapların fəaliyyəti, BP tərəfindən qurulmuş kimya mühəndisliyi və mexanika mühəndisliyi laboratoriyaları ilə tanış olublar. Qonaqlar həmçinin tələbələrin dərs prosesində laboratoriyalarda apardığı təcrübələri də yaxından izləyiblər.