Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-25 13:57:00
Nazirin Türkiyə səfəri, direktor olmaq arzusu gerçəkləşənlər, nümunəvi attestat alacaq şagirdlər - Həftənin təhsil icmalı  

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Azərbaycan və Türkiyə təhsil nazirlərinin görüşü olub

Geridə buraxdığımız günlərdə Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə üç günlük rəsmi səfəri olub.

Səfərin sonuncu günü Ankaradakı Heydər Əliyev Məktəbi ilə tanışlıq olub. Burada məktəbin fəaliyyəti və tədris metodikası barədə ətraflı məlumat verilib. Məktəbdə sagirdlərin Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən rəsm sərgisi ilə tanışlıq olub.

Məktəbin qapalı idman və konsert zalında müəllim və şagirdlərin iştirakı ilə toplantı təşkil olunub.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar və Heydər Əliyev Məktəbinin müdiri Necati Şəngəzərin çıxışları dinlənilib.

Çıxışlardan sonra şagirdlər zəngin bədii və idman proqramı təqdim ediblər. Azərbaycanın gözəlliyini və əzəmətini, Türkiyə ilə qardaşlığımızı tərənnüm edən şeirlər söylənilib, maraqlı idman nömrələri göstərilib.

Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin milli təhsil naziri Ziya Səlcuk arasında görüş olub. Görüşdə Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin dinamik inkişafını yüksək dəyərləndiriblər.

Təhsil Naziri Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub.

Görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.

Ceyhun Bayramov Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü

Geridə buraxdığımız günlərdə təhsil naziri Ceyhun Bayramov Türkiyədə səfəri çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyində Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

 Təhsil nazir Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, qardaş ölkədə çalışan azərbaycanlılar - professor Həmdullah Mehrabov və doktor Şahin Xankişiyev görüşdə çıxış ediblər.

Azərbaycan-Türkiyə təhsil əlaqələri müzakirə olundu

Ötən günlərdə Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri  çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı və "Anıtqəbir" kompleksi ziyarət olunub.

Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələrin vacib istiqamətləri müzakirə olunub. O cümlədən Azərbaycanda müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının Türkiyədə təqaüd əsasında elmi araşdırmalarını davam etdirmələrinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Təhsil Naziri məktəbdə rəsm çəkdi

Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə Ticarət Elçisi Baronessa Emma Nikolsonla görüşüb.

Geridə buraxdığımız günlərdə Bakı şəhəri 23 nömrəli məktəbdə baş tutan görüşdə maraqlı anlar yaşanıb. Belə ki, nazir şagirdlərlə birgə qrup tapşırığını yerinə yetirib və Novruz bayramınının adət-ənənələrini elçiyə rəsm çəkərək izah edib.

Şəkərbura, paxlava, bayram ənənələri Baronessa Emma Nikolsonun marağını cəlb edib.

Həftənin təhsil  informasiyaları

Orta məktəbi uğurla bitirənlərə  xüsusi  attestat veriləcək

Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Yeni qanun layihəsinə əsasən, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.

İclasda bildirilib ki, indiyə qədər təhsilini başa vurmayan şəxslər sənəd ala bilmirdilər, lakin yeni qanun layihəsinə əsasən, həmin şəxslərə hansı sinfə qədər təhsil aldığı barədə sənəd veriləcək.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İşə qəbul olunan məktəb direktorlarının adları açıqlandı

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb. 

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilən müsabiqə 4 mərhələdə keçirilib. Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib.  

5 dekabr 2018-ci il - 26 yanvar 2019-cu il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsində təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb. Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin ediliblər.

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtı 28 fevral saat 23:59-dək uzadılır.

Qeyd edək ki, elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.

Magistraturaya qəbul imtahanı keçirilib

24 fevralda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanının birinci mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılıb. İmtahan bütün binalarda eyni vaxtda saat 13:00-da başlanılıb və 2 saat 30 dəqiqə davam edib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları