Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 13:41:31
Avropada milyonluq layihə hazırlayan azərbaycanlı gənc: “Bizdə elm ona görə inkişaf etmir ki...”

“Müəyyən ölkələrdə elmin zəif inkişafının əsas  səbəbi orada lazımı infrastrukturların olmamasıdı. Konkret kimyanı götürək, bizdə kimya kafedralarında aparılan elmi tədqiqat işləri tətbiqdən uzaqdır”.

Bunu AzEDU.az-a açıqlamasında Niderlandda yaşayan və öz işini orada quran gənc kimyaçı Bəhruz Məmmədov deyib.

Qeyd edək ki, o, Gəncə Dövlət Universitetində kimya fakültəsinin bakalavr pilləsində təhsil alıb, sonra isə Niderlandın Tvente şəhərində  kimya mühəndisliyi üzrə magistr olub. Magistraturada oxuyan zaman müdafiə etdiyi elmi işi sonradan öz şirkətinə çevirib və “Eurekite” şirkətinin əsasını qoyub. Qeyd edək ki, şirkətin əsasını elmi rəhbəri ilə birlikdə qoyub. Hazırda şirkətin maliyyə və əməliyyat işləri üzrə direktorudur.

B.Məmmədov təsisçisi olduğu şirkətdə əsasını qoyduğu layihələrdən biri iki il bundan əvvəl 2.5 milyon avro məbləğində qiymətləndirilib. Bəhruz Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından olduğu “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqaviləyə imzalamışdı.

Bəhruz Məmmədov Azərbaycanda elmin bizneslə əlaqəsinin zəifliyini bir neçə səbəblə əlaqələndirib:

“Təcrübəmdən deyə bilərəm ki, Azərbaycanın bəzi ali məktəblərində elə elmi tədqiqatlar aparırlar ki, onlar həm müasir dövrlə uzlaşmır, həm də tətbiqdən kənardadırlar. Sırf nəzəri-fundamental tədqiqdi.

Elmin biznesə tətbiqinin passivliyində  iki məqamı xüsusilə qeyd etmək istərdim: birincisi, universitetlərdə aparılan elmi tədqiqatların  tətbiqə yaxın olmamasıdır. İkincisi, də tədqiqat universitetində elmi kəşf varsa onun bazara gəlməsi üçün ixtiraçıların bazara cəlb edilməsi naminə müəyyən infrastruktur olmalıdır”.

Qeyd: Bəhruz Məmmədovla geniş müsahibə tezliklə AzEDU.az-da oxuya bilərsiniz.

Elmin Nuri