XƏBƏRLƏR

27.02.2019 15:52
Xaricdəki doktorant: “Buradakı tələbələr “acdır”, bizimkilər isə hər şeyi bilirlər” - MÜSAHİBƏ  

Qələndər Məmmədli:“Azərbaycandakı  bugünkü  marketinq mühitindən razı deyiləm.  Amma marketinq sahəsi ilə məşğul olan insan mövcud vəziyyətdən nə vaxtsa razı olsa,demək, onun təqaüd vaxtı çatıb. Yeniliklər qonşu ölkələrlə müqayisədə bizdə daha gec qəbul edilir. Bu da öz növbəsində,  yeni fikirlərin tətbiqinin qarşısını alır”.

İndi isə müsahibimiz barədə…

DOSYE: Qələndər Məmmədli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin idarəedilməsi  ixtisasının bakalavr pilləsini bitirib. Bakalavriat   təhsilindən  sonra  bir il  menecer kimi çalışıb.

Daha sonra Türkiyənin Mərmərə Universitetində Marketinq ixtisası üzrə  magistr təhsili alıb. Eyni zamanda,  Erasmus proqramı ilə 1il Polşanın Çestokovo Texniki Universitetində oxuyub.

Hazırda isə Türkiyənin Anadolu Universitetində  Biznesin idarəedilməsi ixtisası üzrə doktorantura dərəcəsində təhsil alır. O, doktorantura dərəcəsində oxumaqla yanaşı eyni zamanda UNEC-də Marketinq və Reklam ixtisası üzrə təhsil alan tələbələrə də dərs keçir.

-Maraqlıdır,Qələndər bəy kadrların yetişməsində iştirak edən müəllim kimi, Azərbaycanda marketoloqların peşəkarlıq dərəcəsini indi və yaxın 5 ildə necə görürsünüz?

-Bu ildən  etibarən,  marketinq və reklam ixtisası üzrə bakalavr səviyyəsində təhsil alanlara dərs keçirəm. Amma 2014-cü ildən bəri Azərbaycan marketinqinin içindəyəm. Onu da qeyd edim ki, bu günü dəyərləndirməzdən öncə 5 il bundan əvvəli vəsonranı qiymətləndirmək lazımdır.Əgər 5 il öncəyə nəzər salsaq, görərik ki,  hazırda Azərbaycanda marketoloqların peşəkarlıq dərəcəsi çox  yaxşıdır.  Ümidvaram ki, 5 il sonra bundan da yaxşı olacaq.

“Tələbənin diqqətini dərsdə saxlamaq üçün müəllimlər fərqli ölçmə metodu və müxtəlif öyrənmə vasitələrindən istifadə etməlidir” .

-Sizcə, Azərbaycanda marketinq və reklam ixtisası üzrə tədrisin keyfiyyəti necədir?

-Əslində, tədrislə bağlı fərd olaraq, öz adıma danışmağım daha doğru olar. Tədris prosesində çalışıram ki, tələbələr üçün müxtəlif yeniliklər edim. Ancaq burada bir məqam var ki, 10-15 il öncəki “nəzəriyyənin  yüklənmə metodu” bu gün əhəmiyyətini itirir. Tələbənin diqqətini dərsdə saxlamaq üçün müəllimlər fərqli ölçmə metodu və müxtəlif öyrənmə vasitələrindən istifadə etməlidirlər .

-Qələndər bəy, bəs marketinqi tələbələrə daha yaxşı anlatmaq və sevdirmək üçün hansı fərqli metodlardan istifadə edirsiniz?

-Bunun üçün  özəl sektorda çalışan və marketinq sahəsində uğur qazanan şəxsləri dərslərə qonaq qismində dəvət edirik.

Tələbələrə keçirilən dərsdən savayı müxtəlif kitablar oxuyub, filmlər izləməyi də təklif edirəm. Beləcə, tələbələr arasında sağlam rəqabət mühiti formalaşır. Əlavə olaraq bildirim ki,  qrup tapşırıqlarının qalibini və ya ən yüksək nəticə göstərənləri mükafatlandırıram.

-Sizcə, bu sahəni tədris edən hər  müəllimin öz fərqli metodu olmalıdırmı?

-Əslində, hər müəllimin bir neçə fərqli metodu olsa, daha yaxşı olar. Çünki,  qarşımızdakı tələbələrdirvə işimizin özəyində insan yetişdirmək dayanır. Yəni, insanlar standart deyil ki, hamıya eyni metod tətbiq edilsin. Eyni zamanda, məktəblərdə siniflərin  forması da fərqlidir. Məhz ona görə bəzi siniflərdə daha sakit, zarafatcıl, bəzilərində isə daha ciddi olmaq tələb  olunur.

-Sizcə, reklam sahəsindəki əsas boşluqlarımız hansılardı?

-Reklam sahəsində əsas boşluqlardan biri  fikrimcə, şirkətlərin sanki reklamın niyə çəkildiyini dərk etməməsidir. Reklamlar məqsədyönümlü çəkilmir və onların  amallarına xidmət eləmir. Bu da hər halda nəzəri bazanın zəif olmasından irəli gəlir. Onu da qeyd edim ki, reklam sahəsi ilə bağlı  əsas problem, şirkətlərin istehlakçını dinləməməsidir.

-Qələndər bəy, marketinq sahəsində mütəxəssis yetişdirmək üçün sizcə Azərbaycan universitetlərində təhsil almaq kifayət edirmi?

-Ümumiyyətlə, tək başına heç bir universitet təhsili marketinq mütəxəssisi yetişdirməyə kifayət etmir.   Ancaq bir reallıq var ki, marketinq praktikadan nəzəriyyəyə doğru inkişaf edir.

bazar iqtisadiyyatı təcrübəsi  eyni zamanda da  xarici ölkələrdə qazanılan təhsillə birlikdə yəqin ki,marketinq sahəsində  mütəxəssis  yetişdirmək mümkündür.

-Türkiyənin Mərmərə Universitetində magistr səviyyəsi üzrə təhsil almısınız. Maraqlıdır, orada oxuduğunuz dönəmlərdə  təhsil sistemində nəkimi fərqləri müşahidə etdiniz?Ümumiyyətlə,Türkiyə təhsil sisteminin bəyənib-bəyənmədiyiniz tərəfləri hansılardır?

 -Türkiyə təhsil sistemində bütün pillələr arasında kompakt əlaqə var. Orada insanlar  daha çox ixtisaslaşmaya can atırlar. Yəni, sistem hər kəsin daha çox bildiyinə yönəlməsinə gətirib çıxarır. Marketinq kimi ixtisaslarda dərs və tədrisi bazar formalaşdırır. Türkiyədə bazar iqtisadiyyatında insanlar keyfiyyəti ölçə bildiyi üçün, tədrisin də keyfiyyəti ona paralel daha da yüksəlir.

Eyni zamanda, universitetin kampus sistemi, kitabxana, elektron kitabxana, elmi məqalələrə çıxış kimi imkanlar və bir çox resursların əlçatan olması da təhsil sisteminin üstünlüyüdür.

Ancaq bizdəki tələbənin biliyini ölçmə mexanizmi də hərtərəfli olduğu üçün müsbət qiymətləndirirəm. Əslində bu kompleks problemdir. Ailənin övladına yanaşması 22 -23 yaşında da balaca uşaq kimi olanda, o insandan sağlam fərd və düzgün təfəkkür gözləmək sadəlövhlükdür.

 

 “Türkiyəli tələbələr öyrənməyə acdır,  amma bizimkilər deyir ki, “mən hər şeyi bilirəm””.

-Bəs,  azərbaycanlı və türkiyəli tələbələrini müqayisə etdikdə nə kimi fərqləri müşahidə etmisiniz?

-Türkiyəli tələbələr özlərindən daha əmindirlər. Onlar fikirlərini söyləməkdə daha sərbəst və rahatdırlar. Ancaq Azərbaycanın tələbə kontingenti daha savadlıdır. Türkiyəli tələbələr öyrənməyə acdır, amma bizimkilər deyir ki, “mən hər şeyi bilirəm”. Bunun əsas səbəbi isə  heç nə bilmədən təsadüfi əldə edilən "etalonların" olmasıdır. Ancaq böyük bir tələbə qrupu var ki, ciddi mənada araşdırır, öyrənir və fikir müzakirəsi edir. Əsasən də bunları  xanım tələbələrdə müşahidə edirəm.

-Bəs sizcə, azərbaycanlı marketoloqlar xarici həmkarlarından nələri ilə fərqlənirlər?

-Azərbaycanlı marketoloqlar özlərinə  və biri-birinə olan inamı baxımından zəifdirlər. Onu da qeyd edim ki, savadlılıq və daim gündəmi izləmək əsas şərtdir və bir də yeniliklərdən nələr edilə biləcəyini mütləq düşünmək lazımdır. Bu baxımdan, bizdə nəzəriyyənin praktikada tətbiqində olan zəifliklər, xaricilərin hər şeyi doğru bildiyi düşüncəsi bazar iqtisadiyyatını da inkişafdan ləngidir.

Bəzən olur ki, xaricdə mövcud olan uğurlu layihəni heç bir araşdırma aparmadan, burada da tətbiq edirlər. Əlbəttə ki, bu da öz növbəsində yanlışdır. Əlavə olaraq bildirim ki,  sahibkarlarımız  xarici marketoloqa verdiyi büdcəni yerli həmkara vermir.

-Səbəb?

-Burada həm sahibkarların həm də marketoloqların günahı var. Bazar iqtisadiyyatında da qarşılıqlı etibarsızlıq müşahidə edilir. Bunun da əsas səbəbi bazar iqtisadiyyatına ilk daxil olanların marketinqi düzgün ifadə edə bilməməsi və ya loru dildə desək “dələduz” kimi yadda qalmasıdır.

-Marketinq ixtisasına əmək bazarında da  tələbat kifayət qədərdir. Ölkəmizdə dinamik, operativ, daim yeni informasiya axtarışında olan gənc peşəkar marketoloqlar yetişir?

-Əlbəttə, dinamik, operativ, daim yeni informasiya axtarışında olan gənc peşəkar marketoloqlar yetişir.Amma təəssüf ki, bu bir az şəxsi əzmkarlıqla baş verir. Daha kompleks vəmütəşəkkil inkişafa ehtiyacımız olduğunu düşünürəm.

-Qələndər bəy, bəs Azərbaycanın bugünkü Marketinq mühitindən razısınızmı? Xarici ölkələrlə müqayisədə vəziyyət necədir?

- Azərbaycanın bugünkü marketinq mühitindən razı deyiləm.  Amma marketinq sahəsi ilə məşğul olan insan mövcud vəziyyətdən nə vaxtsa razı olsa, bu o deməkdir ki, artıq təqaüd vaxtı çatıb.Qonşu ölkələrlə müqayisədə yeniliklərin qəbulu bizdə daha gecdir. Bu da öz növbəsində yeni fikirlərin tətbiqinin qarşısını alır.Bizdə marketinq iməkləmə səviyyəsindən yeni-yeni qalxmağa çalışır. Ancaq insanlarımızın öyrənmə tezliyinə, dünyaya olan inteqrasiya qabiliyyətinə güvənirəm.

-Çoxları düşünür ki, reklam sahəsində mütəxəssis olmaq üçün xaricdə təhsil almaq mütləqdir. Bu fikrə  münasibətiniz necədir?

-Reklam sahəsi bazar iqtisadiyyatında   yeni formalaşır. Mütəxəssis olmaq üçün xarici ölkələrdə təhsil almaq mütləq deyil. Çünki, bu elə sahədir ki, heç nə mütləq deyil. Humanitar sferada dəqiq elm kimi danışmaq bir az qəlizdir. Ancaq  xarici ölkələrdə də gənclərin təhsil alması daha yaxşı olar. Çünki xarici ölkələrdə kifayət qədər yetişmiş mütəxəssislər var. Xarici ölkələrdə mövcud olan təcrübəni buraya ancaq təhsil və yaxşı mütəxəssislərlə daşımaq mümkündür.

-Bəs sizcə,azərbaycanlı tələbələrin  iqtisadi analitik qabiliyyətləri nə dərəcədədir?

-Hər hansı ölkənin insanlarını doğuşdan analitik zəkasının zəif , ya da yüksək olduğunu demək sui-zənndən başqa bir şey olmaz. Düşünürəm ki, gənclərimizin intellekti kifayət qədər yüksəkdir. Sadəcə, bir sistem daxilində onların bilik və bacarıqlarını sistematik formada idarə edib,  öz qabiliyyətləri yüksək olan istiqamətdə yönləndirmək lazımdır.

-Doktoranturada  oxuyur, eyni zamanda,  müəllim kimi fəaliyyət göstərirsiniz. Sizcə, öyrənmək asandır, yoxsa, öyrətmək?

-Öyrənmək dünyanın ən asan işidir. Öyrətmək isə heç vaxt əmin olmadığın bir şeydir. Sadəcə, öyrənmək üçün motivasiya, maraq və bir az da əzm lazımdır.

-Sizcə, marketinq və reklam sahəsində mütəxəssis yetişdirmək üçün müəllimlər hansı tələblərə cavab verməlidir?

-Əvvəla müəllim marketinq və reklam sahəsini nəzəri və praktik cəhətdən doğru  formada bilməlidir.  Daha sonra isə kreativ düşüncələrə və standartlardan kənar metodlara sahib olmalıdır. Müəllim həm psixologiyanı bilməli, həm də yaxşı kommunikasiya bacarığına sahib olmalıdır.

-Bəs marketinq və reklam sahəsinin dərinliklərini bilmək istəyən tələbələrə tövsiyəniz nələrdir?

-Tələbələrə tövsiyəm budur ki, mütləq qısa müddətli də olsa təcrübə keçsinlər.Həmçinin onlar sadəcə, elmi yox bədii kitablar da oxusunlar. Eyni zamanda, tələbələr mütləq bir-birinə əks fikirləri müdafiə edən yazıçıların kitablarını da mütaliə etsinlər.

Onu da qeyd edim ki, tələbələr elmi məqalələri, sahəyə dair “Harvard Biznes Revyu”, “Brandmap” kimi jurnalları oxusunlar. Həmçinin, onlar  elmi məqalələr üçün “Journal of Marketing”də yer alan məqalələri və yenilikləri təqib etsinlər. Ümumiyyətlə, gənclərimiz texnologiyanı öz işlərinə inteqrasiya etməsinə can atsınlar.

Günel Yaşarqızı Müəllifin digər yazıları