Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-02 16:40:00
Hərbi liseylərə qəbulla bağlı ən çox verilən sual – Qəbul  qaydaları, təhsil müddəti

 

Hərbi liseylərə qəbul qaydaları  və təhsil müddəti ilə  bağlı  tez-tez suallar alırıq.  

Qeyd edək ki, Nazirlər Kabinetinin  “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarı ötən il qəbul olunsa da, məsələnin aktuallığını nəzərə alaraq, bu barədə yenidən bir neçə məlumatı təqdim edirik:

Qeyd edək ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti ötən il azaldıldı.

 İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər. Liseylərə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilib.  Dəyişikliyə əsasən liseylərdə təhsil müddəti 2 il olacaq və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər. Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

İndiyə qədər liseylərin rəisi liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edib. Bundan sonra isə liseylərin rəisi mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edə biləcək.