Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 13:22:00
Minlərlə gəncin gözlədiyi nəticələrin elanı, vacib qərarlar, açıqlanan prioritetlər – Təhsil icmalı  

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Bütün pillələr üzrə tələbə köçürülmələrinin nəticələri açıqlandı

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, Transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib.

Qeyd edək ki, Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

İmtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.  

Peşə məktəbləri üçün buraxılış imtahanlarının nəticələri elan edildi

2019-ci il fevralın 17-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Təhsil naziri əmr imzaladı: Pedaqoji mühazirələr keçiriləcək

Geridə buraxdığımız günlərdə təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində pedaqoji mühazirələrin keçirilməsi haqqında əmrimzalayıb. Əmrin imzalanmasında məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərininyaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.

Əmrə əsasən, 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçiriləcək.

Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi

Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 1 iyul tarixli 129 nömrəli və "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2015-ci il 1 may tarixli 125 nömrəli qərarlarında dəyişikliklər edib.

Dəyişikliklər əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin təhsili ilə əlaqədardır.

Beləliklə, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının "Elm haqqında" və "Təhsil haqqında" qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması isə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək

“Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək”.

Bu sözləri təhsil naziri Ceyhun Bayramov  “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib: “Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi ölkənin bütün ümumi təhsil müəssisələrində aparılmalıdır”.

Nazir qeyd edib ki, ötən iki ay ərzində 132 məktəbə yeni direktor təyin olunub.

O qeyd edib ki, məktəb bazasında peşə təmayülünün daha da genişlənməsi əsas prioritetlərdən biri olacaq: “Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır. Təhsildə valideyn amilinə xüsusi diqqət yetirilməlidir. Bundan başqa, bütün ölkə boyu xüsusi istedadlı uşaqların seçimi prosesi aparılır və indiyədək 60 sinif yaradılıb və bu proses diqqət mərkəzində olacaq”.

Qeyd edək ki, uşaq evlərinin sakinlərinin qayğılarını, burada onlar üçün yaradılmış şəraiti daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı uşaq evi üçün 2016-cı ildə Zirə qəsəbəsində “Dalğa” yay düşərgəsi də inşa olunub.

Dövlət İmtahan Mərkəzinə yeni vəzifə həvalə edilib

Dövlət İmtahan Mərkəzinin vəzifələri artıb. Məlumata görə, bu, prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

 Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanlar keçimək və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat vermək Dövlət İmtahan Mərkəzinin vəzifələri sırasına daxil edilib.

Həftənin təhsil  informasiyaları

Bu qədər  şagird buraxılış imtahanı verib

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirilib.

Qeyd edək ki, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 martda dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Qeyd edək ki, imtahan kompüter vasitəsilə aparılacaq.

Həftənin təhsil xəbərləri

Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

 Leyla Əliyevaya müəssisə barədə məlumat verilib. Bildirilib ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda klinika, mərkəzi qan bankı və elm bölməsi olmaqla üç hissədən ibarətdir. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri nüfuzlu yerli və xarici jurnallarda nəşr edilir. 2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.

Leyla Əliyeva Suraxanıdakı 2 saylı uşaq evinin sakinləri ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.

Leyla Əliyeva əvvəlcə uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olub.

 Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Leyla Əliyeva Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izləyib. 

Təhsil naziri “MBA Club”un üzvləri ilə görüşüb

 Ötən həftədə təhsil naziri Ceyhun Bayramov dünyanın məşhur universitetlərində magistr səviyyəsi üzrə təhsil almış “MBA Club”un (Master of BusinessAdministration) üzvləri ilə görüşüb.

Görüşdə Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib, qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, digər çoxsaylı dövlət proqramları ölkəmizdə elm, təhsil və innovasiyaların inkişafı istiqamətində konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları