Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-23 13:27:00
Dərslik siyasəti zamanı Təhsil Nazirliyinin funksiyaları – Dərsliklərin təsdiqi, ləğvi...

Ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin təhsil sahəsindəki prioritet istiqamətlərdən biridir. Respublikamızda dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

AzEdu.az həmin funksiyalar haqda məlumatı təqdim edir:

İlkin olaraq, Təhsil Nazirliyi ümumtəhsil məktəblərində istifadə olunacaq dərsliklərin siyahısını müəyyənləşdirməlidir. Bu dərsliklər müvafiq standartlara və kurrikuluma uyğun olmalıdır. Yalnız müəyyənləşdirdikdən sonra dərsliklərin hazırlanması üçün müsabiqə elan edir və ya sifariş verir. Dərsliklərin qiymətləndirilməsi Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tərəfindən həyata keçirilir.

Beləliklə, Təhsil Nazirliyi DQŞ sədrinin təqdimatı ilə həmin qurumun üzvlərini və dərslikləri qiymətləndirmə meyarlarını təsdiq edir. Yeni dərsliklərin yaradılması qaydalarını müəyyənləşdirdikdən sonra isə aidiyyəti təşkilatlarla birlikdə dərsliklərin texniki və gigiyenik tələblərini, “Dərslik fondu haqqında” təlimatı təsdiq edir.

Təhsil Nazirliyinin dərslik siyasəti ilə bağlı digər funksiyalarını da təqdim edirik:

- DQŞ-nin təqdimatı əsasında dərslikləri təsdiq və ya ləğv edir;

- xüsusi araşdırmalar, sorğular yolu ilə təkmilləşdirilməli və yeniləşdirilməli olan dərsliklərin siyahısını müəyyənləşdirib mətbuatda elan edir;

- növbəti tədris ilinə çap olunacaq dərsliklər üçün lazım olacaq maliyyə vəsaitinin ayrılması barədə məlumatı hər il dekabrın 1-dək Nazirlər Kabinetinə təqdim edir;

- dərslik fondlarının formalaşmasına, yeniləşdirilməsinə, ondan səmərəli istifadə olunmasına nəzarət edir;

- nəşr və yayım hüququ Təhsil Nazirliyinə məxsus olan məhdud tirajlı dərsliklərin çapını mövcud qaydalara uyğun olaraq təşkil edir;

- yeni dərsliklərdən səmərəli istifadə edilməsi məqsədilə müəllimlər üçün treninqlər keçirir;

Qeyd edək ki, dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri təhlil etmək, proqnozlaşdırmaq, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müzakirə etmək məqsədilə tədbirlər keçirmək də bu funksiyalara daxildir. Bu və ya digər dərsliyi eksperimentdən keçirmək üçün müvafiq qaydalara uyğun olaraq kitablar əvvəlcə az tirajla nəşr etdirilir.