Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 12:18:00
DİM dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsahibə elan etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 28-də 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, müsahibəyə çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i isə B növünə (inzibati icraçı) aiddir.

Ən yüksək vəzifələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində şöbə müdiri və şöbə müdirinin müavini, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 3 vəzifə, Dövlət Statistika Komitəsində 7 vəzifə, Dövlət Turizm Agentliyində 2 vəzifə, Əqli Mülkiyyət Agentliyində 4 vəzifə, Mədəniyyət Nazirliyində 5 vəzifə, Təhsil Nazirliyində 2 vəzifə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə, Gəncə Hərbi Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Masallı Rayon Məhkəməsində 2 vəzifə olmaqla 29 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 28-dən martın 30-dək (30 gün müddətində) DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.