Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 15:32:08
Terrorçuların qaçırıb, əsir saxladığı operator:  “Hələbdə dərslər çadırlarda keçirilir”-MÜSAHİBƏ

SURİYADA təhsil mənzərəsi: “Hələb və ətrafındakı məktəblər tamamilə bağlanıb. Əksəriyyəti bombalanaraq yerlə bir edilib. Dərslər Türkiyəyə aid çadır və ya kəndlərdə davam edir”

MÜHARİBƏ – saysız-hesabsız insanların canına qəsd edən, nəsillərin məhv olmasına, tarixi abidələrin, əsrarəngiz tikililərin və təhsil ocaqlarının yerlə bir edilməsinə səbəb olan, insan qanı ilə tarix yazan dəhşətin özüdür.

Bu gün dünyanın bir çox yerində bu dəhşət yaşanmağa və faciələr törətməyə davam edir. Müharibənin ən çox düşmən münasibət bəslədiyi şəxslər isə heç şübhəsiz ki, uşaqlardır. Savaş onların əlindən, yalnız uşaqlıqlarını, körpəliklərini deyil, eyni zamanda gələcəklərini də alır. Təəssüf, bu gün müharibə şəraitində yaşayan milyonlarla uşağa məktəblərdə müəllimlər deyil, darmadağın edilən doğma yurdlarında müharibə dərs keçir.

Həqiqətləri dünyaya çatdırmaq, müharibənin səbəb olduğu tragediyaları bütün insanların gərçəyinə çevirmək üçün savaş müxbirləri hamının, vətəndaşların belə qaçmağa məcbur olduğu bölgələrdə xidmət edirlər.

Onlardan biri də son 10 ildə baş verən bir çox müharibələrdə iştirak edən və Türkiyənin Anadolu Agentliyində xəbər operatoru kimi çalışan Kənan Yeşilyurddur.

Kənan Yeşilyurd şahidi olduğu həqiqətləri və təhsildən tamamilə uzaq qalan uşaqlar barədə acı xatirələrini AzEdu.az-la bölüşüb.

Əvvəlcə, müsahibimizin öz dilindən TƏQDİMATI:

Konya Səlcuq Universitetinin Jurnalistika fakültəsinin məzunuyam. Ali məktəbi bitirdikdən sonra dil öyrənmək üçün İngiltərəyə yollandım və burada 1 il yarım təhsil aldım. Türkiyəyə qayıdaraq Anadolu Ajansına iş üçün müraciət etdim və məktubum müsbət qarşılandı. Bir müddət sonra müharibə, təbii fəlakət və bu kimi oxşar bölgələrə göndərildim.

Müharibə baş verən bölgələrə getməmişdən öncə Somalidəki qıtlığı, Yaponiyadakı tsunami hadisələrini və Filippindəki insan dramlarını görüntüləmişdim.Əlbəttə ki, bunlarla müqayisədə müharibə şəraitini çəkmək daha çətin və təhlükəlidir”

XATIRLATMA: Müsahibimiz bunlarla bərabər, Suriya, Qəzza, Misir, Liviya, Cənubi Afrikada olan hadisələrə də şahidlik edib. O, Misirdə Rabiatul Adeviyye meydanında baş verən qətliami lentə alan yeganə operatordur.

-Kənan bəy, dəfələrlə müharibə gedən bölgələrdə olduğunuz üçün savaşın uşaqlarda yaratdığı fəsadların canlı şahidi olmusunuz. Döyüşlərin baş verdiyi ərazilərdə, eyni zamanda təhsilin vəziyyətinin də bərbad olduğu söylənilir…

-Bəli, bu bölgələrdə demək olar ki, təhsil yoxdur və ya bərbad vəziyyətdədir. Hələb və ətrafındakı məktəblər tamamilə bağlanıb. Əksəriyyəti bombalanaraq yerlə bir edilib. Onlardan geriyə sadəcə dağıntılar qalıb. Dərslər Türkiyəyə aid çadır və ya kəndlərdə davam edir.

Uşaqların psixologiyasının yaxşı olduğunu isə söyləmək mümkün deyil. Onlar türkçə bilməsələr də, ötən ildən etibarən yavaş-yavaş dilimizi öyrənməyə başlayırlar.

-Bununla belə, döyüş gedən bölgələrdə kitab oxuyan, məktəbə getməyə maraq göstərən hər hansı uşaqla rastlaşmısınızmı?

-Bu suala cavab vermək bir qədər çətin və kədərli olsa belə, təəssüf ki, müxtəlif müharibələrdə olduğum 10 il ərzində kitab oxuyan tək bir uşaq belə görmədim.

Riyazi dildə savaşa TƏRİF: Müharibə bərabərdir, gözyaşı bolluğu, ümidsizlik və məhv olan insan nəsillərinə…

-Bir az da müharibənin uşaqların psixologiyasına təsirindən bəhs edək…

-Savaş xaos deməkdir. Eyni zamanda, ümidsiz gözləntilərə, kimsəsiz uşaqlara, oğullarına ağlayan analara, itib gedən illər və nəsillərə, bol gözyaşına, ümidsizliyə, qorxu və yerlə bir edilən tarixi abidələrə bərabərdir.

Müharibədə uğur qazanan yoxdur. Tək uduzan tərəf isə uşaqlardır. Məsələn, hazırda Suriyanın vəziyyətini düşünün. Dünyanın hər yerində bir-birindən ayrı düşmüş suriyalılar yaşayır. Böyük ehtimalla, heç biri geri dönməyəcək.

Mənə bu illər ərzində ən çox təsir edən uşaqlar və onların atalarının hönkürtü ilə ağlaması oldu. Qəzzada bayram günü 10 uşağın oynadığı park vurulmuşdu. Geriyə sadəcə onların ayaqqabıları qalmışdı. Daha sonra bir ev bombalandı. Evi çəkmək üçün gedəndə uşağın oyuncağını axtardığını gördüm. Bir at tapıb gülümsəyərək onu çiyinlərinə qoymağa çalışırdı. Bu uşaqların psixologiyasının nə halda olduğu təsəvvür etmək belə mümkün deyil. Bir tərəfdə normal həyatda uşaqların rastlaşdığı ən kiçik mənfi hadisələri,  digər tərəfdə isə hər gün başlarına bomba yağan uşaqları və onların ailələrini düşünün…

“Terrorçular bizi qaçırıb, 3 gün əsir saxladılar”

-Səhv etmirəmsə, evlisiniz və sizin də övladınız var. Ailənizin işinizə münasibəti necədir?

-Müharibəyə gedəndə həyat yoldaşım qorxu içində olur, amma o da jurnalist olduğu üçün məni başa düşür. Anamın isə bölgəyə getdiyimdən əsla xəbəri olmur. Yoldaşıma, mənə zəng etməsin deyə, dəfələrlə xəbərdarlıq edirəm. Çünki bir dəfə terrorçular tərəfindən qaçırılanda ən böyük istəyim telefon onların əlində olanda yoldaşımdan zəngin gəlməməsi idi.

-Qaçırıldığınız zaman fiziki şiddətə məruz qalmısınız?

-Bizi qaçırıb qərargah adını verdikləri yerə apardılar. Sorğu-sual etdilər, telefonlarımızı, kameralarımızı və kompüterlərimizi götürdülər. 3 gün müddətində orada qaldıq. Düzdür, bizə fiziki şiddət tətbiq etmədilər, amma psixoloji basqı inanılmaz idi. Təsəvvür edin,  nə verdiklərindən yeyə, nə də içə bilirsiniz. Yatmağa belə çəkinirsiniz. Həyəcan və qorxu bütün bədənimizi bürümüşdü.

-İlk dəfə müharibəyə gedəndə hansı hissləri keçirmisiniz?

-Hər hansı bölgədə müharibə başlamamışdan öncə əks-sədası əvvəlcədən eşidilir. Qurumlar da buna görə bölgəyə kimlərin gedəcəyinə qərar verirlər. Belə yerlərə ilk dəfə göndəriləndə insan özü-özünə sual verir ki, mən bu müharibəni izləyə biləcəyəmmi? Nəyi necə edəcəyimə dair tərəddüdlərim var idi. Ən vacibi isə getdiyin yerdən geri dönüşünün olub-olmamasını bilməməyindir.

ETİRAF: “Dostum gözümün qabağında vuruldu, mən isə bu anı çəkdim”

-10 il ərzində ən çox çətinlik çəkdiyiniz məqam hansı olub?

-Suriyada fotomüxbir dostum yolu keçəndə gözlərimin qabağında vuruldu. Vurulduqdan sonra onunla danışmağa başladım. Həm danışmağa, həm də kamerayla onu çəkməyə çalışırdım. Qarşımızda isə Suriya ordusu var idi. Qorxursunuz, amma çəkməsəniz, dostunuzun vurulduğunu heç kimə sübut edə bilməzsiniz.

Pendir-çörəyin “özəl”liyi

-Sizə müharibələrdə ən çox təsir edən məqamların uşaqlarla əlaqədar olduğunu qeyd etdiniz. Maraqlıdır, onlarla bağlı daha hansı anılarınız var?

-Misirdə dostumla bir yerdə idik. Gecə 3-də səhər namazını çəkməyə getdim, atışma başladı. İnsanlar vurulduqca bizə tərəf qaçırdılar, aralarında can verənlər və kəlmeyi-şəhadət gətirənlər var idi. Biz isə dayanmadan çəkirdik. Bir müddət sonra çəkilişə gücümüzün qalmadığını hiss edərək kameraları yerə qoyduq. Yaralıları daşıyıb insanlara kömək etdik. Üstümüzün tamamilə qana bulaşdığının fərqində belə deyildik. Səhəri gün danışıq qabiliyyətini itirmiş uşaq yanıma gəldi. Ramazan ayı olduğumuz üçün oruc tutmuşduq. O, çörəyin arasına pendir qoyub mənə yemək gətirmişdi. Sən demə, bir gün öncə atışmada kömək etməyə çalışdığımız insanlardan biri onun atası imiş. O qədər pis olmuşdum ki, duyğularımı sözlərlə ifadə edə bilmirəm. Normalda hər şeyimi yanımdakı dostlarımla paylaşıram, amma o çörəyi paylaşmadım. Mənim üçün bu qədər özəl idi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları